İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir deyil, 9 fələk olduğunu bilirdizmi: Bədənimizdəki 9 kosmik qapı - SİRLİ BİLGİLƏR

İnsan bədəni yalnız maddi deyil, həm də metafizik və kosmik məna daşıyan bir quruluşdur. Ənənəvi İslam fəlsəfəsində, xüsusən də sufi və batini təlimlərdə “9 fələk” anlayışı ilə insanın bədənindəki “9 çıxış nöqtəsi” arasında güclü bir əlaqə qurulur. Bu baxışa görə, insan bədəni bir növ kiçik kainatdır (əl-insan əl-kəbir) və göylərdəki hər bir fələk bədəndə öz “qapısını” idarə edir.

Bu mövzuda Musavat.com-un hazırladığı analitik yazıdan çox şeylər öyrənə bilərsiz. Onun üçün səbrinizi toplayıb, bu yazımızı sona qədər oxuyun.

Başlayaq: Qədim alimlər və sufilər insanı yaradılmışların ən mükəmməli sayaraq bildirirdilər ki, kainatın strukturu ilə insanın strukturu arasında energetik uyğunluq vardır. Göydə 9 fələk varsa, bədəndə də bu fələklərlə əlaqəli 9 çıxış nöqtəsi mövcuddur.

Bu 9 çıxış bədənimizdə maddi-funksional məna daşımaqla yanaşı, ruh və şüurla bağlı qapılardır. Bu qapılar həm nəfsin keçid nöqtələri, həm də ilahi nurun daxil olduğu kanallardır. Hər qapının qorunması üçün sufilər xüsusi zikrlər və nəfslə işləmə metodları işləyib hazırlamışdılar.

İnsan bədənindəki 9 çıxış və onların nəzarətində olan fələklər

1. Ağız - Günəş (Şəms) fələyi.

Danışdığımız sözlər, udduğumuz qida, oxuduğumuz ayələr… hamısı ağızla daxil olur. Günəş kimi həyat verir, ya da yandırır.

Sufilər deyir: “Sükut nurdur, söz isə məsuliyyət”.

Zikr, Quran tilavəti və susmaq (səssizlik təlimi) – bu qapını Günəşlə uyğunlaşdırır.

Bu önəmli qapının qorunması üçün zikr kəlmələri bunlardır: Ya Haqq, Ya Nur...

2. Burun - Ay (Qəmər) fələyi. Ruhun nəfəsi, intuisiyanın qapısı.

Ay gecəni necə işıqlandırırsa, burun da ruhun nəfəsini alır. Bu qapı təmiz nəfəs, ruhanilik və intuisiya ilə bağlıdır. Ən kiçik çirklənmədə intuisiya itib gedir.

Rəbtə nəfsi (nəfəs təlimləri, nəfəsi sayaraq zikr etmək) ilə bu qapını qorumaq mümkündür.
Zikr üçün sözlər: Ya Lətif, Ya Rəhim.

3. Sağ göz - Mars (Mirrix) fələyi.

Hər göz fərqli enerjini alır. Sağ göz güc və qərar, sol göz mərhəmət və eşqdir. Harama baxmamaq bu qapıların qorunması üçün əsas vasitədir. Sufilər tez-tez göz yaşını “gözün zəkatı” adlandırırdı. Bu baxımından ağlamaq təmizlənmə yoludur.
Sağ göz üçün zikr kəlməsi: Ya Cabbar.

4. Sol göz - Venera (Zühra) fələyi.

Gözəllik, mərhəmət və eşq baxışı sol gözdədir.
Sol göz üçün zikr kəlmısi: Ya Vədud.

5. Sağ qulaq - Yupiter (Müştəri) fələyi.

Haqqı eşitmək, hikmətə açılmaq üçün qapı sağ qulaqdadır. Qulaq qapıları üçün əsas təlim qeybətdən çəkinmək və zikr eşitməkdir. “La ilahə illəllah” zikrinin dinlənməsi bu qapıları təmizləyir, qəlbi ilahi səsə açır. Sührəvərdi deyirdi: “Eşitmək könlün aynasıdır, nə eşidirsənsə, ona dönərsən.”

6. Sol qulaq - Saturn (Zühəl) Fələyi.

İntizam və səbirli qavrayışı əks etdirir.
Zikr kəlməsi: Ya Sabur.
Mənası Səbirli eşitmə, qəlbi dinləmədir.
Sol və sağ qulağı nəfsdən qorumaq üçün susaraq dinləmək, mənasız səslərdən uzaq durmaq, daxili sakitliyə yönəlmək lazımdır.


7. Cinsiyyət orqanı - Atlas fələyi (Əfləkül-əflək).

Yaradılış gücü, nəslin davamı, ilahi təcəllanı simvolizə edir.

Bu ən həssas və riskli qapıdır.

Bu bədən qapısı ilahi enerjinin yaradıcı çıxış nöqtəsidir. Nəslin davamı, bədənin nizamı, nəfsin sınandığı məkandır. Bu qapı ya səni yüksəldər, ya da enişə sürükləyər.

Nəfsin tərbiyəsi, halal münasibət və oruc – bu fələyi müsbətə yönəldir.

Onun nəzarətdə saxlanması üçün sufilər oruc, təklikdə qalma (uzlət) və zikrlə nəfsi ram etməyə çalışırdılar. Bu qapını qorumaq “kamil insan” olmaq üçün ən vacib şərtlərdən sayılırdı.

Onun üçün zikr kəlmısi də maraqlıdır: Ya Mucib, Ya Məlik.

8. Sidik yolu - Merkuri (Utarit) fələyi.

Zehni və fiziki artıqdan təmizlənmə qapısıdır. Sidik yolu ilə yalnız bədən deyil, ağıl da boşalır, yüngülləşir.
Təmizlik və düzgün təmrinlər – bu qapını nizamda saxlayar.

Sufilər üçün bu qapı həm də mənəvi “kirlərin” çıxış nöqtəsidir. Dəstəmaz, təmizlik və içsəl paklıq bu qapının əsas tənzim üsuludur. Təsəvvüfdə təmizlik yalnız bədənə yox, qəlbə aiddir.

Bu qapı üçün zikr kəlmısini də yazırıq: Ya Təbib, Ya Kafi.

9. Nəcisdəlik (anus) - Ulduzlar fələyi (Sabit ulduzlar).

Fiziki və mənəvi tullantının çıxışı, qurtuluşu simvolizə edir.
Sufizmə görə bu, təmizlik vərdişləri, dəstəmaz və təmizlik şüuru yaratmaq üçün vasitədir. Bu qapı fiziki deyil, həm də mənəvi tullantılardan qurtulmaq üçündür.

Bu fələyin zikr kəlməsi: Ya Quddus.

Bir baxaq görək, sufilər bu modelə necə yanaşırdı?

İslam mistisizminin böyük adlarından olan İbn Ərəbi 9 qapını insanın “batin sirləri” adlandırırdı və onları “nəfsin açarları” kimi təqdim edirdi. Onun “Füsus əl-Hikəm” əsərində bu qapıların nəzarətdə saxlanmasının necə mənəvi yüksəliş verdiyi geniş şəkildə izah olunur.

Sührəvərdi bu qapıları “nurla zülmət arasında körpü” adlandırır və deyirdi: “Əgər insan bu 9 qapının keşikçisi olarsa, öz ruhunu azad edər”.

Bahaəddin Nəqşbənd zikri səsli yox, sükutla etməyi təlqin edirdi. Çünki o, bu qapıların çoxunu daxildən – yəni düşüncədən və niyyətdən qorumağın daha effektiv olduğuna inanırdı.

Şeyx Əbdülqadir Qeylani bu 9 çıxışı nəfsin qapıları adlandırırdı. Bu qapılar vasitəsilə insan həm şeytani təsirlərə açıq olur, həm də onları təmizləyərək nuraniyyətə çata bilir inancını təbliğ edirdi.

Sufilərə görə, bu çıxışların hər biri nəzarət altına alındıqda, fələklərin enerjisi ilə uyğunlaşma baş verir və insan “kamil insan”a çevrilməyə başlayır.

Bu mistik modelin məqsədi bədəni təkcə bioloji mexanizm kimi deyil, ruhani və kosmik bir varlıq kimi dərk etdirməkdir. Hər fələk bir qapıya, hər qapı bir məsuliyyətə çevrilir. İnsan bu 9 qapını qorumağı bacardıqda, ilahi nizama uyğunlaşır, kainatla harmoniyaya girir.

Sufilərin bu təlimləri göstərir ki, insan bədəni sadəcə fiziki quruluş deyil. O, İlahi aləmlə təmas nöqtəsidir. Bu qapılar açıq qalarsa, insan şeytani təsirlərə məruz qala bilər. Qapılar bağlanar və nurla dolarsa, insan kamillik yoluna qədəm qoya bilər.

Musavat.com olaraq oxucularımıza tövsiyəmiz budur: bədəninizə sadəcə əzələlərdən ibarət struktur kimi baxmayın. O, həm də Allahla rabitənizdir. Bu qapılar sizin ruhani təhlükəsizlik sisteminizdir. Onları qorumaq isə yalnız ibadətlə deyil, həm də şüurlu yaşamla mümkündür.

Musavat.com,
Analitik bölüm

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR