Onlayn ictimai-siyasi qəzet
Son illər cəmiyyətimizdə sakitcə yayılan, amma nəticəsi faciəyə çatan bir problem var – narkotik asılılığı.
Bu bəla insanın canını içindən yeyir, ailəsini dağıdır, gələcəyini puç edir. Gözə görünmür, amma fəlakət gətirir.
Araşdırmaçı-ekspert Məhbubə Mehdiyeva Musavat.com-a şərhində narkotik asılılığının necə yarandığını şərh edib:
“Əvvəlcə hər şey “bir dəfə sınadım”la başlayır. Amma o “bir dəfə” elə olur ki, insan öz iradəsini itirir. Beyin bu maddəyə öyrəşir, insan artıq narkotiksiz yaşaya bilmir. Hər dəfə daha çox istəyir, doymur. Bir növ “sudan çıxan balıq” kimi çırpınır. Axırda maddə insanın deyil, insan maddənin əlində əsir olur.
Narkotik hər kəs üçün təhlükəlidir, amma bəzi insanlar bu bəlanın toruna daha tez düşür:
- Yaşadığı yerdə narkotik istifadəçisi olanlar
- Mühitində diqqət, qayğı görməyən gənclər
- Psixoloji sıxıntı keçirənlər
- Aşırı sevgi
Ən çox hədəf kütləsi yeniyetmələrdir, çünki bu yaşda nə ağıl tamamdır, nə də həyat təcrübəsi.
Bəzən insan sadəcə dostuna uyğunlaşmaq üçün, “məni geridə qoymasınlar” deyə narkotikə əl atır. Amma el deyib: “Bəla gələndə qapını döyməz””.
M.Mehdiyeva dünya təcrübəsi barədə də danışıb:
“Bu problem təkcə bizdə deyil. Bütün dünyada narkotiklərlə bağlı vəziyyət çox ciddi xarakter alıb. Amma elə ölkələr var ki, narkotik istifadəsi göydə uçur, elələri də var ki, sanki bu bəla onlara yaxın düşməyib.
Ən çox narkotik istifadə edən ölkələr sırasında ABŞ birinci yerdədir. Fentanil, heroin və digər güclü maddələrə görə hər il minlərlə insan həyatını itirir.
Maarifləndirmə kampaniyaları, dərmanla müdaxilə (nalokson) və reabilitasiya proqramları həyata keçirilməklə problemin qarşısını nisbətən almağa çalışırlar.
Kanadada xüsusilə gənclər arasında marixuana və sintetik maddələr yayılıb. Bu ölkədə yaradılan “Təhlükəsiz istifadə məkanları”nda maddə istifadə edənlər tibbi nəzarət altında olur ki, ölməsinlər.
Rusiya və İranda isə sərt cəzalar tətbiq olunur, amma yenə də opiat istifadəsi yüksəkdir”.
Sosioloq qeyd edib ki, cəza bəzən nəticə vermir – insanı cəmiyyətdən uzaqlaşdırır, çıxış yolunu bağlayır:
“Ən az narkotik maddə istifadəlisi olan ölkələr Yaponiya, Sinqapur, Cənubi Koreyadır. Bu ölkələrdə narkotikdən istifadə çox aşağı səviyyədədir, çünki qanun sərtdir – “bir yol gedən bir də gedə bilmir”.
Eyni zamanda məktəb və ailə ciddi nəzarət tətbiq edir. Cəmiyyət bu məsələyə qəti reaksiya verir – el içində adı çıxan adamı heç kim qəbul etmir. Uşaqlıqdan tərbiyə verilir: “ayağın büdrəmədən əvvəl səni tutan olsun”.
Yaponiya narkotiklə mübarizədə dünyaya örnək sayılır. Onların yanaşması belədir: Sıfır dözümlülük: Qanunu pozan istisnasız cəza alır.
Məktəb və ailədə maarifləndirmə güclüdür. Uşaqlara kiçik yaşlarından narkotik barədə məlumat verilir. Maddədən xilas olmaq istəyənlərə psixoloji, tibbi və sosial yardım göstərilir.
Bu bizə də örnək ola bilər. “Yaxşı qonşunun təcrübəsi pis qonşuya dərs olar””.
Sosiloq bu suala belə cavab verib:
“Bu, uzun və çətin bir yoldur. Təkcə dərmanla yox, psixoloji dəstək, ailənin dayaq durması, insanın öz içində bu bəladan qurtulmaq istəyi vacibdir.
Ən vacibi: İnsan öz halını qəbul etməlidir. Sonra isə addım-addım müalicə, dəstək və nəzarətlə normal həyata qayıtmaq olur. Biz qınamamalıyıq, kömək etməliyik.
Narkotik təkcə bir nəfərin dərdi deyil – hamımızın dərdidir. Bu yolda birgə mübarizə aparmaq, susmamaq, gizlətməmək lazımdır. Valideynlər övladlarına qulaq asmalı, müəllimlər gənclərlə açıq danışmalı, cəmiyyət isə bu insanları qınamaq əvəzinə onlara çıxış yolu göstərməlidir.
Kiçik görünən təhlükələri vaxtında görək, qorunaq və qoruyaq”.
Nigar,
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ