Onlayn ictimai-siyasi qəzet
“Zelenskinin Avropa İttifaqı və NATO vasitəsilə Qərbə qoşulmaq ambisiyaları puça çıxdı. Prezident Tramp Avropanın müharibədən sonrakı təhlükəsizlik arxitekturasına, 80 ildir sülhü qoruyan NATO üzrə ölkənin öhdəliklərinə zərbə vurdu”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Britaniyanın “The Telegraph” nəşrinin məqaləsində deyilir.
Yazıda həmçinin bildirilir: “Ancaq bu, təkcə Ukraynaya aid deyil. Kiçik ölkələr də dəhşətli münaqişələrə tuş gələ bilər. Məsələn, Ermənistanın bilavasitə qonşusu Azərbaycan münaqişəyə 5 il əvvəl başlayıb. Müsəlman qonşu ən qədim xristian ölkəsini (?! - red.) məğlub edib. İki il əvvəl isə döyüşün son mərhələsində 120 mindən çox xristian öz tarixi vətənlərini tərk etmək məcburiyyətində qalıb. Dünya Azərbaycanın təcavüzünün (?! - red.) qarşısını almaq üçün heç nə etməyib. Bu da hamısı deyil. Hazırda Azərbaycan Ermənistandan silah və sursata təxminən 7 dəfə çox vəsait xərcləyir. Sonra nə olacaq? Sonra daha bir müharibə, bu dəfə Rusiyanın birbaşa iştirakı iləmi? Ermənistan yıxılacaq növbəti domino daşı ola bilər”.
Maraqlıdır ki, bu arada Britaniyanın başqa bir KİV-ində - BBC-də (rus redaksiyası) Bakıda məhkəməsi gedən Ruben Vardanyan haqda onu “təmizə” çıxaran növbəti material gedib.
Erməni yalanları Britaniya mediasına niyə rahat ayaq aça bilir? Bakının gərəkən tədbirləri nə olmalıdır?
Arzuxan Əlizadə
Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, bəzi xarici KİV-lərdə zaman-zaman Azərbaycanla bağlı şər-böhtan xarakterli yazıların dərc olunması təəssüf doğurur: “Britaniyanın bəzi nəşrlərində Azərbaycanla bağlı bu tip yazıların Britaniya hökuməti ilə, ümumilikdə Britaniyanın mövqeyi ilə üst-üstə düşmədiyini düşünürəm. Çünki Böyük Britaniya Azərbaycana Fransa, Hollandiya kimi ölkələrdən fərqli olaraq dost münasibəti sərgiləyib. Yaddan çıxarmırıq ki, İkinci Qarabağ müharibəsinin gedişində bir sıra Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasına müraciət edib Azərbaycana qarşı addımlar atılmasına çalışırdılar. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniya bu məsələdə Azərbaycanın yanında oldu. Bu isə təbii ki, Azərbaycanın mövqelərini gücləndirdi. Bu baxımdan hazırda bir neçə Britaniya nəşrində Azərbaycana qarşı yazılar verilməsini ayrı-ayrı erməni lobbisinin və onların havadarlarının işi sayıram”.
Deputatın sözlərinə görə, eyni zamanda məlumdur ki, Ruben Vardanyan zamanında çox böyük maliyyəyə sahib olan biznes adamı olub və Avropada da bir sıra dairələrlə əlaqələrə, işbirliyinə malik idi. Ona görə də Vardanyanın pullarının hesabına Azərbaycana qarşı yazılar yazılır, Vardanyanın azad edilməsi tələbi kimi məsələlər qaldırılır: “Məqsəd Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Bu tipli yazıların, böhtanların qarşısını almaq isə Azərbaycan dövlətinin müvafiq qurumlarının, bizim vəzifə borcumuzdur. Diplomatik qurumlarımız, diaspora təşkilatlarımız Britaniya daxil, Avropa ölkələrində fəal olmalıdır, lazımi işləri aparmalıdır, Azərbaycan həqiqətlərinin çatdırılmasında fəallıq nümayiş etdirilməlidir, nəşrlərdə reallığı əks etdirən yazıların verilməsi üçün addımlar atmalıdır. İnformasiya savaşında kim daha fəal olursa, kim daha çox resurslardan istifadə etmək bacarığını nümayiş etdirirsə, o da öz mövqeyini geniş ictimaiyyətə çatdırmış olur”.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov deyib ki, Böyük Britaniya ənənəvi olaraq Azərbaycanın strateji tərəfdaşı, enerji sahəsində əsas partnyoru hesab olunur: "Britaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini müdafiə eləyən, dayanıqlı şəkildə dəstək verən dövlət kimi özünü göstərib. Lakin son dövrlər bəzi xoşagəlməz yazılara rast gəlirik. Burada BBC başda olmaqla, digər bir neçə media orqanları fəal rol oynayır. Bunun arxasında erməni lobbisinin, ermənilərə yaxın şəxslərin, təşkilatların fəaliyyəti dura bilər. Amma yaxşı bilirik ki, Böyük Britaniyanın dövlət propoqandasında media kifayət qədər güclü təsirə malikdir və dövlət nəzarətinə də daxil edilib. O baxımdan ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı fikirləri özündə birləşdirən o cür yazılar yolverilməzdir. Bununla bağlı rəsmi Bakı Böyük Britaniya qarşısında suallar qaldıra bilər. Çünki bu cür yazılar artıq sistematik xarakter alır. Yəni bu, hansısa müəllifin subyektiv mövqeyi, hansısa media orqanının ölkəmiz əleyhinə qərəzli münasibəti kimi izah edilə bilməz. Burada Rusiya-Ukrayna müharibəsinin nizamlanması dövründə kifayət qədər ciddi eyhamlar vurulur və birbaşa olaraq Avropanın siyasi elitası, ABŞ hakimiyyəti hədəf auditoriyası seçilir. Qeyd olunur ki, Rusiyanın əli ilə Azərbaycan Ermənistana hücum edə bilər. Eyni zamanda yazıda qəsdən din faktoru qabardılır, xristian təəssübkeşliyi üzərində qurulmuş məqalədir. Bu, sifarişli yazıdır və eyni zamanda diqqətləri Cənubi Qafqaza yönəltmək məqsədi güdülür. Qeyri-konstruktiv, reallıqlardan uzaq, Azərbaycana qara yaxmaq məqsədli yazılmış yazıdır. Təbii ki, bu cür yazılar Azərbaycanda narazılıqla qarşılanır”.
Etbar SEYİDAĞA,
“Yeni Müsavat”
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ