Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Entoni Blinken dünən Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon danışığı zamanı Blinken Bakı və İrəvan arasında sülh gündəliyinin irəlilədilməsi yönündə əldə olunan nəticələri təqdir edib, ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirmək əzmində olduğunu vurğulayıb, tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.
İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. Vaşinqtonun sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən Prezident Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib. Eyni zamanda, artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini diqqətə çatdırıb.
Yəni sülh müqaviləsi və ya ona bənzər analoji sənədin imzalanması üçün Azərbaycan sarıdan heç bir əngəl yoxdur. Heç vaxt da olmayıb, o cümlədən işğal dönəmində. Bakı müharibədə maraqlı deyil. Tək istəyimiz ərazi bütövlüyü və suverenliyimizin bərpası idi ki, ona da nail olmuşuq...
Əfsus ki, eyni pozitiv fikri Ermənistan haqda demək mümkün deyil. Kapitulyant ölkənin rəhbərliyi 44 günlük savaşda haqq elədiyi ağır məğlubiyyətdən sonra da “nala-mıxa” vurmağa davam edir, özünü “sülh göyərçini” kimi göstərib beynəlxalq birliyi çaşdırmağa çalışır. İrəvanın Azərbaycan və Türkiyəyə qarşı aşkar ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsməməsi, Bakının bu tələbini qıcıqla qarşılaması və həyasızcasına “özünün daxili işlərinə qarışmaq” kimi qiymətləndirməsi, habelə üzdəniraq Minsk Qrupunun de-yure ləğvi ilə bağlı Bakının məlum təklifini geri çevirməsi, nəhayət, Fransa və Hindistan hesabına sürətlə silahlanma kursu götürməsi və hərbi arsenalını hücum silahları ilə zənginləşdiməyə davam eləməsi son qənaətimizi möhkəmlədir.
Söz düşmüşkən, rəsmi İrəvan həm də utanmazcasına “Azərbaycan Konstitusiyasında da oxşar müddəalar var” deyib sülh sənədinə dirəniş göstərməkdədir. Halbuki bizim konstitusiyada sadəcə, dövlət müstəqilliyinin bərpası haqda Konstitusiya Aktına istinad mövcuddur. Orada isə qeyd olunur ki, Azərbaycan Respublikası 2 illik ADR-in hüquqi varisidir. Qonşulara qarşı da hər hansı ərazi iddiasından danışılmır. Gürcüstan, Rusiya, İran bu xüsusda bizə heç vaxt irad bildirməyib. Azərbaycanla sülh müqavilələri imzalanıb.
Məlumatlara görə, hüquq varisliklə bağlı analoji müddəalar Gürcüstan, Moldova, Estoniya, Latviya və Litva konstitusiyalarında da yer alır. Qonşu Rusiya isə özünü SSRİ-nin hüquqi varisi elan edib. Amma Ermənistanın konstitusiyasında Azərbaycanın və qardaş Türkiyənin konkret ərazilərinin adları çəkilir. Fərq bu...
Lap tutaq ki, sülh müqaviləsi imzalandı, Ermənistanın Konstitusiya Məhkəməsi onu cəmi yarımca saat ərzində “konstitusiyaya zidd” sayıb ləğv edə bilməzmi? Bilər. O zaman çiy sənədi imzalamağa nə lüzum? Blinken Bakını nəyə çağırır, əgər bizlik heç nə qalmayıbsa? Azərbaycan nəyə və niyə tələsməlidir?
Yeri gəlmişkən, az öncə Blinkenin müavini Ceyms Obrayen da nə qədər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Bakı və İrəvanı sülh müqaviləsi məsələsində tələsməyə, “fürsətdən istifadəyə” səsləmişdi. Belə çıxır ki, iki qonşu ölkə arasında münasibətlərin normallaşmasında bircə Rusiya maraqlı deyil. Bəs Ermənistanın özü maraqlımı? Doğrudanmı İrəvan Bakı ilə rezin kimi uzatdığı danışıqlar prosesinə yeni müharibəyə hazırlaşmaq fürsəti kimi baxmır?
Günün əsas sualı bu. Çünki Ermənistan, onun xalqı həqiqətən və səmimi şəkildə sülh istəyirsə, qonşu Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini həmişəlik qapatmaq arzusdundadırsa, ona heç kim, heç bir güc əngəlı ola bilməz, o cümlədən Rusiya! Odur ki, tələsmək yaxşıdır, amma baxır nədə. Fakt budur ki, İrəvan hələ də öz oynunu oynayır. “Armud” isə vaxtında yetişər.
Tezbazar imzalanan sülh müqaviləsinin hörməti və hüquqi dəyəri az, ömrü qısa olar...
Z.SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ