İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir qəzada 5 ölü - sovet maşınları nə vaxt yığışdırılacaq...

Eldəniz Cəfərov: “Hazırkı vaxtda sovet maşınlarına qadağa qoyulması doğru olmazdı, çünki... ”

Yol qəzaları dəm qazı kimi can almağa davam edir. Yanvarın 24-də saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində 5 insan həyatını itirib.

Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkətdə qarşıdan gələn rayonun digər sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin “Niva” markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər həyatını itirib.

VAZ 2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Şübhə yox ki, toqquşan sovet maşınları olmasaydı, itki daha az olardı. İnsan faktoru, qaydaları pozma faktları öz yerində, bəs konserv qutusu sayılan sovet maşınları yollardan nə vaxt yığışdırılacaq?

Mütəxəssislər də bildirir ki, sovet maşınlarının çoxu bu gün texniki baxımdan müasir avtomobillərlə müqayisədə təhlükəsizlik standartlarına uyğun deyil. Onların əksəriyyəti, xüsusilə “Jiquli”, “Qaz-24", ”Niva" kimi modellər, nə qəza zamanı zərbəni udmaq qabiliyyətinə, nə də müasir təhlükəsizlik sistemlərinə malikdir. Məsələn, çox nazik və köhnəlmiş metal konstruksiyalar qəza zamanı sərnişinləri qorumaq əvəzinə, daha böyük risk yaradır. Həmçinin bu avtomobillərdə hava yastıqları, ABS sistemi və digər müasir təhlükəsizlik texnologiyaları yoxdur. Yaşları 30-50 ildən çox olan bu avtomobillərdə texniki baxım düzgün aparılmadıqda, əyləc sistemləri və mühərriklər də nasaz olur.

Eləcə də VAZ 2106 sovet dövrünün ən populyar avtomobillərindən biri olub.  Sadə quruluşu, ucuz ehtiyat hissələri və dözümlü mühərriki ilə bu model həm şəhər, həm də kənd yerlərində geniş istifadə edilib. Lakin bu avtomobilin texnoloji imkanları artıq müasir dövrün tələblərinə cavab vermir və təhlükəsizlik baxımından ciddi problemlər yaradır. Belə ki, VAZ 2106-da istifadə olunan nazik metal konstruksiya qəza zamanı sərnişinləri qorumaq üçün yetərli deyil. Avtomobilin karkası güclü zərbələrə davam gətirmir və qəzalarda ölüm riskini artırır.

Mütəxəssislər qeyd edir ki, hələ də bu cür maşınlardan istifadə edilməsinin səbəbləri aşağıdakılardır:

  1. Aşağı qiymət: İkinci əl bazarında sovet maşınlarının qiyməti münasibdir, buna görə də maddi imkanı məhdud olanlar bu avtomobillərə üstünlük verir.
  2. Nostalji hissi: Bir çox insan bu avtomobilləri sadəcə keçmişə olan bağlılıq səbəbindən saxlayır.
  3. Alternativlərin çatışmazlığı: Bölgələrdə müasir avtomobillərə çıxış məhduddur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Zamanında bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da əsasən sovet istehsallı avtomobillər populyar olub. Xarici avtomobillər çox nadir hallarda ölkəyə gətirilirdi. Daha sonrakı dövrdə bu avtomobillər Azərbaycanda Rusiya istehsallı avtomobillər kimi populyar idi. Əsasən bölgələrdə Yaponiya, ABŞ və Avropa istehsalı olan avtomobillərin rəsmi dilerləri və servis mərkəzləri olmadığına görə insanlar Rusiya istehsallı avtomobillərə üstünlük verirdilər, xüsusilə onların təmirinin asanlığı səbəbindən. Statistikaya baxanda da görürük ki, Rusiya istehsallı avtomobillər top 5-likdə idi. Yəni Rusiyanın avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan 5-ci yerdə idi və bu da əhəmiyyətli bir göstərici idi.

Daha sonrakı mərhələdə, Rusiya avtomobil sənayesi çökdükdən sonra onların yerini xarici istehsallı avtomobillər tutdu.

İndi isə birdən-birə Rusiya istehsallı və ya köhnə sovet avtomobillərindən imtina etmək mümkün deyil. Çünki bu avtomobillər bəziləri üçün qazanc mənbəyidir, digərləri üçün isə hərəkət etmək imkanı yaradır. Ona görə də düşünürəm ki, biz hazırkı vəziyyətdə, Azərbaycan avtomobil parkında bu avtomobillərin çoxluq təşkil etdiyi bir dövrdə, onların istismarını qadağan etməyimiz doğru olardı. İnsanlar nəqliyyat vasitəsiz qala bilər. Amma mərhələli şəkildə artıq görürük ki, ölkənin avtomobil parkı yenilənməyə doğru gedir. Əsasən də ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənir, həmçinin yenilənmə ilə bağlı əlverişli şərtlər təqdim olunur və sair.

Həmçinin utilizasiya prosesi də başlayıb - köhnə maşınlardan azad olmaq üçün könüllü utilizasiya prosesi. Yəni sovet maşınlarının sıradan çıxması üçün bir qədər vaxt və mərhələ lazımdır. Bununla bağlı ən mühüm qərarlardan biri isə 2023-cü ilin mart ayında Nazirlər Kabinetinin qəbul etdiyi qərar oldu - avtomobil parkının köhnəlməsinin qarşısını almaq məqsədilə ölkəyə yaşı 10 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırıldı. Bu proseslər yavaş-yavaş davam edir. Gedişatla, təbii yolla, avtomobil parkı yenilənəcək. Amma qeyd etdiyim kimi, hazırda bu qadağanın tətbiqi doğru olmazdı".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR