İnsanlara hürriyət, millətlərə istiqlal!

“Böyük Manipulyator” Azərbaycan dilində : “Onun üzündə şeytan təbəssümü var”  

 

Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator - Emmanuel Makron və onun gizli şəbəkələri” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşri işıq üzü görüb.  

 2019-cu ildə fransız dilində  çap edilən edilən kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir. Həmçinin E. Makronun prezident seçilməsi üçün insanları necə manipulyasiya etməsi haqqında faktlara əsaslanan real hadisələr əks olunur.

Qeyd edək ki, kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Mark Endeveldin müəllifi olduğu "Böyük Manipulyator" kitabından kiçik bir bölməni təqdim edirik:

Şeytanın təbəssümü

Rotşild bankında işləyəndə, Emmanuel Makron Əlcəzair Mərkəzi Bankının keçmiş direktoru Abderrahman Hacı-Nacerlə tanış olmuşdu. Keçmiş bank direktoru bu cavan oğlanı ilk dəfə ortaq bir dostu ilə nahar zamanı görmüşdü. Yeməkdən sonra Əlcəzairli iqtisadçı Fransanın gələcək prezidenti haqqında belə bir ifadə işlətmişdi. “Onun üzündə şeytan təbəssümü var!”

Bu təbəssümün arxasında ideal kürəkən obrazı bağışlayan Emmanuel Makron onun düşmənlərinin o qədər də fərqinə varmadığı bir sərtlik və zalımlıq gizlədir. 2017-ci ilin mart ayında, prezident seçkiləri kampaniyasının qızğın çağında Manuel Vallsın ona qarşı ikiüzlülük etdiyini başa düşən gələcək prezident, yaxın dostlarından birinə demişdi: “Hiss olunur ki, o, məni başa düşmür. Eybi yox, indi biz ona, real döyüş sursatı ilə hücum edərik”.

Fransua Hollandın “mülayim və ürəyiyumşaq Emmanuel” adlandırdığı bu adam – düzdür, bəzən tabeliyində olan qeyri-rəsmi məsləhətçilərindən hansınasa bir qutu şokolad hədiyyə edə bilər – əslində, kinli, başqalarına yuxarıdan aşağı baxan, həyasız, verdiyi salamı da məqsədlə verən bir adamdır. Makron prezident seçiləndən sonra onun əsl təbiəti haqqında danışanların sayı az da olsa, artıb. Düzdür, onlar prezidentin necə xarakterli bir adam olduğunu nə kamera qarşısında, nə də mikrofon önündə açıqlamırlar. Ancaq öz çevrələrində, yaxın dostlarının yanında etiraf edirlər ki, Makron özünü insanlara şirin satır, onlardan istifadə edir, sonra da əlini sildiyi kağız dəsmal kimi onları kənara atır. “Makron ona kölgə salan adamları – istər, dostu olsun, istərsə də, düşməni – tapdalayıb əzir”, – deyə onun keçmiş həmkarlarından biri etiraf edir.

 “Makron kimisə irəli çəkməkdə, kimisə səhnəyə çıxarmaqda əla mütəxəssisdir. Lakin sonra irəli çəkdiyi, səhnəyə çıxartdığı adamın başına bir güllə vurub onu məhv edir”, – deyə onun başqa bir keçmiş həmkarı təşviş içərisində pıçıldayır.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR