Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşünün tarixini və yerini açıqlayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, sammit 2025-ci il avqustun 15-də Alyaskada keçiriləcək. Prezident Tramp əlavə edib ki, görüşün dəqiq gündəliyi və digər detalları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
“Putinlə görüşümüz 15 avqustda Alyaskada baş tutacaq. Hazırda detalları hazırlayırıq. Tezliklə daha ətraflı məlumat verəcəyik,” – deyə ABŞ Prezidenti qısa bəyanatında bildirib.
Bu açıqlama həm ABŞ, həm də beynəlxalq ictimaiyyət üçün böyük maraq doğurub. Çünki Alyaska coğrafi baxımdan Rusiya ilə ABŞ arasında ən yaxın nöqtə hesab olunur və iki nəhəng dövlətin liderlərinin məhz burada görüşməsi simvolik və strateji mesaj kimi qiymətləndirilir.
Gözləntilərə görə, görüş zamanı Ukrayna müharibəsi, Cənubi Qafqazda sülh prosesləri, NATO-nun genişlənməsi, Çin və İranla bağlı təhlükəsizlik məsələləri, eləcə də enerji və silahlanma balansı kimi qlobal gündəmdəki ən kritik məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu, Trampın ikinci prezidentliyi dövründə Putinlə ilk bilavasitə görüşü olacaq. Onların son dəfə rəsmi formatda təmasları 2019-cu ildə Yaponiyada keçirilən G20 sammiti çərçivəsində baş tutmuşdu.
Alyaska görüşünün Vaşinqton və Moskva münasibətlərində yeni mərhələ yaradacağı, həmçinin tərəflərin bir çox qlobal məsələdə yenidən danışıqlar masasına əyləşməsi üçün təməl rolunu oynayacağı gözlənilir.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ