İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz müharibəmi istəyirik?

“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”. – Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri aprelin 16-da Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma törənində çıxış edərkən deyib.

Bəs Şirvan suvarma kanalının, yaxud heyvandarlığın, bitkiçiliyin geniş vüsət almasının bu yazının başlığı ilə yaxud ümumən müharibə ilə nə bağlılığı vardır? – Deyim.

Birincisi, belə bir məntiqi sual ortaya çıxır: müharibə etmək istəyən dövlət işğaldan azad edilmiş bölgələrdə, o cümlədən şərti dövlət sınırına yaxın ərazilərdə genişmiqyaslı və davamlı abadlıq-quruculuq, məskunlaşma siyasəti apararmı?
İkincisi, “qızğın müharibə hazırlıqları içində olan”, “ha bu gün - ha sabah” müharibə edəcəkmiş kimi təqdim edilən ölkə tamamilə dinc məqsədlərçün, necə deyərlər, qeyri-hərbi təsərrüfat işləri üçün bunca qayğılanar, belə mövzulara bunca üstünlük verərmi?
Üçüncüsü, bizim Müdafiə Nazirliyimiz video, foto materiallar yayaraq, Ermənistan silahlı qüvvələrinin şərti sınır boyunca hərəkətlənmə, tioplanma əyləmi içində olduğunu təkzibedilməz şəkildə ortya qoymuşkən, müharibəyə hazırlaşan Ermənistan deyil, bizmi oluruq? Bəlkə deyələr ki, şərti sınırın o tayında hərəkət edən Azərbaycan Silahlı Qüvvələrinin kolonudur? Yaxud o kolon gəlinciklər, işıldaquşlar daşıyır bəlkə? Yoxsa, xəbərimiz olmayıb, Ermənistan silahlı qüvvələri xeyriyyə aksiyası keçirir, nə bilim, işğal ziyanlarına görə bizdən üzrxahlıq etmək, minatəmizləmək üçünmü cəm olur belə?..
Bir də, müharibə hazırlıqları mövzusunun (ittihamının) içində Rusiya faktorunun qabarıq keçməsi də çox qəribdir. Necə deyərlər, “Adımı sənə qoyum”... Guya ərazisində adı bəlli, sayı təxmini Rusiya hərbi bazası olan, sınırlarını Rusiya qoruyan (arxa planında da Avropa Birliyi nəzarət edən) Ermənistan deyilmi? Rusiya ilə birgə hərbi ittifaqda olan Azərbaycandır yoxsa, Ermənistan?

Əgər Ermənistan bir qucaqdan tam qalxa bilməmiş, başqa qucaq(lar)da oturmaq istəyirsə, biz də, bu qucaqdəyişmə əyləmini görürüksə, heç olmazsa, başını aşağı salmalı, səsini də qısmalı deyilmi?..

Azərbaycan müharibə tərəfdarı olsaydı, yaxud məhz hərb yolunu daha üstün tutsaydı, daha 30 il niyə gözləyir, sülh danışıqlarında nə üçün iştirak edirdi?

Azərbaycan müharibə istəyirdisə, üç onillik boyunca atəşkəsi niyə məhz qarşı tərəfin – Ermənistanın silahlı qüvvələri pozurdu?
Qarşıdurma istəyən Azərbaycandırsa, 44 günlük müharibənin həmən ardından Sülh Anlaşması üçün 5 bəndlik baza prinsipi ilə çıxış edən kim idi bəs? Bəs beynəlxalq hüquq normalarına tam uyğun şəkildə hazırlanmış həmin 5 prinsipə vaxtında cavab verməyən yaxud baza prinsipləri ilə “həm razılaşan həm razılşamayan”, hoqqa çıxaran Ermənistan deyildimi? – “Nə hərb, nə sülh” formulunu (formulsuzluğunu!) uzun illər tətbiq edən, “dondurulmuş münaqişə”, “təmas xətti” qondaran, “müharibə nəticəsində yaranmış reallıq”lar arxasında daldalanmaq istəyən Ermənistan, indi də öz revanşizm cəhdlərini “Sülh Anlaşması olmadan işbirliyi” deyimi ilə, “güzgü prinsipi ilə geriçəkilmə” təşəbbüsü ilə pərdələmkmi istəyir? Biz uzun illər “Torpaqlarımızı istənilən yolla azad etmək hüququnu özümüzdə saxlayırıq” deyirdiksə, indi (necə deyərlər) erməni diplomatik aldatmacalarına, siyasi hiylələrinə, söz oyunlarına aldanmamaq hüququmuzdan yararlanırıq...

Yuxarıda “5 prinsipə vaxtında cavab verməyən” yarımcümləsini qurmağımız da təsadüfi deyil, əlbəttə; əlbəttə, sülhə, anlaşmaya, dialoqa ayrılan vaxt vaxtların ən gözəlidir; süründürməçiliklər, məqsədyönlü yayınmalar və s. vaxt öldürməkdir, vaxt itirməkdir. Qarşı tərəf “o gün bu gündür!” deyib, verdiyi sözləri tutmalı, ədalətli Sülhə hazırlıq iradəsini nümayiş etdirməlidir. Səmimi olmalıdır Paşinyan hökuməti; ikiüzlülükdən qəti imtina etməlidir. Ermənistanın havadarlarısa ikili standartlardan qəti şəkildə uzaqlaşmalıdır. Doğrusu, Ermənistanın, havadarlarının belə qəti imtina, uzaqlaşma poetnisalına malik olub-olmadığını qəti deyə bilmirəm. Ancaq onu qəti, dəqiq vurğulaya bilərik ki, Ermənistan ədalətli, əsl Sülh Anlaşmasına nə qədər tez gəlsə bu, ilk növbədə onun özü üçün bir o qədər yaxşıdır; bəli, bizimçün də yaxşıdır. Hər uzatma, yayınma bizə elə ziyan vurmaz ancaq Ermənistanı daha da dalana döndərər. Neynək, can onlarındır, cəhənnəm də onların olmalıdırsa, olsun...

***

Bilirsiniz, indilərdə söhbət daha çox Qazaxın 4 kəndi (Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri), ondan sonra Zəngəzur koridoru ilə bağlı gedir. – Yəni (öz ağıllarınca), Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edənlər məhz bu istiqamətləri nişan verir. Adama deyərlər, əgər biz müharibəyə hazırlaşırıqsa, onu da hər yoldan ötən-ötməyən yönünə-yörəsinədək bilirsə, daha bu nə hazırlıq oldu? Bundan daha əfzəli, əgər Paşinyan başda olmaqla Ermənistan hökuməti bilirsə və etiraf edirsə ki, o dörd kənd Azərbaycana məxsusdur, bəs onda həmin kəndləri niyə kirimişcə boşaltmırlar? Daha nə qədər, nəyi və niyə gözləməliyik? “Sülh tərəfdarları” müharibəmi istəyir, bizi müharibəyəmi sövq edirlər?

Bir də, axı niyə 4 kənd? Bəs digər 4 kənd? – Onları Ermənistanamı verəcəyik? – Bax, Ermənistan başbilənləri belə əlləm-qəlləm danışır. Guya sülhpərvərdirlər ancaq işğal altındakı kəndlərimizin tən yarısından söz açmır, digər 4 kəndisə “həm qaytarır həm qaytarmır”... Sonra da deyirlər, “Azərbaycan müharibəyə hazırlaşır”...

Hələ öz içimizdən də müharibə ittihamçılarına züy tutanlar tapılır: bəs deməzsənmi, 4 kənd üçün müharibə etməyə dəyməz-filan... İndi neynəməli - sınırın o tayında cəmlənən hərbi kolonları izləməli, önləməli, yoxsa, öz içimizdəki “beşinci kolon”larımı?.. Dəmir Yumruq möcüzələr yaratdıqca, opponentlərin “arqumentlər”i sıfırlanınca, illər sonra mitinq etməkmi düşdü yadlarına? Nə düşünür, nə hədəfləyir? Dövlətin, xalqın uğuruna sevinib böyütmək lazımkən, yaxın-uzaq coğrafiyada qeyri-müəyyən ortamlar hasilkən, öz siyasi hikkəsini qabardanlara “beşinci kolon” deyilməz, bəs nə deyilər?

Azərbaycan müharibə istəməyib, istəmir, istəməyəcək də. Azərbaycan bıçaq kəmiyə dirənəndə cavabını verir, məhz hərb meydanında öz qızıl ləyaqətini göstərir, öz haqqını comərdcəsinə savunur, işğalçını iti qovan kimi qovur. – Bax, bu cümlələr belə bir daha onu ifadə edir ki, bizi müharibəyə vadar etmək lazım deyil... Müharibədə suçlamaqsa heç lazım deyil!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR