İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir saata etibarsız elan ediləcək sülh sənədi – Onu imzalamağa dəyərmi?

Ermənistan rəhbərliyinin müharibəyə hazırlaşmadığını, onun beynəlxalq ictimaiyyətə ünvanlı sülh boşboğazlığını iki faktla asanca faş eləmək olar. Onlardan biri əlbəttə ki, İrəvanın ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını israrla danması, digəri isə hələ də üzdəniraq Minsk Qrupundan (MQ) bərk-bərk yapışmasıdır.

Odur ki, sülh sənədinin mətni razılaşdırılsa da, bu, işin yekunlaşması anlamına gəlməz. Çünki Bakının haqlı narahatlığı yerində qalır və zərrəcə azalmayıb. Dəfələrlə deyildiyi kimi, Azərbaycan Paşinyan hökuməti ilə yox, Ermənistanla sülh sənədi imzalamaq istəyir. Elə bir sənəd ki, məsələn, Qars Müqaviləsi kimi bütün zamanlar üçün hüquqi qüvvəyə malik olsun, bir daha iki xalq arasında müharibəyə, qırğınlara imkan və fürsət yaratmasın...

Əfsus ki, Ermənistanın hazırkı “Əsas Qanun”u gələcəkdə təzədən Azərbaycana qarşı təcavüzə başlamaq üçün sanki ehtiyat variant kimi saxlanılır. İrəvan başımızın altına yastıq qoyub, bizi yuxuya verməyə çalışmaqda, altdan-altdan isə sürətlə silahlanmaqdadır. Daha çox da müdafiə yox, hücum silahları ilə.

Kapitulyant tərəfin “gorbagor” olmuş Minsk Qrupunun bərpasına yönələn cəhdləri də yüzdə yüz eyni məkrli hədəfə hesablanıb və gələcək hücum planlarına “hüquqi don” biçmək niyyəti güdür. Yəni guya “Dağlıq Qarabağ” konflikti hələ bitməyib. Az öncə İrəvanda Avropa İttifaqı nümayəndələri ilə keçirilən tədbirin yekun bəyanatında, - hansını ki, Paşinyan təmsilçiləri də dəstəkləmişdi, - hətta “Madrid prinsipləri”nə qayıdışın zəruriliyi vurğulanır, MQ-nin adı çəkilirdi...

Sadalananlar, xüsusən də sürətli hərbiləşmənin davam etməsi İrəvanın ölkəmiz əleyhinə gizli və son dərəcə təhlükəli gündəminin qaldığını bariz şəkildə təsdiqləyir. Bütün bu danılmaz gerçəklilər fonunda hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan görün dünən nə sayıqlayıb.

Ovannisyan öncə iddia edib ki, guya “Prezident İlham Əliyevin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə bağlı bəyanatları ölkədə gərginlik yaratmaq üçün təzyiq aləti qismində istifadə eləmək məqsədi güdür”. Ardınca ərz edib ki, konstitusiya dəyişikliyi ölkənin daxili işidir və “heç kim Ermənistanın daxili işlərimizə qarışa, onu nəyəsə məcbur edə bilməz”. Bu zaman unudub ki, əgər bir ölkənin konstitusiyasında qonşu ölkəyə qarşı torpaq iddiası varsa, onun dəyişdirilməsi artıq həmin ölkənin “daxili işi” sayılmaz.

“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması ilə bağlı ittihamlara gəlincə, bu məsələ sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı reqlamentin qəbulu, həmçinin beynəlxalq öhdəliklərin iki ölkənin daxili qanunvericiliyindən yüksək tutulacağını bildirən sülh müqaviləsinin mətninin razılaşdırılması prosesində həllini tapıb”.

Bu da Artur Ovannisyanın sözləridir.

Söhbət 17 maddəlik sənəd mətnində əksini tapmış, “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz” bəndindən gedir...

Bu hələ Paşinyanın rəhbər olduğu guya ən mötədil erməni siyasi kəsimin rəsmi şəxsidir. Amma utanmadan o da gözümüzdən pərdə asmağa cəhd edir. Bilə-bilə ki, heç bir beynəlxalq anlaşma ölkə konstitusiyasından üstün hesab olunmur. Qısası, tam bir siyasi demaqogiya.

Aydındır ki, təzə hakimiyyət, xüsusən də Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin mövcud konstitusiyasını və Müstəqillik Aktını əsas götürüb cəmi bircə saatın içində Azərbaycanla yazılı anlaşmanı asanca etibarsız elan edə bilər. Ona görə də belə ucuz oyunlar keçməz. Bakı İrəvanla istənilən an dəyərini itirəcək sülh sənədi imzalamayacaq və... nida işarəsi!

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR