Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat - 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatına (“Non-Aligned Movement – NAM”) sədirliyi 2023-cü ilin sonunda başa çatır. Belə ki, 2019-cu ildə Qoşulmama Hərəkatı (QH) ölkələrinin yekdil qərarı ilə Hərəkata sədrliyi başlayan Azərbaycan qısa zaman ərzində beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilib və bununla da əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilib. Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə - 2023-cü ilə qədər artırılmışdı.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Azərbaycanın sədrliyi dövründə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər və eyni zamanda Azərbaycanın BMT ilə birgə fəaliyyətləri barədə “Report”un ABŞ bürosunun suallarını cavablandırıb.
- Hörmətli Stefan Dujarrik, bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə bütün üzv dövlətlər üçün kritik bir dövrdə başladı və artıq dörd illik liderlik yekunlaşmaq üzrədir. Sədrlik dövründə Azərbaycanın pandemiya ilə mübarizədəki rolunu necə qiymətləndirirsiniz?
- İlk növbədə, mənə Azərbaycan xalqı ilə ünsiyyət imkanı yaratdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Həmçinin, burada, BMT-nin əsas qərargahında hər gün baş verənləri işıqlandırdığınız üçün sizə xüsusi təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini alqışlamaq vacibdir. Qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı çox çətin bir dövr idi və Azərbaycan Qoşulmama Hərəkatı sədrliyi dövründə COVID-lə mübarizədə aparıcı rol oynadı.
Hazırda oturduğumuz bu məkandan bir neçə metr uzaqlıqda olan BMT Baş Assambleyanın nəhəng salonunda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən çağırılan COVID-19-la bağlı xüsusi sessiya həqiqətən də pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmlənməsinə kömək etdi. Bu dövr ərzində öyrəndiyimiz ən önəmli məsələlərdən biri Şimal və Cənub, Şərq və Qərb arasında kifayət qədər həmrəyliyin olmaması idi. Düşünürəm ki, NAM həm üzvlüyü, həm də ideologiyası və inancları ilə həqiqətən də qlobal həmrəyliyin ola biləcəyini göstərdi və biz Azərbaycanın həm özünün həm də maliyyə baxımından COVID-lə mübarizəyə nə qədər töhfə verdiyini bilirik.
- Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının gələcək institusional inkişafı üçün də mühüm addımlar atılıb. Belə ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması kimi təşəbbüslər Azərbaycanın fəaliyyətidir. BMT Baş katibi Azərbaycanın bu uğurlarını necə qiymətləndirir?
- Qoşulmama Hərəkatına sədrliyi ərzində Azərbaycanın bütün qlobal çağırışları və təşəbbüsləri alqışalayiqdir. Baş katib üçün bu, Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı arasında ortaq idealların simvolizmidir. Bütün bunlar multikulturalizmlə bağlı ideallar və təşəbbüslərdir ki, heç bir ölkə təkbaşına mövcud olan bütün qlobal problemlərlə mübarizə apara bilməz. Biz sadəcə qlobal həmrəylik, birlik, inam, çoxtərəfli qarşılıqlı münasibətlər sayəsində bu dünyada güclü ola bilərik. Qoşulmama Hərəkatı dünyada multikulturalizm nümunəsi kimi qəbul edilir və bu yanaşma QH tarixində çox mühüm rol oynayır. Soyuq müharibələrboyu belə həmişə belə olmuşdur və bu gün də son dərəcə etibarlılığını davam etdirir. Azərbaycan QH-yə sədrliyi ərzində bu missiyanı uğurla davam etdirdi.
- Qadınların hüquqlarının müdafiəsi və onların səlahiyyətlərinin artırılması QH-nin gündəmində mühüm yer tutur və bu, qadın hüquqlarının qorunmasında mühüm rol oynayır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu baxımdan verdiyi töhfələrin əhəmiyyəti barədə nələr demək istərdiniz?
- Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynayır. Bu ilin noyabr ayında Bakıda QH-nin "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda BMT-nin ölkə ofisi Azərbaycanın bütün səylərini yüksək səviyyədə dəstəkləyərək gender bərabərliyinin təşviqi, qadınların cəmiyyətdə rolu və qadınların hüquqlarının müdafiəsinə marağı nümayiş etdirdi. Biz elə bir dövrdə yaşayırıq ki, xüsusilə, COVID-19 zamanı qadınlarla bağlı olan bir çox Dayanıqlı İnkişaf Məqsədlərinin azaldığını gördük.
Çox vaxt evlərdə və cəmiyyətlərdə böhranlı vəziyyətlər yarandıqda əmək fəaliyyətində olan qadınlar işlərini dayandırmalı olurlar. Böhranlı şəraitlər zamanı qızlar çox vaxt məktəbə göndərilmir. Ona görə də mən hesab edirəm ki, indiki zamanda dünyanın bir çox yerlərində qadınların hamının yararlanmalı olduğu insan hüquqlarından məhrum edildiklərini xatırlatmaq vacibdir. Ona görə də QH-nin bunu diqqətdə saxlaması və bu istiqamətdə səylərini davam etdirməsi vacibdir.
- Bundan əlavə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün böyük səylər göstərən ən zəhmətkeş ölkələr sırasındadır. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda çoxlu infrastruktur, yaşıl enerji və s. layihələri həyata keçirilir. Baş katib Azərbaycanın DİM töhfələrini necə dəyərləndirir?
- Azərbaycan həqiqətən də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində lider ölkədir. Azərbaycan DİM Sammiti öncəsində öz Könüllü Milli Planını təqdim edən ilk 32 ölkədən biri idi. Azərbaycan xüsusilə bu il yerli layihələrə xeyli sərmayə qoydu. Yenidən vurğulamaq yerinə düşər ki, əslində, bu, BMT-nin ölkə ofisinin Azərbaycandakı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini görmək üçün hökumətlə əməkdaşlıqda necə işləyə biləcəyinin bariz nümunəsi oldu.
- Hazırda Azərbaycan əsrin ən böyük mina problemi ilə üzləşib. Təəssüflər olsun ki, Ermənistanın Azərbaycan torpaqlarında 30 illik işğal zamanı "miras" buraxdığı minaların partlaması nəticəsində, demək olar ki, hər gün həmin ərazilərdə bir çox mülki vətəndaşlar, o cümlədən hərbiçilər həyatlarını itirirlər. Hətta bizim iki jurnalist həmkarımız Qarabağda öz vəzifə borclarını yerinə yetirərkən mina partlayışı zamanı həlak olublar. Ermənistan tərəfi Azərbaycanın işğaldan azad edilmiş rayonlarında basdırdıqları minaların xəritələrini paylaşmaqdan imtina edir və rəsmi açıqlamalara görə, Qarabağın minalardan tam təmizlənməsi üçün ən az 10 il lazımdır. BMT niyə bu hərbi cinayəti pisləyən rəsmi açıqlama vermir?
- Öncə mən BMT-nin Baş katibi Antoniu Quterreşin sözçüsü olaraq onun adından sizə və jurnalist həmkarlarınızın ailələrinə başsağlığı verirəm və xalqınızın kədərinə şərikik. Bu, əslində, jurnalistlərin dünyada necə çətin və təhlükəli bir işlə məşğul olduqlarının göstəricisidir. Şəxsən mən keçmiş bir jurnalist kimi 10 illik təcrübəmlə jurnalistlərin orada baş verənləri göstərmək üçün hansı riskləri göz önünə aldıqlarını bilirəm. Bilirsiniz, müharibələrdən sonra qalan minalar həqiqətən bu gün sahib olduğumuz ən məkrli və qəddar silahlardan biridir. Çünki onların tamamilə təmizlənməsi üçün bizə onilliklər lazımdır.
Biz dünyanın harasında olmasından asılı olmayaraq, həmişə minalara qarşı çıxış etmişik. Beləliklə, dünyanın hər yerində minalardan əziyyət çəkən üzv dövlətlərlə işləmək və minatəmizləmə səylərinə kömək etmək üçün BMT-nin Mina Fəaliyyəti Xidməti (UNMAS) aktiv şəkildə fəaliyyət göstərir. Mən bilirəm ki, BMT Mina Fəaliyyəti Xidməti vasitəsilə Azərbaycan hökumətinin minatəmizləmə fəaliyyətlərini uzun müddətdir dəstəkləyir və biz bunu bu və ya digər şəkildə bacardığımız qədər davam etdirəcəyik, çünki biz bu çox təhlükəli və məkrli silahdan qurtulmalıyıq. Sizin də söylədiyiniz kimi, ərazilərin minalardan təmizlənilməsi 5-10 ildən çox vaxt aparacaq. Biz bilmirik nə vaxt uşaqlar həmin yerlərdə oyun oynaya biləcək, fermerlər həmin torpaqlarda kənd təsərrüfatı işləri aparacaq. Bilirisiniz ki, BMT yaxın zamanda Qarabağ bölgəsinə xüsusi missiya göndərdi və oradakı vəziyyət həmin komanda vasitəsi ilə sənədləşdirildi. Əminəm ki, artıq bölgədəki vəziyyət bir qədər fərqlidir və yerdəki vəziyyətə yanaşma dəyişib. Əminəm ki, bundan sonra da bölgədə yaşayan insanların xeyrinə əlimizdən gələn köməyi edəcəyik.
- BMT Baş katibi postunu tutan şəxslər bir çox münaqişə bölgələrində (Ukrayna, Əfqanıstan, Qəzza, Suriya, Sudan və s.) baş verənləri dərhal qınayaraq üzv dövlətlərə çağırışlar etsələr də, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində və post-münaqişə dövründə əsasən susmaqla kifayətləndilər. Onlar tez-tez digər münaqişəli bölgələri ziyarət edib vəziyyəti yerində öyrənməyə çalışsalar da, bunu 30 illik işğal altında qalan Qarabağa şamil edə bilmirik. Bu yanaşmanın səbəbi nə ola bilər?
- Məncə, Baş katib onun orada olmasının vəziyyəti müsbət yöndə dəyişəcəyinə, faydalı olacağına inandığı münaqişəli bölgələrə səyahət edir və başqa sözlə, öz varlığını hiss etdiyi yerlərə gedir. Düşünürəm ki, başqa cür desək, Baş katibin ən mühüm vizyonlarından biri onun regional təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən multikulturalizm adlandırdığı şeydir. BMT bir çox hallarda regional təşkilatlar çərçivəsində (Məsələn, Venesuelada bu «Karib Hövzəsi ölkələri İcması və Ümumi Bazar (CARİCOM)», Sudanda İnkişaf üzrə Hökumətlərarası Aparat) hərəkət edir və sülhə dəstək verir. BMT-nin hər yerdə sülh və təhlükəsizliklə bağlı məsələlərin həllində lider olmasına ehtiyac yoxdur.
Beləliklə, biz bilirik ki, Azərbaycan və Ermənistan arasında olan məsələlərin həllində artıq başqa dövlətlər münaqişənin sülh yolu ilə həllini tapmasına çalışır və bu danışıqlara liderlik edirdilər. Yəni Baş katib sırf işə qarışmaq üçün prosesdə iştirak etmək və bəlkə də məsələləri çətinləşdirməmək xatirinə özünü bu işə cəlb etmək istəmir. Lakin biz həmişə mövcud olan çərçivəni dəstəkləmişik və bundan sonra da dəstəyimiz davam edəcək.
- Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin perspektivlərini necə görürsünüz? Baş katib prosesi necə təşviq edə bilər?
- Siz bu məsələdə məndən daha çox məlumatlısınız və son vaxtlar hər iki ölkə arasında münasibətlərin müsbət yöndə inkişafına dair hərəkətliliyi görürsünüz. Mənə elə gəlir ki, bu, son bir neçə həftə ərzində çox mühüm addımlar atıldı. Baş katib bununla bağlı bəyanat yayımladı və normallaşma prosesini alqışladı. Biz bundan sonra da Ermənistan və Azərbaycan normallaşma yolunda irəlilədikcə sülh quruculuğunu müşayiət etməyə çalışacağıq.
- Bildiyiniz kimi, 2024-cü ildə Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? BMT Baş katibinin Azərbaycana səfəri nəzərdə tutulubmu və Azərbaycanda olduğu zaman onun işğaldan azad olunmuş bölgələrə səfəri ola bilərmi?
- Son bir neçə həftə ərzində növbəti COP29-un harada keçiriləcəyi ilə bağlı çoxlu narahatlıq və gərginliklər vardı. Hesab edirəm ki, COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Bunun BMT üçün də çox böyük əhəmiyyəti var. Bir faktı xüsusilə qeyd etmək istərdim ki, biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün rəsmi namizəd olmasına imkan verdi.
Həmçinin, biz Ermənistanın COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəklədiyini gördük. Beləliklə, bu, gərginliyin azalmasının əlamətidir. Bu gün dünyanın bir çox yerində münaqişələr davam edir, yeni münaqişələrin alovlandığı (Sudan, Qayana və Venesuela) və çox çətin vəziyyətlərin olduğu bir dünyada yaşayırıq. Düşünürəm ki, ölkələr nəhayət münaqişələrin, gərginliklərin və problemlərin həllində yeganə yolun silahlarla deyil, dialoq yolu ilə olduğunu başa düşə biləcəklərini göstərə bilərlər.
Biz növbəti COP29 üçün önümüzdə sülhün və aydınlığın olduğunu görməkdən çox şadıq. Bildiyiniz kimi, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal problemdir və Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik. İqlim dəyişikliyi ilə mübarizə Baş katibin həqiqətən ürəyini ortaya qoyaraq davam etdirdiyi mübarizədir və düşünürəm ki, heç bir dünya lideri bu məsələdə onun qədər daha açıq və tutarlı olmayıb. Baş katib bu mübarizəni davam etdirəcək və o növbəti dəfə Azərbaycan Prezidenti ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bəli, heç şübhəsiz ki, Baş katib COP29-da Azərbaycanda olacaq və ümid edirəm ki, mən də onunla gedəcəm və Azərbaycanı görəcəm (gülür). Mən bunu səbirsizliklə gözləyirəm.
- Azərbaycanın paytaxtı Bakıda, həmçinin 2026-cı ildə Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası da keçiriləcək. Urbanizasiya sahəsində Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz? BMT-yə üzv ölkələri işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana dəstək verməyə hazırdırmı?
- BMT Azərbaycan hökumət ilə yaxından işləyir və mövcud olan razılaşdırılmış çərçivələr vasitəsilə onlara hər cür dəstək verir. Biz oradayıq, BMT-nin ölkə ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, xalqa və ölkə hökumətinə dəstək olmaqda davam edəcək.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ