Onlayn ictimai-siyasi qəzet
Möhtəşəm günlər yaşayırıq! Dünən Laçına yeni köç başladı! Hara? – Laçına! Və növbəti köç! Bilirsiz, bəzi rayonlarımıza qayıdışın başlayacağını hətta ermənilər də təsəvvür edə bilirdi, amma Laçın, Kəlbəcər, Şuşa, Ağoğlan (Hadrut) o təsəvvürlərdə qətiyyən yoxuydu. Bəlkə bizim özümüzdə də ümidsizlər vardı. Lakin bu işi ümid yox, inam kateqoriyasında sabitləşdirən xalq ruhunun cəsarəti vardı, köklü tarixi dövlətçilik yaddaşına malik dövlətimiz, şəxsən dövlət başçımız - siyasi iradə sahibi olan İlham Əliyev vardı. Və ən yeni Azərbaycan tarixi sübut etdi ki, doğrudan da, o, nə etmək lazım olduğunu, necə, nə vaxt və hansı addımı atmağı yaxşı bilir. Bəli, “o gün bu gündür!” dediyimiz mübarək gün gəlməliydi və gəldi: 27 sentyabr 2020! - Ali Baş Komandanın əks-hücum Əmri! -
Əcdadımızın hərb gələnəyini davam və inkişaf etdirən şanlı ordumuzun qüdrəti 44 gün içindəcə mümkünsüzləri mümkün etdi!
Dünən Laçına qayıdışımızın növbəti addımını atdıq. Srağagünsə əvəzsiz qardaşımız, Türkiyənin yenidən seçilmiş Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rəsmi dövlət səfəri ilə Bakıdaydı. Türkiyəmizdə artıq dövlət gələnəyi halına gəlib: hər yeni seçilən dövlət başçısı (öncələr Başbakan da) Quzey Kıprıs Türk Cümhuriyyətinin ardınca ilk ölkədışı səfərini Azərbaycana edir. Bu səfər Cümhurbaşqanı uçağı Bakıya birbaşa Kıprısdan havalandı. Adadan qalxıb, Abşeron yarmadasına qonan uçaq yalnız Cümhurbaşqanını və onu müşayiət edənləri daşımırdı - eyni zamanda, ismarıc daşıyırdı, sabahların şəklini cızır, yeni dünyanın dizaynındakı yerimizi, rolumuzu nümayiş etdirirdi!..
Ərdoğanla Əliyevin təkbətək, geniştərkibli görüşlərində çox önəmli məsələlər müzakirə olundu.
Türkiyə-Azərbaycan Universitetinin qurulması, bu ilin sonunadək daha 10 birgə hərbi təlimin keçirilməsi (ilin birinci yarısında 6 birgə təlim baş tutub), Zəngəzur dəhlizi, Şuşada Baş konsulluğun açılması (və bunun Ermənistana, erməni himayədarlarına açıq ismarıc olduğu) həmin müzakirələrin əsas mövzularıdır.
Bugünsə Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 2021-ci ilin məhz bu günü Ərdoğanla Əliyev “Şuşa Bəyannaməsi”ni imzalayıb. - Bugün o fövqəladə sənədin imzalanmasının ikinci ildönümüdür! İkinci ildönümü ərəfəsində o mübarək sənədə imza atan liderlər yenə bir aradaydı! Hər iki lider “Şuşa Bəyannaməsi”nə istinad etdi, yeni hədəflərin konturlarını cızdı.
Bu möhtəşəm üç gün “Heydər Əliyev İli”nə, Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışının 30-cu ildönümünə təvafüq edir!
Simmetriyanı, nizamı, təvafüqlüyü, ardıcıllığı və rəmzləri görürsünüzmü?
Şuşa - bir şəhərdən artıqdır, rəmzdir və elə bir təmzdir, ona bütün gözəllikləri yaraşdıra bilirik. Bilirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli liderin 100 illik əlamətdar yubileyi ilə bağlı xalqa müraciətini məhz Şuşadan etdi! Prezident dedi ki: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev”! Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”!
Şuşa - Azərbaycanın Mədəniyyət paytaxtıdır;
Şuşa - 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtıdır; Şuşa - azad olunması Heydər Əliyevin vəsiyyəti, tapşırığı olan şəhərdir!
Şuşa - gerçək şəhərdir, mistik şəhərdir;
Şuşa - özünəxas keçmişi, ağrı-acıları və parlaq gələcəyi olan şəhərdir!
Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu, ardınca Laçın (18 may 1992), Kəlbəcər (02 aprel 1993) işğal olunmuş, Ermənistanla keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” ərazisi arasındakı böyük və çox önəmli ərazilər ermənilərin əlinə keçmişdi. Bu o demək idi ki, sonrakı torpaqların işğalı çox təəssüflər ki, labüd hala çevrilmişdir…
Məhz belə bir gərgin dönəmdə, qarmaqarışıqlığın hökm sürdüyü, sualların çox, cavabların az olduğu dönəmdə Heydər Əliyev dövlətin ali idarəçiliyinin məsuliyyətini üzərinə götürdü. O vaxtkı iqtidarın necə deyərlər, israrı, təkidi və xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn, hadisələri təhlil edən, qarşıduran tərəflərlə Bakıda, Gəncədə görüşən Heydər Əliyev qəflət gedişatını durdurdu, xalqın arzu və istəklərinin tərcümanı oldu.
15 iyun 1993-cü ildə əsası qoyulmuş toparlanma, güclənmə xətti bir yeni ritm, inkişaf alqoritmi yaratdı. O gündən üçonillik keçib. Bu gün bir çox məsələyə daha aydın nəzərlərlə baxmaq mümkündür. Özəlliklə, Rusiya-Ukrayna müharibəsi fonunda, Kremlin 2022-ci ildə - keçmiş SSRİ-nin 100-cü ildönümündə o məşum imperiyanı bərpa etmə planlarının ictimailəşdiyi vaxtda, 30 il öncələrdə baş vermiş hadisələr başqa bir aydınlığa qovuşur. Təsadüfi deyil, Kremli, keçmiş SSRİ-ni, dünya birliyini dərinləməsinə bilən Heydər Əliyevin o vaxt hakimiyyətə dönüşü bir xilaskarlıq missiyası kimi xarakterizə olunur. Ötən 30 il içində baş verənlər fonunda qazandığımız uğurların əsasında o böyük insanın verdiyi siyasi dizaynın, diplomatik arxitekturanın çox önəmli yeri vardır. Dünən MM iclasında, ümumən ayrı-ayrı toplantılarda, konfranslarda 90-cı illərdə əks siyasi düşərgədə mövqe sahibi olmuş tanınmış siyasətçilərin öz yanlışlıqlarını etirafı da bu anlamda manidardır. Yəni Heydər Əliyev keçici siyasətlə deyil, uzunvadili, perspektivə hesablanmış böyük siyasətlə məşğul olub.
O, ictimai-siyasi sabitlik, güclü dövlətçilik, intensiv beynəlxalq əlaqələr qayğıları ilə yanaşı bugünkü uğurlarımızın təməllərini atıb. “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” deyən böyük ictimai-siyasi və dövlət xadimi tarixi Zəfərə, Zəfərin nəticələrinə inanırdı və onu qurur-yaradırdı.
30 il sonra dərin inamla deyirik: bizi kimsə durduramaz!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ