İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin Əliyevə zənginin sirri - Vaşinqtonun təşəkkürü və...

ABŞ-ın baş diplomatı Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaları təqdir edib, amma..; Asim Mollazadə: “Birləşmiş Ştatlar və Fransa erməni diasporunun təzyiqi altındadır”

ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə aprelin 28-də dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi oldu. “Yeni Müsavat” xəbər verir ki, Blinken ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. 

Dövlət katibi ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. 

Dövlət başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan Prezident ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Dövlət katibi Entoni Blinken ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlət başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.

Belə bir ərəfədə ABŞ xarici işlər nazirinin zəngi kifayət qədər yerinə düşüb. Ümumiyyətlə, Blinken Vaşinqton-Bakı münasibətlərində əlahiddə körpü rolu oynamaqdadır. Bundan əvvəl də əlaqələrdə gərginlik yarananda Blinken Əliyevə zəng etmiş, müavini Ceyms Obraynın səhvini düzəltmiş, onun Azərbaycana səfər etməsinə şərait yaratmasını xahiş eləmişdi. İndi də Blinken zəngi ilə Bakı-İrəvan xəttində olan dinamikanı alqışlayıb. Görünən budur ki, moderatorsuz danışıqlar ABŞ-ın ürəyincədir. Yəni Brüssel və Vaşinqton vasitəçilik təşəbbüsləri göstərmir, lakin Moskvasız aparılan ikitərəfli müzakirələri elə Qərb platforması kimi qəbul edirlər.

Asim Mollazadənin də partiyası qeydiyyata alınmadı - ANS - Xəbərlər

Asim Mollazadə

Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ ikitərəfli danışıqların pozitiv şəkildə getdiyini görür, amma eyni zamanda bu ölkə və Fransa erməni diasporunun təzyiqi altındadır: “Onlar istəyirlər ki, münaqişə davam etsin və "erməni faciəsi" adı ilə vəsait toplasınlar. Çünki münaqişə həllini tapsa, erməni diasporu işsiz qalacaq. Bilirsiniz ki, bu il Avropa Parlamentində və ABŞ-da seçk ilidir, ona görə erməni diasporunun dəstəyini qazanmaq istəyənlər var. Azərbaycanın isə bütün addımları beynəlxalq hüquq normaları çərçivəsindədir. Bu səbəbdən bizə təzyiq göstərmək haqsızlıqdır". Deputatın sözlərinə görə, Blinken Paşinyanla da danışıb və yeri gəlmişkən, erməni diasporunun istəkləri erməni xalqının arzularını ifadə etmir: “Ermənistanda olan əhali müharibələrdən yorulub. Blinken isə vəziyyətlə maraqlanır, çünki dediyim kimi, erməni diasporası təzyiq göstərir. O, Azərbaycan Prezidentinə zəng edir, Paşinyana da zəng etdiyi üçün balansı qorumağa çalışır. Amma ümumilikdə diaspora qarşısında Birləşmiş Ştatların səhvləri var”. 

A.Mollazadə COP29 konfrasına qədər sülh müqaviləsi imzalanması üçün maneə görmür, onun fikrincə, sadəcə olaraq, Ermənistanda olan hakimiyyət bu məsələdə siyasi rəqiblərindən qorxur. 

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədliyə görə, Blinkenin zəngi Bayden administrasiyasının reallıqlarla razılaşmasının göstəricisidir. Partiya rəsmisi Qərbin hazırkı danışıqlar prosesinə reaksiyasını Cənubi Qafqazda strateji rəqabətlə əlaqələndirir: “ABŞ Ermənistanda təsir imkanlarını artırır, Gürcüstanda Moskvaya yaxın milyarderin partiyasının əleyhinə aksiyalar təşkil edilir, Azərbaycanda isə rus hərbi kontigenti regionu tərk edir. Hər üç fraqment Vaşinqton üçün məqbuldur. Biz iddia edə bilmərik ki, Rusiya bölgəni tərk edir, amma müəyyən qədər nüfuz dairəsini azaltmaq səyləri var. Əlbəttə ki, belə bir gedişatda ABŞ Ermənistanla Azərbaycan arasında sülh sənədinin bağlanmasını arzulayardı”. VHP funksionerinin fikrincə, rəsmi Bakı balanslı iş aparır. S.Əsədli Blinkenin zəngini ABŞ-ın regionda Azərbaycana verdiyi əhəmiyyətlə əlaqələndirir: “Konqresdə bir qrup ermənipərəstin sanksiya layihəsi irəli sürdüyü, Dövlət Departamentinin son hesabatında İran casuslarının müdafiə olunduğu bir zamanda Blinken zəngi ilə deyərdim ki, münasibətləri yoluna qoyur, məsələləri neytrallaşdırır. Üstəlik, ABŞ hazırkı razılaşmaları alqışlamaya bilməz. Avropa İttifaqı da dəstəklədi. Kimin səsi çıxmırsa, narahat olan tərəf də o qüvvələrdir. Azərbaycanla Ermənistan delimitasiya işinə praktiki başlayıblar, bu da sülh sənədinin imzalanması üçün böyük fürsətlər açır. Britaniya da sülh müqaviləsi bağlanmasının tərəfdarıdır. İki ölkənin rəhbərləri dövlət sərhədində görüşüb tarixi sülh sazişini imzalasalar, dünya ictimaiyyəti, qonşularımız, güc mərkəzləri, beynəlxalq təşkilatlar alqışlamağa məcburdurlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR