Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası (AK) enerji xərclərinin azaldılması üzrə fəaliyyət planını təqdim edib. Musavat.com Komissiyanın açıqlamasına istinadən xəbər verir ki, planın icrası nəticəsində avropalıların 2040-cı ilə qədər 260 milyard avroya qənaət etməsi gözlənilir: "Bu gün Avropa Komissiyası enerji xərclərini azaltmaq, Enerji İttifaqını tamamlamaq, investisiya cəlb etmək və potensial enerji böhranlarına daha yaxşı hazırlaşmaq üçün qısamüddətli tədbirləri özündə əks etdirən fəaliyyət planı irəli sürür".
Açıqlamada həmçinin vurğulanır ki, "bu plan təkcə yüksək enerji xərcləri ilə üzləşən ev təsərrüfatlarına deyil, həm də yüksək istehsal xərcləri ilə mübarizə aparan sənayeyə rahatlıq gətirəcək": "2025-ci ildə təxmin edilən ümumi qənaət 45 milyard avro, 2030-cu ilə qədər tədricən illik 130 milyard avroya və 2040-cı ilə qədər 260 milyard avroya yüksələcək".
Sənəddə deyilir ki, yeni strategiya “Aİ-də enerji xərclərini artıran struktur problemləri, xüsusən də Avropanın idxal olunan qalıq yanacaqlardan asılılığı və elektrik enerjisi sisteminin tam inteqrasiyasının olmaması ilə bağlı tədbirlər təklif edir”: "Plan elektrik enerjisi bazarının strukturunda son islahatlara, külək, günəş və şəbəkə enerjisi üzrə sektoral layihələrə, həmçinin yenidən işlənmiş enerji və iqlim qanunvericiliyinə əsaslanır".
Avropa Komissiyası qeyd edir ki, “təmiz enerji və infrastruktura investisiyaların sürətləndirilməsi və qaz bazarlarında şəffaflığın və ədalətin təmin edilməsi ilə enerji daha əlverişli ola bilər”: "Bərpa olunan enerji mənbələri və enerji infrastrukturu üçün icazə müddətlərinin daha da azaldılması həm də elektrik enerjisi istehsalı xərclərini azaltmağa kömək edəcək. İstehlakçılar artıq Aİ-nin daxili enerji bazarından ildə təxminən 34 milyard avro əldə edirlər. Əlavə inteqrasiya bu faydaları 2030-cu ilə qədər ildə 40-43 milyard avroya qədər artıra bilər".
Qeyd edək ki, Avropa İttifaqının təbii qaz təchizatçılarından biri də Azərbaycandır. 2024-cü ildə Avropaya 12,9 milyard kubmetr qaz ixrac olunub. 2022-ci ildə Avropa Komissiyası ilə Bakı arasında imzalanmış memoranduma əsasən 2027-ci ilədək Azərbaycan Aİ-yə qaz ixracının həcmini ikiqat artırmalıdır. Bunun üçün qazı Avropaya daşıyan Cənub Qaz Dəhlizinin hər iki seqmentində - TANAP və TAP boru kəmərlərində genişləndirmə işləri həyata keçirilməlidir. Bu işlər böyük həcmdə investisiya qoyuluşu tələb edir. Belə qoyuluşlar üçünsə nəql olunacaq qazın alqı-satqısına dair uzunmüddətli müqavilələr imzalanmalıdır. Lakin Avropa Komissiyası üzv ölkələrin şirkətlərinə belə müqavilələrin imzalanmasını qadağan edib. Qazın spot bazarında qısamüddətli müqavilələr əsasında ticarəti tələb olunur. Eyni zamanda AK Avropa maliyyə qurumlarına qalıq yanacaq hasilatını nəzərdə tutan layihələrin icrasını maliyyələşdirməyi qadağan edib. Bu isə CDQ-nin genişləndirilməsi işlərinə başlanmasının qarşısını alır.
Aİ-nin bu qadağaları nəticəsində Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinə başlamaq mümkün olmur: investorlar maliyyələşmə üçün kredit əldə edə bilmirlər.
Prezident İlham Əliyev 2024-cü ilin iyulunda Şuşada keçirilən Beynəlxalq Media Forumunda Aİ-nin bu yanaşmasını kəskin tənqid edərək, CDQ-nin genişləndirilməsi işlərinin Azərbaycan tərəfindən maliyyələşdirilməyəcəyini açıqlayıb.
AK-nin yeni planından aydın olur ki, bundan sonra da bərpa olunan enerji istehsalına investisiyaları stimullaşdırmaq, qalıq yanacaq istehlakını azaltmaq, qaz bazarında şəffaflıq adı altında bu yanacaq növünün istehlakından daha sürətlə uzaqlaşmaq hədəflənir.
Musavat.com
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ