Onlayn ictimai-siyasi qəzet
Laçındayıq.
Laçın şəhəri günüdür bu gün. Göydə Tanrımıza, Yerdə Dövlətimizə çox-çox şükürlər olsun!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Burada - Zəfər küçəsində, yaxası “Laçının azad olunmasına görə” və digər medallı qazilərimizlə görüşmək çox xoşdur.
Laçın şəhəri Bayraq Meydanında, hərbi orkestrin möhtəşəm musiqi müşayiəti ilə təntənəli açılış oldu; sonra günün proqram axışı başladı - sərgi, film baxışları, görüşlər, kitablaşmalar, şeirləşmələr, diləkləşmə, dərdləşmə və uğurlaşmalar…
Laçın doğumlu şairlər ərklə qolumuzdan tutub, özəl şövqlə tanıtım edirlər: bax, ora Hoçazdı, ora İşıqlı dağdı… Həkəri bax, bax, oralardan başlayır… Quzeyimiz Kəlbəcər, güneyimiz Qubadlı, gündoğarımız Xocalı, Şuşa və Xocavənd, günbatarımız isə Gorusdur.
Burada, bax, burada, Leninin heykəli vardı, şükür, daha heç vaxt olmayacaq…
Laçın şəhəri 102 il öncə Abdallar kəndi ocağında yaranıb, Laçın adlandırılıb və şəhər statusu alıb; 94 il öncə isə inzibati ərazi vahidi olaraq Laçın rayonu yaradılıb.
Ümumi sahəsi 1835 kv.km olan Laçın rayonu 72 min ha yaylaq sahəsinə və 34 min ha zəngin meşə massivinə malikdir.
Laçının 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır.
Bəlli olduğu kimi, Laçınımız keçmiş DQMV ilə özünüdoğrultmamış Ermənistan Respublikası arasında yerləşirdi. DQMV cəhənnəmə vasil oldu, Ermənistan da uzağı neçə ilsə mövcud olacaq. Laçın yenə eyni coğrafiyaya hakimdir lakin onun böyük strateji önəmini bilən yalnız özümüz deyildik, özgələr də bilirdi; özgələr özümüzdən bəlkə daha dərin işləmişdi ki, Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin işğalına uğradı… - Bu işğal, əlbəttə, düşmənin hərtərəfli hərbi-siyasi dəstək verən havadarları sayəsində mümkün olmuşdu.
İşğalda Laçının əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb. İşğal sonucunda 220 civarı mədəniyyət, 100-dən artıq təhsil, müxtəlif təyinatlı digər müəssisələr işğalçılar tərəfindən talan edilib, dağıdılıb. Eləcə də, 54 dünya, 200-dən çox yerli önəmə malik tarixi abidə vandalizmə məruz qalıb. Ağzında erməni deyirsən, işğal deyirsən…
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud pozaraq, özünü qanmaz yerinə qiyaraq, Laçında coğrafi adların dəyişdirilməsi, bu elimizin təbii resurslarının talanı və özləri üçün qazanca çevrilməsi yönündə görünməmiş görməmişliklər edib. Bu azmış kimi, Suriyadan olan ermənilər öndə olmaqla qanunsuz məskunlaşma siyasəti ilə məşğul olub.
Bu anlamlı gündə, bayramda çox kədərli cümlələr qurmaq istəmirəm. İşğal da keçmişdə qaldı, işğalçı da keçmişdir. Haqq incəlmiş olsa da, üzülmədi. Tarixi ədalətin təntənəsinə min şükür! Il Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər sonucunda 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu öz bayrağımıza bürünməyə başladı. İki il bundan öncə - 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Bayaq Laçın kinoteatrında filmə baxırıq - qazi zabitimiz deyir, Laçın-Şuşa yolunu tutmaqçün həmlə edərkən bir tətəfimiz qorumasız idi; düşündük ki, bu tərəfimizi də dağlarımız, meşələrimiz qoruyar! Şahanə yaraşdırmadır!
Uzun söz olmasın, yığcam sözə zərər yoxdur, indi Laçın yeni inkişaf dönəmini yaşayır.
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”! - Bu sözlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevindir.
Laçın bundan sonra ancaq və ancaq inkişaf edəcək, inkişaf edəcək!
Hava Limanı olacaq Laçının,
Bayrağı uca olacaq Laçının,
sözü ötkün olacaq Laçının,
Laçın həmişə Laçın olacaq!
Bu yazını Laçında yazıram,
bu mənim Laçında ilk yazımdır,
bu mənim Laçına ilk gəlişimdir,
inşallah yenə gələr, yenə yazarıq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ