Onlayn ictimai-siyasi qəzet
1978-ci ilin aprelində SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri, BMT baş katibinin müavini Arkadi Nikolayeviç Şevçenko Moskvaya qayıtmaqdan imtina edib və ABŞ-də qalaraq siyasi sığınacaq istəyib. Bu, yəqin ki, təkcə SSRİ diplomatiyası tarixində deyil, ümumilikdə Rusiya tarixində ən böyük qalmaqaldır.
Həyat yoldaşı hesabına vəzifə
1930-cu ildə Donetsk vilayətinin Qorlovka şəhərində adi həkim ailəsində anadan olan Arkadi məktəb illərində diqqətəlayiq qabiliyyətləri, xarici dilləri asanlıqla öyrənməsi və yaxşı oxuması ilə fərqlənib. Onun qeyri-adi olduğunu 1949-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olması da sübut edib.
Əlaqələri, yüksək vəzifəli qohumları olmayan şəxsin bu instituta daxil olması son dərəcə çətin olub. Bu universitet, necə deyərlər, “kənd uşaqları”nı qəbul etməyi heç sevməyib. Ancaq Arkadi bu institutun tələbəsi olmağı bacarıb. Gənc tələbəlik illərindən çox səmərəli istifadə edib: yaxşı oxuyub, intizamlı olub və institutu fərqlənmə diplomu ilə bitirib.
Lakin onun əsas nailiyyətləri bilik deyil, ölkənin ən nüfuzlu adamlarından biri, SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonun oğlu Anatoli Qromıko ilə dostluq etməsi və vəzifəli şəxsin gözəl qızı Leongina ilə evlənməsi olub.
1970-ci ildə Şevçenko Qromıkonun şəxsi müşaviri, 1973-cü ildə isə BMT baş katibinin Təhlükəsizlik Şurasının işləri üzrə müavini vəzifəsinə təyin edilib. Eyni zamanda o, 48 yaşında SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri rütbəsini alıb. Nyu-Yorkda olmaq yüzlərlə, hətta minlərlə sovet diplomatının ən böyük arzusu olub. Şevçenkonun həyatında getdikcə daha çox dəbdəbə və alkoqol yer alıb. Qromıko ailəsi ilə dostluq münasibətlərinə görə belə xırdalıqlara göz yumulub.
Diplomatın qaçışı: Arvadı intihar edib, oğlu ad və soyadını dəyişib
BMT-də tərksilah danışıqları zamanı Sovet İttifaqının nümayəndələri Amerika nümayəndə heyətinin məxfi məlumatlara malik olduğunu görüblər. Şübhəlilər arasında Arkadi Şevçenko olsa da, onun sorğu-sual etmək mümkün olmayıb.
1978-ci ilin martına qədər SSRİ əks-kəşfiyyatı kütləvi yoxlama apardıqdan sonra Yuri Andropov nazir Qromıkonu himayəsində olan Şevçenkonu Moskvaya çağırmağa inandırıb. Şevçenko bunun tələ olduğunu başa düşüb və həmin gecə həyat yoldaşına məktub qoyaraq Nyu-Yorkdakı mənzilindən çıxıb və naməlum istiqamətə qaçıb.
Diplomatın aradan çıxdığı günün sabahı onun həyat yoldaşı təcili olaraq Moskvaya qaytarılıb. Bir ay sonra Moskva yaxınlığındakı bağda Leonginanın cansız bədəni aşkarlanıb. Şevçenko hesab edib ki, SSRİ xüsusi xidmət orqanları onun arvadını bəzi faktların açıqlanmasının qarşısını almaq və şəxsən onu incitmək üçün öldürüblər.
Şevçenkonun qaçması onun diplomatik karyera quran oğlunun taleyinə də təsir edib. SSRİ rəhbərliyi nədənsə “vətən xaini”nin” ailə üzvlərinə toxunmayıb. Oğlu Gennadi Xarici İşlər Nazirliyindəki karyerası ilə vidalaşmalı olsa da, ona SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutuna başqa ad və soyadla işə düzəlməyə icazə verilib və 1997-ci ilə qədər orada çalışıb, 70-dən çox elmi məqalə dərc etdirib. Keçmiş diplomatın qızı Annaya qarşı isə heç bir təzyiq olmayıb.
Şevçenkonun qaçması ilə bağlı istintaq yüksək səviyyədə aparılıb. Məlum olub ki, Şevçenko Amerika tərəfi ilə vicdanla işləyib: o, tanıdığı bütün gizli kəşfiyyatçıların adını qarşı tərəfə açıqlayıb, danışıqlarda sovet nümayəndə heyətinin mövqeyi barədə amerikalıları əvvəlcədən məlumatlandırıb, yüksək sovet rəhbərliyindəki fikir ayrılıqları haqqında məlumatları ötürüb.
SSRİ-də onun barəsində ölüm hökmü çıxarılsa da, keçmiş diplomat ABŞ-də rahat yaşayıb. 1991-ci ildə rusiyalı mühacir qadınla tanış olub və onlar tezliklə evlənib. Beş il sonra Şevçenko boşanmaq üçün məhkəməyə müraciət edib və müflis olduğunu elan etmək məcburiyyətində qalıb.
O, 1990-cı illərin sonlarında ABŞ-yə köçən oğlu və qızı ilə nadir hallarda görüşüb. Amerika kəşfiyyatçısı kimi aldığı 8 500 dollar təqaüdün yarısını keçmiş həyat yoldaşına verib. Arkadi Şevçenko 1998-ci ildə vəfat edib.
1985-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yüksək rütbəli MKİ agenti Oldriçi əməkdaşlığa cəlb edəndə məlum olub ki, Şevçenko 1975-ci ildən amerikalılar üçün işləyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ