İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgələrin inkişafı üçün nə kimi işlər görülməlidir?

İqtisadçı: “Kiçik sahibkar ailələrin, xüsusən də qadınların və gənclərin cəlb olunduğu təsərrüfat sahələri qurulmalıdır”

Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülsə də, bəzi çatışmazlıqlar qalmaqdadır. Bölgələrin inkişafı üçün nə kimi işlər görülməlidir?

İqtisadçı-alim Vüsalə Əhmədova dedi ki, bölgələr arasında sosial-iqtisadi struktur, işçi qüvvəsi, təhsil səviyyəsi, infrastruktur, iqlim və digər amillərlə bağlı fərqlər mövcuddur:

“Bölgələrin sosial-iqtisadi inkişafı zamanı bu fərqlər nəzərə alınmalıdır. Ölkəmizdə əhalinin təxminən 45%-nin kəndlərdə məskunlaşdığını nəzərə alsaq, əkinçilik üçün əlverişli ərazilərimizdə kənd təsərrüfatı sektoru mütləq şəkildə inkişaf etdirilməlidir. Kənd təsərrüfatı istər bütövlükdə ölkənin, istərsə də bölgələrin inkişafında iqtisadiyyatın lokomativi rolunu oynayır. Hazırda kəndlərin rəqəmsal transformasiya yolu ilə davamlı inkişafına nail olmaq bütün dünyada əsas diqqət mərkəzindədir. Hərtərəfli rəqəmsal transformasiya kəndlərimizin inkişafına əhəmiyyətli dərəcədə təkan verə bilər və kənddən şəhərə köçün və yoxsulluğun qarşısını ala bilər. Kiçik sahibkar ailələrin, xüsusən də qadınların və gənclərin cəlb olunduğu təsərrüfat sahələrinin qurulması da prioritet olmalıdır”.

Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya  ilə üz-üzə

Ekspert əlavə edib ki, pandemiya dönəmində bütün dünyada qida tədarük zəncirində qırılmalar baş verdi: “Hazırda dünya ölkələrinin əksəriyyəti ərzaq təhlükəsizliyi baxımından böhran səviyyəsindədir. Belə olan şəraitdə sual yaranır: Azərbaycan xaricdən idxal edilən bütün malları yüzdə yüz ölkə daxilində istehsal edə bilərmi? İdxal olunan məhsulların hər birinin olmasa da, əksəriyyətinin ölkə daxilində istehsal edilməsi deyərdim ki, mümkündür. İdxal əvəzləyici istehsal xarici kəsiri azaltmaqla birgə, valyutaya qənaəti də təmin edir. İlkin mərhələdə ət, süd və süd məhsulları, meyvə-tərəvəz, çay, buğda, düyü, bitki yağları, tütün kimi mallarla özünü təmin etmə səviyyəsinə çatmaq lazımdır. Hər hansı bir emal müəssisəsi qurulacaqsa, mütləq şəkildə bölgələrdə qurulmalıdır. Belə bir anlayış var ingiliscədə: "new regionalism", yəni ortaq etnik, mədəni, tarixi xüsusiyyətlərə malik rayonların vahid bölgə təşkil edərək güc mərkəzinə çevrilməsi. Hələ sovet dövründə Yuxarı Qarabağ iqtisadi rayonunun kənd təsərrüfatının əsasını üzümçülük təşkil edirdi. Düşünürəm ki, hazırda bu bölgədə şərabçılığı yeni texnologiyalar və know-how ilə birləşdirərək inkişaf etdirmək olar. Məsələn, Uzege-Pont-du-Gard (cənubi Fransa), Cote-des-Bar, Şampan (şimal-şərqi Fransa), Tinutul-Vinului (Rumınya) kimi dünyanın ən məşhur şərabçılıq bölgələri ilə birgə “smart village” layihələri həyata keçirilə bilər. Qeyd etdiyim bölgələrin iqtisadiyyatı məhz şərabçılıq üzərində qurulub. Təcrübə mübadiləsi və innovasiyaların təşviqi ilə Yuxarı Qarabağ bölgəsində də keyfiyyətli şərabçılığı inkişaf etdirmək mümkündür. Məsələn, Türkiyədə Ege bölgəsindəki kəndlərdə əksər ailələrin həyətlərində kiçik zeytun yağı emalatxanaları görməniz mümkündür. İstehsal etdikləri məhsulları həm özləri istehlak edirlər, həm də satışını həyata keçirirlər. Zeytunun qalıqlarından isə bioenerji əldə edilir, o cümlədən təmizlik vasitələri - sabun və s. istehsal olunur".

Son dövrlərdə dünyada, əsasən də inkişaf etmiş ölkələrdə aqroturizm, ekoturizm, “soft” turizm kimi alternativ turizm növlərinə maraq getdikcə artmaqdadır. Bütün dünyanın sürətlə şəhərləşdiyi və sənayeləşdiyi bir vaxtda insanın təbiətlə təması paralel olaraq zəifləməkdədir. Aqroturizm bir növ insanları şəhərin stresindən uzaqlaşdıraraq təbiətə qovuşmalarını təmin edir. Aqroturizm - turizmlə kənd təsərrüfatının birləşdirilmiş konsepti kimi də qəbul edilə bilər, bir tərəfdən ziyarətçiləri əyləndirmək, eyni zamanda digər tərəfdən də maarifləndirmək, ferma və ya kənd təsərrüfatı işlərinə cəlb etmək, kənd təsərrüfatı istehsalı və emalı müəssisələrinə ekskursiyalar təşkil etmək və s. Dünyada bu turizm növünün “farm tourism”, “village tourism”, “highland tourism”, “agro-tourism”, “ecotourism” kimi fərqli adlarla adlandırılması məhz əhatə dairəsinin geniş olmasından xəbər verir. Məsələn, ABŞ əhalisinin 70%-i aqroturizmdən faydalanır, hollandiyali turistlərin 39%-i turistik məkan olaraq kənd yerlərini daha çox tərcih edirlər, İngiltərə əhalisinin ildə ən azı bir dəfə kəndləri ziyarət edir. Məsələn, ABŞ-da balqabaq və ya qarğıdalı yığımı, maldarlıq fermalarında yemləmə və ya əkin proseslərində iştirak, yeni ilə hazırlıq zamanı şam ağaclarının kəsimi prosesinə qoşulma, kənd sakinləri ilə görüşlər, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını ziyarət, kənd təsərrüfatı muzeylərinə və ya şərabçılıq müəssisələrinə ekskursiyalar, istehsal olunan məhsulların dequstasiyası, meyvə bağlarına turlar kimi aqroturizm xidmətləri təklif olunur".

Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR