İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Qafqazda fəallaşır: açar ölkənin adı...

Londonun Bakı ilə münasibətlərinin daha da dərinləşməsinə rəqiblərin reaksiyası maraq doğurur

Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti noyabrın 20-dən Cənubi Qafqazdadır və səfərin əsas məqsədi açıqlanıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda tanış olmaq mümkündür.

Qeyd olunub ki, Böyük Britaniyanın Avropa üzrə naziri Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı Böyük Britaniyanın suverenlik və təhlükəsizliyə sarsılmaz dəstəyini vurğulayacaq. Bundan başqa, nazir Dokerti sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac olduğunu qeyd edəcək. O, bu il regiona sayca üçüncü səfərində Ermənistan və Gürcüstanın demokratik islahatlar gündəmlərini də müzakirə edəcək və Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə kömək etməkdə Böyük Britaniyanın təcrübəsini təbliğ edəcək. “Rusiyanın cənub sərhədində yerləşən region münaqişənin təsirlərindən qurtulduqca, azadlıq və müstəqillik üçün demokratiyanı dəstəkləmək və islahat gündəmlərini davam etdirməyə cəhd etdiyi üçün kənar müdaxilələrə qarşı həssas olaraq qalır. Bu ilin əvvəlində hər üç ölkə ilə rəsmi Strateji Dialoqlara əsaslanaraq, nazir Dokerti iqtisadiyyatları şaxələndirmək və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün Böyük Britaniyanın artan ticarət və təhlükəsizlik əməkdaşlığı təklifini genişləndirəcək”.

Yada salaq ki, bu ilin yayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfər edərək Xəzər Bağlantı Konfransına qatılıb və Avropa üzrə dövlət katibi Leo Dokerti ilə müzakirələr aparıb. Böyük Britaniya üçün Cənubi Qafqazda Azərbaycanın məxsusi çəkisi var, çünki Azərbaycanın regional geosiyasi alətləri Londona daha uzunmüddətli əməkdaşlıq qurması üçün yaxşı fürsətlər tanıyır. Məlumdur ki, Böyük Britaniya regional tərəfdaşları həssaslıqla seçir, onları özünün qlobal nüfuzuna potensial zərərlərin qarşısını almaqda vasitə kimi qiymətləndirir. Azərbaycan isə regional oyunçu olmaq istiqamətində irəliləyir və London Bakının xarici siyasətindəki hərəkətliliyi, müdafiə qüdrətinin gücləndirilməsini diqqətlə izləyir. Qısası, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Cənubi Qafqaz üzrə maraqlarını təmin etmək üçün Azərbaycanla əməkdaşlığa daha ciddi önəm verir. Lakin ekspertlərə görə, regionda digər maraqlı qüvvələrin -  Britaniyanın aşkar və gizli rəqiblərinin Londonun Bakı ilə münasibətlərinin daha da dərinləşməsinə reaksiyası maraq doğurur.

Ekspertlərə görə, Cənubi Qafqazda Böyük Britaniyanın maraqları həm də İran və Rusiya faktoru ilə bağlıdır. Belə ki, İngiltərə bütün imkanları ilə Rusiyanın və İranın regiona təsir imkanlarının azalması istiqamətində aktiv fəaliyyət göstərir. Digər vacib maraq isə Mərkəzi Asiya regionuna Xəzər dənizi vasitəsilə əldə olunan çıxışları təhlükəsizlik zolağına çevirmək və Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunu, yaşıl enerjiyə keçidində oynadığı rolu BP şirkətinin nəhəng maraqları kontekstində inkişaf etdirməkdən ibarətdir. Bütün sadalanan maraqların təmin edilməsi üçün isə Böyük Britaniyaya regionda sülh lazımdır. Odur ki, bu ölkənin Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması və sülh sazişinin bağlanması istiqamətində birbaşa olmasa da müəyyən mənada iştirak etmək istəməsi tamamilə normal qəbul oluna bilər. Bəs təhlilçilər bu gedişatı necə dəyərləndirir? İngilis nazirin regiona səfəri nələr vəd edir?

“Yeni Müsavat”ın sualını cavablandıran professor Qabil Hüseynlinin sözlərinə görə, Dokertin səfəri strateji xarakter daşıyır. Onun fikrincə, Qərb Cənubi Qafqaza və Orta Asiyaya yayılmaqdan ibarət olan siyasətini gücləndirir. Q.Hüseynlinin hesablamalarına görə, Rusiyanı hər iki bölgədən qovub çıxarmaq məqsədi güdən bu addımlar sürətlənəcək. “Britaniya Gürcüstanı və Ermənistanı Qərbə inteqrasiya yoluna istiqamətləndirib, Azərbaycan onsuz da İngiltərə ilə yaxşı əlaqələr qurub, çoxdan enerji sahəsində inteqrasiya var. Belə görünür ki, kollektiv Qərb Cənubi Qafqaz və Orta Asiya uğrunda açıq mübarizəyə girişib”. Professorun fikrincə, bu rəqabət getdikcə dərinləşəcək və Qərbin Rusiyanın nüfuz zonalarına daxil olmaq cəhdləri ciddi proseslərlə nəticələnəcək. Q.Hüseynli Ukraynada müharibənin uzandığı bir vaxtda Rusiyanın resurslarının tükəndirilməsi və postsovet məkanında taqətdən salınması işi aparılır. Politoloqun fikrincə, bu qarşıdurmaya həm də resursların tükəndirilməsi savaşı kimi baxmaq lazımdır.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

Siyasi icmalçı Ramiyə Məmmədova isə ingilis siyasətinin hər zaman konfidensial olduğunu düşünür: “İngilislər sirlərini və planlarını açmırlar. Onların strategiyası yaxınmənzilli olmur. Britaniya uzaqgedən nəticələr əldə etmək üçün müxtəlif kombinasiyalı gedişlər qurur. Buna şahmat taxtasındakı oyun kimi də baxmaq olar. O baxımdan, İngiltərə nazirini Qafqaza göndəribsə, qarşıdakı planların sürətləndirilməsi nəzərdə tutulur. Bu planın hədəfi Rusiyanın dişlərini çəkmək və ətrafına təsir imkanlarını zəiflətməkdir”.

Ekspert Britaniyanın regiondakı siyasətini Azərbaycansız təsəvvür etmir: “Unutmayaq ki, 44 günlük müharibə ilə bağlı BMT Təhlükəsizlik Şurasında Britaniyanın mühüm mövqeyi oldu. İngiltərə bölgədə sülh və enerji maraqlarının təmini üçün stabillik tərəfdarıdır. Mən düşünürəm ki, hətta Azərbaycanla Ermənistan arasında sülh danışıqları London platformasında aparılsın. Bu işdə bölgəyə səfər etmiş nazir vasitəçi ola bilər. Onsuz da sülh danışıqlarının və görüş yerinin razılaşdırılması ilə bağlı mürəkkəb vəziyyət yaranıb. Azərbaycan Brüssel və Vaşinqton masasından imtina edib, Ermənistan da Rusiyanın moderatorluğuna qarşıdır, belə də həm Bakı, həm İrəvan üçün London münasibdir. Üstəlik, bu dövlətin hər iki tərəfə münasibəti yaxşıdır, Fransa kimi vasitəçilik balansını da pozmaz”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR