İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsselin 4-cü cəhdi - Bakının dəmir səbri, “quyruğu yanmış” Paşinyan

Azərbaycan və Türkiyə kimi daha 3 dövlət sözü bir yerə qoysaydı, çoxdan...

Azərbaycan və Ermənistan rəhbərləri arasında daha bir görüş planlaşdırılır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçən həftəsonu verdiyi anonsdan məlum oldu ki, görüş yeri yenə Brüssel olacaq. Mişel sayca 4-cü dəfə (14 dekabr 2021, 6 aprel və 22 may 2022-ci il) İlham Əliyevlə Nikol Paşinyanı bir araya gətirəcək.

Bəs nəticə? Yenə əvvəlki kimi nəticəsizlik olacaq, yoxsa? Əsas sual da elə budur. Əfsus ki, belə formatda nəticəsiz görüşlərin sayı artdıqca ümidlər də azalır. Eyni zamanda Avropa İttifaqının imici zərbə yeyə-yeyə gedir, onun moderatorluğuna etimad bir az da sarsılır. Budəfəki gözlənti nədir?

Hər halda, Bakının siyasi iradəsi aydın və ortada, dəmir təmkini və "dəmir yumruq" da öz yerində. “Top” isə yenə  ermənilərin meydanındadır. “Quyruğu yanmış siçan” kimi ora-bura qaçan Paşinyan, erməni toplumu, nəhayət, başına gələnlərdən ibrət götürəcəkmi? Təəssüf ki, İrəvan unikal, tarixi şansı hələ də doğru-dürüst dəyərləndirə bilmir. Bu isə qorxuludur. İlk növbədə də erməni tərəfi üçün. Çünki belə məsuliyyətsiz astagəllikdən barıt “qoxusu”, müharibə “iyi” gəlir. Bu xüsusda siyasi təhlilçilərin proqnozları diqqət çəkir.

*****

“Prezident İlham Əliyev və Azərbaycan Xarici İşlər Nazirliyinin sülh prosesinə başlamaq və ən qısa zamanda hərtərəfli sülh imzalamaq üçün çoxsaylı müdrik və diplomatik cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi bütün sülhsevər layihələri rədd edir və sülh istəmir”.

Azərbaycanda İsrail casusları yoxdur“ - Mixail Finkel

Mixail Finkel

“Yeni Müsavat”ın məlumatına görə, bunu israilli politoloq, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Mixail Finkel Axar.az-a deyib.

“Paşinyan başa düşürdü ki, sülh lazımdır, çünki yalnız bu, Ermənistana siyasi və iqtisadi böhrandan çıxmaq üçün böyük üstünlüklər verəcəkdi. Lakin sonra Ermənistanda arxasında müxalifətin dayandığı çoxsaylı etiraz aksiyaları keçirildi. Beləliklə, Paşinyan hakimiyyəti saxlamaq və narazı təbəqəni sakitləşdirmək qərarına gəldi. Bundan sonra Azərbaycanın işğaldan azad edilmiş Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü ehtiva edən sülh sazişinin imzalanması bir kənara qoyuldu. Paşinyan müsbət istiqamətdə addımlar atmadı, əksinə, o, sərhəddə təxribatlara başlamaq, qan tökmək və yenidən ordusunu səfərbər etmək, gənclərin beynini yuyub onları Azərbaycana qarşı qoymaq qərarına gəldi. İndi isə Qarabağda yeni müharibə edərək, bunun nəticələrini gözdən keçirmək niyyətindədir”, - ekspert bildirib.

M.Finkel hadisələrin gələcək inkişafı ilə bağlı da proqnoz verib: “Mən dəfələrlə demişəm ki, sülhə inanmıram. Həmçinin bunu da bildirmişəm ki, 1-ci Dünya müharibəsində uduzan Almaniya belə yenidən revanşizmlə məşğul olmağa başlamışdı və 2-ci Dünya müharibəsini edib təzədən uduzub. Beləliklə, revanşizm onların qanında həmişəlik qalıb. Təəssüf ki, mən haqlıyam, amma yanılmaq istərdim. Vəziyyət belədir ki, Ermənistan silahlar alıb yenidən münaqişə yaradıb müharibəyə başlamağa çalışacaq... İrəvan üçün indi xırda bir şey belə qələbə sayılacaq, kiçicik torpaq parçası onlar üçün qisasdır. Mən yeni və böyük bir müharibəni proqnoz edirəm, amma o, dərhal başlamaya da bilər. Ermənilər sülh istəməyən xalqdır. Bu, Ermənistanın ən böyük bədbəxtliyidir. Həmçinin Azərbaycanın da ən böyük bədbəxtliyi belə qonşusunun olmasıdır”.

*****

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Öz növbəsində Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, Rusiya, ABŞ və ya Avropa Birliyinin reaksiyaları boşuna olmamalıdır (Teleqraf.com). “Biz gözləyirik ki, beynəlxalq qurumlar, aparıcı dövlətlər Ermənistanı sülhə gəlməyə məcbur etsin. Nə üçün bunu daha çox Rusiyadan gözləyirik? Rusiyanın prosesdə məsuliyyəti var. Biz gözləyirik ki, Rusiya dərhal Ermənistanı öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa məcbur etsin”, - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasına beynəlxalq qurumların ciddi təkidi və nəzarəti altında həyata keçirilməsinə başlanılmalıdır: “Bu ölkələrin, eləcə də beynəlxalq qurumların məsuliyyəti var. Yəni bəyanatlar verirlərsə, bunlar boş söz yığını olmamalı, təcavüzkarı məsuliyyətə cəlb etməlidirlər. 30 il onlar bu prosesdə boş bəyanatlar verməklə keçiniblər. Nəticədə 100 minlərlə azərbaycanlı qaçqın olub, 10 minlərlə insanımızı - uşaqları və qadınları məhv ediblər. Bunu edənlər yenə təxribatlara əl atırlar”.

Asim Mollazadə bildirib ki, ABŞ tərəfləri dialoqa çağırması və narahat olması başa düşüləndir: “Ancaq onlar dərhal Ermənistanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağıran bəyanatlar verməlidir. ABŞ da, Rusiya da, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar da bu cür davranmalıdırlar”.

Deputat xəbərdarlıq edib: “Azərbaycanın ”dəmir yumruğu" yerindədir və özünü müdafiə etmək qabiliyyətindədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifələri Azərbaycan yerinə yetirdi. Üçtərəfli bəyannaməni də Azərbaycan sürətlə həyata keçirə bilər. Ermənistan və bu ölkənin arxasında duran, müdafiə etmək istəyən ölkələr də bunu bilməlidir. Bu, Azərbaycan xalqının iradəsinə arxalanan addımlardır".

*****

Məsələ də ondadır ki, Azərbaycan və Türkiyə kimi məsələyə aşağı-yuxarı təsir imkanları olan heç bir başqa dövlət - Rusiya, ABŞ, Fransa, yaxud Avropa Birliyi (AB) 44 günlük müharibədən sonra da birmənalı və sərt şəkildə “erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxmalıdır” bəyanatını verməyib. Halbuki bu, 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin birbaşa tələbidir (bənd 4). Özü də bu sənədin legitimliyini ABŞ və Fransa da, AB də tanıyıb...

Analitik xidmət,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR