Onlayn ictimai-siyasi qəzet
Elliott Management heyc fondu Britaniyanın BP-nin səhmlərini alıb. Fond dəyərini artırmaq üçün şirkətdə ciddi dəyişikliklərə təkan vermək niyyətindədir. Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən “The Wall Street Journal” yayıb.
Təxminən 70 milyard dollarlıq aktivləri idarə edən Elliott Uoll Street-in ən nüfuzlu investorlarından biridir. Heyc fondu şirkətlərin dəyərini artırmaq üçün idarəedici heyəti rəhbərlikdən uzaqlaşdırmağa, əməliyyatları bölməyə və aktivləri çıxarmağa üstünlük fəal investor kimi tanınır.
WSJ qeyd edir ki, BP-də Elliott-un hansı paya sahib olduğu hələlik məlum deyil. Mənbələr bildiriblər ki, investor şirkəti öz mövqeyini bərpa etmək üçün indiyədək atdığı addımlardan daha radikal addımlar atmağa çağırır.
WSJ yazır ki, BP-nin səhmlərinin artım dinamikası daha böyük həmkarlarından geri qalır və bu, bir çox investorları şirkətin yeni strategiyaya olan ehtiyacını fərdi qaydada müzakirə etməyə sövq edir. BP hazırda 67,9 milyard funt-sterlinq (84,2 milyard dollar) dəyərində qiymətləndirilir ki, bu da Shell Plc-in bazar dəyərinin yarısından, Exxon Mobil Corp-un isə beşdə birindən azdır.
Qeyd edək ki, ötən ildən BP bir sıra ərazilərdəki aktivlərini satıb və ya satmaqdadır. Şirkət rəhbərliyinin açıqlamalarına görə, Azərbaycanın Xəzər dənizi sektorundakı fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. Analitiklər bunu sektordakı aktivlərin yüksək gəlirliliyi ilə izah edirlər.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ