İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgələrdə həkim çatışmazlığının səbəbləri və “nə etməli” sualı

Musa Quliyev: “Bu problemin həlli üçün yenidən Amerika ”kəşf" etməyə ehtiyac yoxdur"

Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verir ki, indi müayinə üçün Bakıya gəlməyə ehtiyac qalmır. Amma bölgələrdə ixtisaslaşmış həkimlərin çatışmazlığı hələ də mövcuddur.

TƏBİB-dən hələ yay mövsümünün əvvəlində verilən statistikada bildirilirdi ki, respublikanın bir çox bölgələrində travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də bir müddət əvvəl bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində müvafiq addımlar atıldığını deyib. Onun sözlərinə görə, xaricdə təhsil almış 66 tibb işçisi dövlət xəstəxanalarında yerləşdirilib. Onlardan 42-si cərrahi, 24 terapevtik sahə üzrə ixtisaslaşıblar.

Amma rayon xəstəxanaları bəzi sahələrdə həkimlərin olmamasından hələ də əziyyət çəkir. Tibb müəssisələrindəki kadr çatışmazlığının əsas səbəbi kimi maddi-məişət qayğıları göstərilir. Bunun üçün də həkimləri bölgələrdə işləməyə cəlb etmək üçün təşviqedici addımlar atılmalıdır.

Problemi həll etmək üçün hətta həkimlərin məcburi xidmətə göndərilməsi də təklif edilir. Təklifə görə, rezidenturaya qəbul olunan hər bir şəxslə müqavilə bağlanmalıdır ki, təhsilindən sonra 1, 2 və ya 3 il rayonlardan birində işləsin.

Bəs bölgələrdə həkim çatışmazlığının səbəbləri nədir,  həkimlər bölgələrdə işləməkdən niyə imtina edir? Problemin həlli üçün nə etməli? 

Millət vəkili Musa Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bölgələrdə həkim çatışmazlığı ilə bağlı problem təkcə Azərbaycanda deyil, inkişaf etmiş ölkələrin əksəriyyətində mövcuddur: “Bu problemin həlli üçün yenidən Amerika "kəşf" etməyə ehtiyac yoxdur, hazır reseptlər, hazır təcrübələr var.

Musa Quliyev 70 yaş məsələsinə aydınlıq gətirdi: Fikirlərim təhrif olunub

 Musa Quliyev

Birinci variant bu ola bilər ki, Azərbaycan Tibb Universitetinə tələbə qəbul olunanda onunla müqavilə bağlansın ki, dövlət vəsaiti hesabına oxuduğu üçün universiteti bitirdikdən sonra il yarım və yaxud 2-3 il müqavilə əsasında məcburi xidmət göstərməlidir. Bu proses püşk vasitəsilə də ola bilər ki, kim hara düşə bilər və yaxud müqavilədə göstərilə bilər ki, universiteti bitirdikdən sonra hansısa bölgəyə gedib, orada işləyəcək,  diplomunu aldıqdan sonra isə sərbəst şəkildə istədiyi başqa yerə gedib, işləyə bilər.

İkinci variant  rezidentura ilə bağlı ola bilər. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, ölkəmizdə də rezidentura fəaliyyət göstərir. Rezidenturaya da qəbul olunanda eyni müqaviləni bağlamaq olar ki, hansı bölgədə, hansı yerlər boşdur, ora cəlb olunsun, məcburi xidmət göstərsin, müddət bitdikdən sonra isə istədiyi yerə gedib, xidmət göstərə bilər. Həmin müddətdə hökumət müəyyən sosial tələbatların qarşılanmasında üzərinə müəyyən vəzifələr götürməlidir. Məsələn, onlara ya xidməti mənzil verilməli, əgər xidməti mənzil yoxdursa, kirayə haqlarının bir hissəsi və yaxud hamısı qarşılana bilər. Bu məsələ yerli icra hakimiyyəti orqanları, bələdiyyə səviyyəsində və yaxud mərkəzi hökumət tərəfindən də həll oluna bilər.

Həkimlər niyə bölgələrə gedib işləməyə həvəs göstərmirlər? Bölgələrdə həkimin özünü inkişaf etdirməsi və yaxud bilik və bacarıqlarını artırması, onu tətbiq etməsi ilə mərkəzi yerlər bir deyil. Məsələn, hər rayonda kardioloji mərkəz, hansısa əməliyyatlar aparmaq üçün lazımi şərait, ən azı konsultasiyalar, məsləhətləşmələr aparmaq üçün müəyyən həkim  kollektivi yoxdur. Bunların hamısı məsələyə öz təsirini göstərir. Lakin buna baxmayaraq, hesab edirəm ki, rayonlarda ilkin səhiyyə xidməti, ən azı ailə həkimi institutu formalaşdırmaq üçün kadr potensialı yaratmaq lazımdır və bu, mümkündür.

Digər tərəfdən, bir məsələni yeni öyrəndim və özüm də təəccübləndim ki, universiteti bitirən həkimlərə işləməyə icazə verilmir. Yəni baxmayaraq ki, onların diplomu var, deyirlər ki, sən yalnız qeyri-həkim ixtisası üzrə və yaxud metodist, ya da statistika ilə bağlı işləyə bilərsən. Onda bu insan niyə 6 il təhsil alır? Bildirirlər ki, yalnız rezidenturanı bitirdikdən sonra gedib həkim ola bilərsiniz. Rezidentura yeri cəmi 400 yer olur, halbuki hər il Tibb Universitetini həkim ixtisası üzrə 1200-1500 şəxs bitirir. Bu da ciddi problemdir və hesab edirəm ki, müvafiq qurumlar bu problemlə ciddi məşğul olmalıdır".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

“Ankara” klinikasının keçmiş baş həkimi Zülfüqar Yusifov qeyd edib ki, bölgələrdə həkim çatışmazlığı məhz son illərdə daha qabarıq şəkildə özünü göstərir ki, bunun da bir sıra səbəbləri var: "Gənc həkimlər adətən urbanlaşmağa çox da meylli olmur. Onlar daha çox şəhəri seçməyə üstünlük verirlər. Çünki rayon şəraiti ilə şəhər şəraiti tamamilə fərqlidir. Bu baxımdan, rayon şəraiti gənc həkimlər üçün darıxdırıcı görünə bilir.

İkinci məsələ, son zamanlara qədər əmək haqqının daha aşağı olması, üçüncü məsələ isə şəxs üçün perspektivlərin şəhərlərdə daha çox olması ilə bağlıdır. Çünki tibb davamlı inkişaf edən sahədir, müasir avadanlıq, müasir təcrübə və sairə tələb edir. Bunların da hamısı təsir edən amillərdir.

Doğrudur, son vaxtlar sığorta sisteminə keçdikdən sonra məvaciblərin müəyyən stabil həddə çatması, xüsusən də dövlət klinikalarında maaş məsələsinin tənzimləndiyi müşahidə olunur. Lakin digər səbəblər hələ ki ortadan qalxmayıb. Bunun üçün müxtəlif ölkələrdə, o cümlədən qardaş Türkiyədə müəyyən qərarlar qəbul olunub. Belə ki, universiteti bitirdikdən sonra həkimlər 3 il ərzində müəyyən bölgələrdə mütləq məcburi əmək şəraitində işləməlidirlər. Yəni onların təyinatları mütləq bölgələrə olur. Bu variant özünü doğrultmuş hesab olunur. Təcrübə də onu göstərir ki, həmin şəxslərin bir qismi göndərildiyi rayona, kənd şəraitinə uyğunlaşır və bəzən özləri istəyərək daimi orada qalıb, fəaliyyətlərinə davam edir. Bir qisim isə 3 ilinin başa vurduqdan sonra geri dönür, yeni təyinatlar alırlar.

Hesab edirəm ki, ölkəmizdə də bu cür təcrübə tətbiq olunarsa, tibbin, səhiyyənin ehtiyacları həll olunar, əhaliyə normal tibbi xidməti göstərmək üçün normal şərait yaranar.

Sovet dövründə bölgələrdə həkim çatışmazlığı sıxıntısı çox da hiss olunmurdu. Belə ki, ucqar kənd yerləri feldşer məntəqələri ilə təmin olunurdu. Lakin son illər ölkədə yeni özəl klinikalar açıldı ki, bunun da fonunda bölgələrə gedib işləmək istəyən həkimlərin sayı azalmağa başladı.

Onu da qeyd edim ki, son vaxtlar çox yüksək səviyyədə yeni dövlət klinikaları tikilib. Bu klinikalar həm də çox yüksək səviyyəli avadanlıqlar, şəraitlə təmin olunub, yeganə problem kadr çaıtışmazlığı ilə bağlıdır. Kadr çatışmazlığının isə məcburi təyinatlarla həll etmək mümkündür.Vətənimizin hər bölgəsi gözəldir. Yəqin ki, bölgələrdə işləmək hər bir həkim üçün də fərqli təcrübə olar, həm tibb, həm də həyat baxımından".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR