İnsanlara hürriyət, millətlərə istiqlal!

"Birgə təlim" şousu: 43 km-i qoruya bilməyən Ermənistan, Zəngəzurda "terrorçu" axtaran İran

 

İran və Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 9-10 aprel tarixlərində birgə hərbi təlimlər keçirməsi Azərbaycan üçün sıradan bir məsələ deyil. Baxmayaraq ki, hər ölkə öz ərazisində təlim keçirir, adını “birgə” qoyurlar, burada fitnə-fəsadın olduğunu görmək an məsələsidir.

Rəsmi məlumata görə, təlim Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə tədbirləri əhatə edir. Görəsən bu iki ölkənin sərhədlərindən nə qədər terrorçu keçir ki, onların hücumlarının zərərsizləşdirilməsi üçün hərəkətə keçiblər? İran-Ermənistan sərhədinin uzunluğu 35 km-dir, bəzi mənbələrdə 43 km də yazılır. Zəngəzur dəhlizinin keçdiyi ərazini nəzərə alsaq, elə ikinci rəqəmi götürək. İki ölkənin sərhədçiləri bu qədər məsafəni nəzarət altında saxlaya bilmirlərmi ki, hay-küylü birgə hərbi təlimlər də keçirirlər? Məntiqlə İran 534 km sərhədi olan Türkiyə ilə sözügedən təhlükə ilə bağlı hərbi təlimlər keçirməli idi. Amma vaxtaşırı terrorçuların Türkiyə ərazisinə sızmasının qarşısını almaqdan ötrü qardaş Türkiyə İranla sərhədə hasar çəkməli, xəndəklər qazmalı olub, Tehran isə özünü heç nə olmamış kimi aparıb. Yaxud elə bu yaxınlarda Türkiyə rəsmən açıqladı ki, İrandan Suriya ərazisinə terrorçu qruplaşmaların keçməsinin qarşısı alınıb. İran Suriya, yaxud İraqla niyə birgə hərbi təlimlər keçirmir?

Yaxud elə iki il öncə, 2023-cü ilin mayında Əfqanıstanın Nimruz vilayəti ilə İranın Sistan və Bəlucistan ostanları arasında silahlı toqquşma baş verdi, hətta rtilleriya işə salındı, hər iki tərəf itki verdi. Məntiqlə, birgə hərbi təlimlər bu ərazilərdə keçirilməli idi. Amma Tehran nədənsə İrəvanla bu sahədə də əməkdaşlıq etməyə qərar verib. Deməli, burada terrorçularla mübarizədən söhbət gedə bilməz, pərdəarxası maraq-məqsədlər var.

Son üç həftə ərzində Ermənistan davamlı şəkildə şərti sərhədlər boyunca Azərbaycanın mövqelərini atəşə tutur. Hətta Nikol Paşinyan iddia edib ki, o, ordusuna atəş açmamağı tapşırıb. Hətta erməni baş nazirə inansaq, belə çıxır ki, atəşkəsi pozanlar Ermənistan ordusundakı Yerkrapa terror təşkilatının üzvləridir, onlar bu yolla Paşinyana da mesaj verirlər. Terrorçuların təhlükəliləri, həmçinin Qarabağda məscidləri, qəbirləri darmadağın edən canilər erməni ordusunda olduqları halda, müsəlman qonşumuz hansı məntiqlə Ermənistan ordusu ilə “terrorizmə qarşı mübarizə” təlimi keçirir?

Ermənistan 2025-ci ilin 1 yanvarında etibarən Rusiya sərhədçilərini İranla sərhəddən də çıxartdı ki, “öz sərhədlərimizi özümüz qoruyacağıq”. Meğri və Əkərək şəhərlərinin yerləşdiyi bu səmtdə Ermənistanın “Karçevan” nəzarət-buraxılış məntəqəsi var, İran tərəfdəki məntəqənin adı isə “Norduz”dur. Azərbaycanın Naxçıvan və Zəngilan arasındakı bu qısa məsafədə neçə terrorçu tutulub ki, həm Tehranda, həm də İrəvanda təşvişə düşüblər? Necə olur ki, iki ölkənin sərhədçiləri 35-40 km-lik əraziyə nəzarət edə bilmirlər? İranın Azərbaycanla sərhədinin uzunluğu 689 km-dir, Ermənistanla müqayisədə dəfələrlə çox. Üstəlik, həm quru, həm su sərhədimiz qaçaqmalçılar və digərləri tərəfindən pozulur, Azərbaycan sərhədçiləri əzmlə mübarizə apardığı, hətta bəzən itkilər verdiyi halda, İran özünü elə aparır, sanki nə ordusu var, nə sərhədçisi, nə də sərhədi. Birgə təlimlər İran-Azərbaycan sərhədində lazımdır, yoxsa Zəngəzur dəhlizində?..

Real terrorçunun yerini elə dünən, İran-Ermənistan birgə təlimlərinin başlandığı gün Azərbaycan Prezidenti Bakıdakı beynəlxalq Forumda söylədi.

Dövlət başçımız 023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını, bu aktı törədən caninin hələ də “ruhi xəstə” adı altında cəzalandırılmadığını xatırlatdı. İranın ordu komandanlığı diplomatlarımıza silahlı hücum edib, bir nəfəri qətlə yetirən, digərini yaralayan terrorçunu Tehranda bəsləyib, Ermənistan sərhədində nə axtarır?

Nikol Paşinyan sevincək yazdı ki, yanvarın 1-dan İran və Ermənistan arasında ümumi sərhədə nəzarəti yalnız Ermənistan Respublikasının sərhədçiləri təmin edir. Daha sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Sərhədin bu hissəsini bundan sonra öz qüvvələrimiz qoruya bilər”, deyib öyündü. Hətta Paşinyan iddia edirdi ki, 2020-ci ilin 10 noyabr bəyanatının 9-cu bəndi həyata keçirilərsə, yəni Zəngəzur dəhlizi açılarsa, o halda Ermənistan təhlükəsizlik qüvvələri təhlükəsizliyi qoruya bilər, Rusiya sərhədçilərinə ehtiyac yoxdur. Ermənistan beləmi qoruyacaqdı Zəngəzur dəhlizindən keçən qatarların, avtomobillərin, sərnişinlərin təhlükəsizliyini? Yoxsa bu ərazidəki birgə hərbi təlimlərlə Zəngəzur dəhlizinə birgə nəzarət iştahı nümayiş etdirirlər?

Budur, Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkə vətəndaşlarını girov götürülmək riskinə məruz qalmamaları üçün İrana səfər etməkdən çəkinməyə çağırıb. Bu hadisə də təlimlər başlanan gün baş verib. “Bütün soydaşlarımızdan İrana səfər etməməyi xahiş edirəm, eləcə də hazırda İranda müvəqqəti yaşayan vətəndaşlarımızdan Fransaya qayıtmalarını istəyirəm”, - deyə Fransa XİN rəhbəri vurğulayıb. İranda girov saxlanılan Fransa vətəndaşlarının azadlığa buraxılması üçün Tehrana edilən davamlı təzyiqlərə toxunan Jan-Noel Barrot qeyd edib ki, İslam Respublikasında fransızların özbaşına həbs edilməsi təhlükəsi daha yüksəkdir. Camaat İranı təhlükəli ölkə olaraq hallandırır, Tramp bu ölkəyə qarşı yeni sanksiya qərarları verir, İran isə o tərəfdə Türkiyəni təhdid edir, bu tərəfdə də Azərbaycanı. Bu, nə dini-İslam, nə insaf-mürüvvət, nə qonşuluq?! Bir də ki, Məsud Pezeşkianın Azərbaycana gəlişi ərəfəsində, İran rəsmilərinin Bakıya intensiv səfərləri fonunda İranın hərbi kanadının bu, nə tamaşasıdır? Yoxsa yenə “qırmızı xətt” söhbətidir?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR