İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz nələrdən qurtulmuşuq? - Ötənlərə bir baxış  

Azərbaycan Prezidenti bu il fevralın 14-də Milli Məclisdə And içərkən, bizim ailəmiz Türk dünyasıdır deyib, Türk Dövlətləri Təşkilatını evimiz adlandırdı. Prezidentin sözləri Türk dünyasında geniş yayıldı, necə deyərlər, bir aforizmə çevrildi.

Əlbəttə, İlham Əliyev kimi böyük təcrübəyə, zəngin dünyagörüşünə və uzaqgörənliyə malik bir dövlət başçısı nəyi, nə vaxt və harada demək lazım olduğunu zərgər dəqiqliyi ilə bilir; biz də bilirik ki, o möhtəşəm sözlər - Türk dünyasında aforizmə çevrilən sözlər daha öncə görülmüş işlərin, atılmış addımların, cəsarət dolu hadisələrin ifadəsi, təntənəsidir. İlk növbədə, “Türk çadırının orta dirəyi”, “Turanın altun körpüsü” gözəllikləri ilə tərif görən Azərbaycan güclü olmalıydı. İraq olsun, gücsüz Azərbaycan özünə nə gün ağlaya bilərdi ki, qardaşlarının da qayğısına qala bilsin?.. Heç təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatı (TDT) Qarabağ, Gündoğar Zəngəzur Ermənistan və havadarlarının tapdağından qurtulduqdan sonra quruldu. İndi TDT - ocağımız, evimiz dediyimiz əvəzsiz ünvandır! Bu gün daha aydın görürük ki, bizim Zəfərimiz yalnız bizdə, yalnız Qarabağda, Gündoğar Zəngəzurda və yalnız 2020-ci ildə qalmayıb! İndi - bu sətirlərin yazıldığı 15 iyun 2024-cü ildə daha əmin şəkildə deyirik ki, Zəngəzur dəhlizi illa açılacaq, Azərbaycanın böyük hissəsi Naxçıvanla, Azərbaycan Türkiyə ilə, Türkiyə Türküstanla birləşəcək! Ozan Arif demiş, “başqa yolu yox, artıq!"

Türk dünyası ailəsinin evimizin çətirindən qıraqda qalan xalqlarına da biganə deyilik, əlbəttə! Əlbəttə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türküstanda, Ankarada, Səmərqənddə, Bakıda… Türk dünyası ilə bağlı dediklərini yada salırıq. Məsələn, 2022-ci ilin noyabrında - Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə İlham Əliyev deyirdi:

“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Türk dünyasını sabitqədəm qaydada ailəmiz adlandırmaq, heç şübhəsiz, Azərbaycanı, Dünya azərbaycanlılarını öz ailəsi kimi görməkdən başlayır; İlham Əliyev Heydər Əliyevin ailəsində dünyaya göz açıb; beləliklə, bir-birini tamamlayan, bir-birini doğuran, bir-biri ilə səsləşən köklü ailə üçbucağını görürük. - Demək istəyirəm, heç nə təsadüfdən yaranmır; qavramlar, deyimlər, təriflər, təşkilatlar və hadisələr də o cümlədən!..

Bu duyğu, düşüncələri 15 iyunda bölüşürük.
15 iyun - Azərbaycan Respublikasında Milli Qurtuluş Günüdür.
15 iyun “Şuşa Bəyannaməsi”nin imzalandığı gündür.

Milli Qurtuluş - millətin inamsızlıqdan qurtuluşudur; millətin öz dövlətini qorumasının, dövlətin də milləti qoruduğuna əminliyin təntənəsidir; beynəlxalq aləmdə təklənməkdən qurtuluş yoluna çıxmaq hadisəsidir bu!

Daxildə, xaricdə qurulmuş adıyaman dəzgahların pozulduğu gündür Milli Qurtuluş Günü!
Haqlıykən “haqsız” kimi qələmə verilməkdən, siyasi, ideoloji, hərbi, iqtisadi və s. təhdidlərdən qurtulmaq asan başa gəlmədi bizə. İllərimiz getdi, ömrümüz getdi… Amma o illəri, ömrü Vətənin ömrünə caladıq. Bu gün qürurla, duyğu ilə, minnətdarlıqla deyirik:

Şəhidlər ölmədi, Vətən bölünmədi! Bu qürurlu cümləni qurmaqçün Milli Qurtuluş Günündən 2016-cı ilin Aprel Döyüşlərinə, 2018-ci ilin Günnüt Əməliyyatına, 4 il öncəki Tovuz döyüşlərinə, 44 günlük müharibəyə, o müharibədən, 2022–ci ilin Sentyabr döyüşlərinə, 2023-cü ilin hadisələrinə - 23 apreldə Ermənistanla şərti dövlət sərhəddində - Həkəri körpüsündə DSX-nın postunun qoyulmasına, 20 sentyabrdakı anttiterror tədbirlərinə, Prezidentin 15 oktyabrda Xankəndidə, Xocalıda bayraq qaldırmasına, nəhayət, bu il Qazaxın 4 kəndinin azad olunmasınadək… keçən yolu yada salaq… Qurtuluş Gününün məna-mahiyyəti bu yolda yürüməklə açılır, şəkillənir, çiçəkləyir, bar verir…

Bu işlər belə olur,
Yollar belə keçilir…
Amma Yol keçməkçün o Yolu salmaq lazımdır,o Yolda usanmadan yürümək gərəkdir!

Sən yol çəkincə, yürüyüncə o yolda maneələr yaratmaqçün min hoqqadan çıxanlar da peyda olur…

Siyasi iradə, prinsipiallıq, Yanar Ürək olmadan Yolda yolçu olmaq olmur!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR