Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ilk Cümhuriyyətinin devrilməsində rolu olan şəxslərin adlarının bu və ya digər formada Azərbaycanda həm küçə adlarında, həm də başqa müəssisələrdə saxlanması hallarına hələ də rast gəlinir.
Məsələn, Bakının bir sıra küçələrinin adları hələ də Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun, Ayna Sultanovanın, Ruhulla Axundovun, Mirzə Davud Hüseynovun, Bünyad Sərdarovun, Dadaş Bünyadzadənin adını daşıyır. Şəhərin mərkəzində bir çox köhnə binalarda onların barelyeflərinə belə rast gəlmək mümkündür.
Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, Məşədi Əzizbəyov əksəriyyətinin ermənilər olduğu Şaumyanın rəhbərliyi etdiyi Bakı Xalq Komissarları Sovetinin 26 üzvündən biri olub.
Əliheydər Qarayev Cümhuriyyət dövründə Azərbaycan parlamentinin üzvü olub. Azərbaycan dövlətçiliyinin əksinə çıxışlar etməklə kifayətlənməyib, 11-ci Qırmızı Ordunun Azərbaycana müdaxilə etməsində və Cümhuriyyətin süqutunda birbaşa əli olub.
Bünyad Sərdarov isə inqilabçı, bolşevik olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Daxili işlər, Xalq komissarlığında təmsil olunub. Yuxarıda adını çəkdiyimiz şəxslərin hər biri bu və ya digər dərəcədə Azərbaycan müstəqilliyinin əleyhinə olub.
Azərbaycan tarixinin ən qaranlıq səhifələrini yazmış bu şəxslərin adlarının əbədiləşdirilməsi mütləqdirmi?
Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Musavat.com-a deyib ki, adları çəkilən bolşeviklərin vaxtilə milli hökumətin devrilməsində birbaşa rolu olub:
“Onların adlarına küçə və barelyeflərin saxlanılması doğru deyil. Bu məsələ zamanla cəmiyyət tərəfindən qaldırılır, çox təəssüf ki, hələ də həllini tapmayıb. Ən pisi isə odur ki, tarixi qorumaq adı altında belə şəxslərin adı paytaxtın müxtəlif küçələrində saxlanılır. Onlar hansı işləri görüblər ki, adlarını bu gün əbədiləşdirək. Şəhərin mərkəzində Bünyad Sərdarovun adına küçə var. Ən böyük dərd isə odur ki, İstiqlaliyyət küçəsində, Cümhuriyyətin parlamentinin yerləşdiyi bina ilə üzbəüz bir neçə bolşevikin hələ də xatirə lövhələri qalır. Onlar Azərbaycan Xalq Cümhuriyyətini yıxan və Azərbaycanda sovet rejimini quran adamlardır. Bu, tariximizə hörmətsizlikdir. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin heykəli yoxdur, lakin bu cür barelyeflər hələ də qalıb. İran səfirliyinin yanındakı binada Ayna Sultanovla, Həmid Sultanovun barelyefi var. Bu cür təqdimatların, barelyeflərin olması düzgün deyil”.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyir ki, bolşeviklərin adını daşıyan küçələrə Azərbaycan xalqına xidmət etmiş, həyatını bu yolda qurban vermiş, şəhid olmuş adamların adları verilsin:
“Azərbaycan tarixində elə sərkərdələr olub ki, onların adına heç bir küçə yoxdur. Azərbaycan tarixində mənfi rol oynamış adamların adlarına isə küçə var. Bunlar tamamı ilə dəyişdirilməlidir. Burada bir məqamı da vurğulamaq istərdim. Nəriman Nərimanovla bağlı da fikirlər səsləndirirlər, deyirlər ki, o da bolşevik olub, metro stansiyasından adı çıxarılmalıdır və s. Mən bununla razı deyiləm. Nəriman Nərimanov Azərbaycanın böyük, dahi şəxsiyyətidir. O, bolşevizmə inanmışdı, hesab edirdi ki, bu quruluş Azərbaycana xoşbəxtlik gətirəcək. Sonda səhvini başa düşdü, buna görə də onu zəhərlədilər. N. Nərimanov öz canını Azərbaycan üçün fəda edən şəxslərdən biridir. Onu digər bolşeviklərlə bir tutmaq olmaz. N. Nərimanov Zəngəzurun Azərbaycanda qalması üçün nə qədər mübarizə aparıb. Hətta onun heykəlinin qarşısında binaların tikilməsinin də əleyhinəyəm. Onun heykəli əzəməti ilə hər yerdən görünməli idi. Azərbaycan tarixində onun yeri danılmazdır”.
Tarix elmləri doktoru, professor Boran Əziz bildirib ki, bütün işğalçı dövlətlər, o cümlədən bolşevik Rusiyası Azərbaycanda müstəmləkə siyasətini 3 istiqamətdə: siyasi, iqtisadi və mənəvi sahədə həyata keçirib:
“Bizim soyadlarımızı və yerlərimizin adlarını dəyişdirirdilər. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra 5 minə qədər yer adını dəyişmişdi. Cümhuriyyət hökuməti həmin yerlərin adlarını dəyişdirmək üçün ilk addımlar atdı, lakin ömrü qısa olduğu üçün bunu sona çatdıra bilmədi.
Azərbaycanda sovet işğalını gücləndirənlərin, əhalinin manqurtlaşması üçün əlindən gələni edənlərin adlarını küçələrdə saxlamaq olmaz.
Nəriman Nərimanovun da heykəli zamanı gələndə götürüləcək. Bolşevizm siyasətinə yardımçı olan digərlərinin də adı tarixdən silinəcək. Həmin küçələrə istər çar, istərsə də bolşevik Rusiyasına qarşı mübarizədə həlak olmuş, mübarizənin bütün maddi-mənəvi sıxıntılarına dözərək, var-dövlət üçün çalışmayan adamların adları verilsin. Məsələn, Əmin Abid Gültəkinin, Hüseyn Baykaranın adına verilsə, çox gözəl olar”.
Şahanə Rəhimli
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ