İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Gülnarə Kərimovanın 20 milyon funt sterlinqlik əmlakını müsadirə edib

Britaniya hakimiyyəti Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın iki mənzilini və bir malikanəsini müsadirə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mülk 20 milyon funt sterlinqdən çox qiymətləndirilir.

Gazeta.uz yazır ki, söhbət Londonun prestijli Belqraviya rayonunda yerləşən iki mənzildən və Surreydəki malikanədən gedir.

SFO-nun (Ciddi Fraud Office) məlumatına görə, Gülnarə Kərimova və ailəsi bu mülkü Özbəkistandakı korrupsiya fəaliyyətindən əldə edilən gəlirlə alıb.

SFO iddia edir ki, Kərimova 2004-2012-ci illər arasında telekommunikasiya şirkətlərindən Özbəkistanda bazara çıxış əldə etmələrinə kömək etmək müqabilində yüz milyonlarla dollar rüşvət alıb.

SFO 2018-ci ilin oktyabrında Kərimovanın Britaniyadakı aktivlərinə, o cümlədən üç mülkə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Agentliyin xəbərinə görə, Böyük Britaniyanın Ali Məhkəməsi avqustun 8-də bu iddianı təmin edib.

Özbəkistanın birinci prezidentinin qızı 2019-cu ilin yazından 21 saylı koloniyada cəza çəkir. 2020-ci ilin martında Ali Məhkəmə onun cinayətkar qrup yaratmaq, dələduzluq, mənimsəmə və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Gülnarə Kərimovanın İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərinin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir. Özbəkistan hökuməti onların bir qismini geri qaytarmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR