Onlayn ictimai-siyasi qəzet
Bolqarıstan Azərbaycandan yaşıl enerjini Avropaya çatdıracaq Qara Dəniz Enerji kabel layihəsini həyata keçirəcək birgə müəssisədə (Qara Dəniz Enerjisi) pay almağı planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı Bolqarıstanın Energetika Nazirliyi yayıb.
Qara Dəniz Enerji Kabel layihəsini Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın enerji operatorları tərəfindən yaradılan birgə müəssisə icra edir.
Bolqarıstanın energetika naziriCeço Stankov bildirib ki, “inkişaf etmiş enerji ötürmə sistemi, qonşu ölkələrlə əlaqələr və enerji saxlama infrastrukturu sayəsində Bolqarıstan Xəzər Dənizi-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin inkişafında əsas rol oynaya bilər”: “Bolqarıstan bu təşəbbüsü əvvəldən dəstəkləyib və layihəyə qoşulma prosesinə başlayır. Bolqarıstanın Energy Holding EAD şirkəti əvvəlcə layihənin texniki-iqtisadi əsaslandırılması üzrə korporativ müzakirələrə qoşulacaq və sonda GECO Power Company birgə müəssisəsində pay alacaq".
Nazirin sözlərinə görə, bu təşəbbüs Cənub-Şərqi Avropaya yaşıl enerji ticarəti, bərpa olunan enerji sektorunun inkişafı və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün geniş imkanlardan faydalanmağa imkan verəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sosial şəbəkədə verdiyi məlumata görə, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Qara Dəniz Enerji Kabel layihəsinə PMI (Qarşılıqlı Maraq Layihəsi) statusunun verilməsi xahişi ilə məktub göndərib.
Onun sözlərinə görə, martın 10-da Budapeştdə "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə rəhbər komitənin 10-cu iclası "mühüm nəticələr verib", Aİ-nin enerji üzrə komissarına birgə məktub imzalanıb, "layihənin Aİ-nin 10 illik şəbəkə inkişafı planına daxil edilməsi üçün addımlar razılaşdırılıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qara Dəniz Enerjisi sualtı elektrik kabelinin tikintisi üzrə strateji tərəfdaşlıq sazişi imzalayıblar. 2023-cü ildə Bolqarıstanın layihəyə qoşulmaq niyyəti açıqlanıb. Həmin il Bolqarıstan Nazirlər Şurası Bolqarıstanın Enerji Holdinq EAD tərəfindən layihənin həyata keçirilməsi üçün birgə müəssisədə iştirak payının alınmasını təsdiqlədi.
2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları - “Azərenerji” SC, Transelektrica SA, Gürcüstan Dövlət Elektrik Sistemi və MVM arasında birgə müəssisənin yaradılması haqqında memorandum, sentyabrda isə “Yaşıl Enerji Dəhlizi” (GECO) birgə müəssisəsinin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.
İlkin mərhələdə kabel 4 QVt “yaşıl” enerjinin ixracı üçün nəzərdə tutulacaq. Tikinti 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ