İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ağıllı yüz populistə necə uduzur? – Erməni xalqının bəlalarının qaynağı

Ermənilərlə aramızdakı qarşılıqlı total nifrət çox vaxt tam obyektiv olmağa, soyuq düşünməyə imkan vermir. Bu üzdən hesab edirik ki, “onların hamısı belədir”, “hamısı nasistdir”, “hamısı xəstədir”, “hamısı şərbazdır”, “hamısı revanşistdir” və sair və ilaxır.

Onlar da bizim haqqımızda elə düşünür.

Amma özümüz bilirik ki, bizim hamımız millətçi deyilik, aramızda bir xeyli kosmopolit də var. Hələ 3 il öncə də hamımız revanşist deyildik, xeyli qatı pasifistlərimiz də vardı, hərbi canilərdən qisas almadan sülhə getmək lazım olduğunu deyirdilər.

Heç demə, ermənilərin arasında da soyuq düşünən, millətin xoşbəxt gələcəyinin nədə olduğunu açıq mətnlə deyən adamlar varmış.

Pis olan odur ki, belə adamlar həm azdırlar, həm də ümumi qara-qışqırıqçıların nifrət dolu xorunda səsləri eşidilməzdir. Bəziləri də real və virtual linç qorxusundan susmağa məcburdur.

Ancaq indi ermənilər üçün yaranmış əlverişsiz şəraitdə onlar cəmiyyətə alternativ düşüncə tərzi təklif edirlər.

Düzdür, belə şəxslərin sözü yenə eşidilməyəcək, ermənilərin silsilə məğlubiyyətləri üzündən aşıb-daşan nifrətlərini, hikkələrini idarə edə biləcəklərinə, cilovlayacaqlarına inam yoxdur, amma yəqin ki, başqa cür düşünənlərin sayı bir qədər artacaq.

O cür adamlardan biri ictimai-siyasi xadim Sarkis Asatryandır. Bu günlərdə o, dünya ermənilərinə, Ermənistan vətəndaşlarına müraciət ünvanlayaraq, xalqının gələcəyini necə gördüyünü, ermənilərin bundan sonra nə etməli olduqlarını açıqlayıb.

“Deyəcəklərim ilk baxışdan çox xoşagəlməz görünə və xüsusən də ermənilərin qulaqlarını cırmaqlaya bilər. Amma sərt həqiqət hər yalandan qat-qat yaxşıdır, hətta bu yalan çox şirin olsa belə”, - deyə sözünə başlayan Astaryanın fikirlərindəki praqmatiklik ilk növbədə özünü Türkiyə və Azərbaycanın münasibətlərinə olduqca ağıllı və dürüst qiymət verməsilə göstərir. O deyir: “Birincisi, biz ermənilər aydın başa düşməliyik ki, qonşularımız olan Azərbaycan və Türkiyə yaxın onilliklərdə bir-biri ilə “bir millət-iki dövlət” prinsipi ilə birliklərini möhkəmləndirəcəklər. Türkiyə ilə Azərbaycanın müttəfiqlik baxımından ortaq cəhətləri çoxdur. Bu, hər şeydən əvvəl dildir, ikisi də türkcə danışır. Bu, din amilidir, bu ümumi mentalitet faktorudur, geosiyasi, geostrateji maraqlardır. Biz aydın şəkildə başa düşməliyik ki, Türkiyə və Azərbaycan təbii müttəfiqdir. Azərbaycan isə başqa bir müttəfiqlik, məsələn, Rusiya ilə müttəfiqlik naminə Türkiyənin müttəfiqliyindən heç vaxt imtina etməyəcək. Türkiyə və Rusiya tarazlıqda olsalar, Azərbaycan eyni dildə danışdıqları üçün mütləq Türkiyəni seçəcək. Bu, müxtəlif xalqların nümayəndələri olsa belə, praktiki olaraq bir xalqdır, lakin onilliklər ərzində onlar ümumi etnik qrupun formalaşması istiqamətində irəliləyirlər. Ermənistan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın yaxın gələcəkdə yeni güclü iqtisadi, eləcə də hərbi-siyasi birlik yaradacağını dərk etməlidir. Bu qaçılmazdır”.

Daha sonra Asatryan rus və erməni xalqları arasındakı üç yüz illik müttəfiqliyə toxunur: “Rusiya ən azı regional güc olmaqla heç vaxt öz maraqlarının zərərinə hərəkət etməyəcək, Ermənistan-Rusiya münasibətləri naminə Rusiya-Türkiyə münasibətlərinin, Rusiya-Azərbaycan münasibətlərinin əleyhinə getməyəcək. Yəni tərəzidə Ermənistan-Rusiya münasibətləri var, Rusiya-Türkiyə əlaqələri var, Rusiya-Azərbaycan əlaqələri var. Rusiya bu üç tərəzidən Ermənistan-Rusiya əməkdaşlığının xeyrinə seçim etməyəcək, çünki Rusiyanın öz maraqları var”.

Ermənistanın özünü Rusiyanın forpostu hesab etməsinin yanlış olduğunu deyən Asatryan bu demaqoq formulun ermənilərə Ermənistanın təhlükəsizliyi ilə bağlı həmişə yanlış rəvayətlər və saxta ümidlər bəxş etdiyini düşünür: “Ermənistan Rusiyanın forpostu deyil. Rusiyanın forpostu Rusiyanın sərhədləridir”.

Asatryanın dediyi odur ki, Rusiya bəd ayaqda yalnız öz ərazisini qorumağı düşünəcək, Ermənistan isə onun sərhədlərindən kənardadır.

S.Asatryanın çıxışının ən zərbəçi hissəsi ermənilərin qonşu siyasəti haqqında dedikləridir. O deyir: “Dərk etməliyik ki, qonşunu seçmək olmur və qonşu heç yerə getmir. Ermənistan isə dörd qonşu ilə əhatə olunub. Onların hamısı Ermənistan Respublikasından qat-qat böyük və güclüdür. Bura Azərbaycan, İran, Türkiyə, Gürcüstan daxildir. Düşmənçilik etməkdənsə, qonşularla dost və ya neytral olmaq daha yaxşıdır… Nifrət nitqi keçmişdə qalmalıdır. Evdə heç bir iş görmədən oturub, qonşularımıza, o cümlədən türklərə, azərbaycanlılara qarşı ksenofobiyanı qızışdırmaq, nifrət yaratmaq istəyən istənilən kreslo mütəxəssisləri indi də həmvətənlərimizin Azərbaycan gülləsindən öldüyü bir şəraitdə qeyri-praqmatikdirlər. Azərbaycanlılarla ortaq dil tapmalıyıq… Müharibə müharibədir, amma müharibədən sonra biz özümüzü dərk etməliyik və nifrətin kökünü kəsməliyik. Mən təklif edirəm ki, Azərbaycan və Ermənistan parlamentləri səviyyəsində bu iki ölkədə bir-birinə nifrət təbliğatının qadağan edilməsi haqqında qanun qəbul edilsin”.

Nitqindən göründüyü kimi, bu şəxs vaxtilə eyforiyaya qapılmış, hazırda isə depressiyada olan və ermənilərin düşdüyü vəziyyətə görə özlərindən başqa hamını suçlayan həmvətənlərindən fərqli olaraq, məruz qaldıqları bəlaların qaynağını dəqiq bilir və çəkinmədən dilə gətirir.

Yəqin ki, onu tezliklə “ölkənin ən pis adamı” və ya “vətən xaini” elan edəcəklər. Asatryan bu “qiymət”ə hazır olduğunu deyir və bəyan edir ki, o, gələcəyi, gələcək nəsillərin taleyini düşünür.

Gerçəkdən də coğrafi mövqeyi etibarilə Ermənistan elə bir bölgədədir ki, o, qonşuları ilə dostluq etməyə məhkumdur. Bunun əvəzinə Ermənistan iki qonşusu ilə qatı düşmənçilik aparır, hələ Gürcüstanla perspektivdə Cavaxetiyaya görə yeni bir düşmənçilik cəbhəsi açmağı düşünürdü. Bu hadisə Qarabağ münaqişəsi ermənilərin xeyrinə bitəcəyi halda və ondan dərhal sonra olacaqdı.

Yerdə qalır İran. İranla Ermənistanın müttəfiqliyinin perspektivi ona görə yoxdur ki, Ermənistanın yeni müttəfiqləri (ABŞ başda olmaqla Qərb dövlətləri) İranla qatı düşməndir. Əgər onlar sabah İrəvandan İranla ipləri qırmağı, ona qarşı çıxmağı tələb etsələr, istənilən erməni hökuməti bunu edəcək və avtomatik olaraq İranla da düşmən olacaq.

Asatryan da deyir ki, kiçik və zəif olaraq dörd böyük düşmənin əhatəsində nəinki yaxşı yaşamaq, heç mövcud olmaq da mümkün deyil.

Ermənilərin problem bundadır ki, bu aydın həqiqətləri anlamırlar, yağlı vədlərə asanca şirnikirlər, özləri üçün bir xəyal aləmi qurur, utopik planlar hazırlayır, onu nə vaxtsa gerçəkləşdirəcəklərini düşünə-düşünə vaxtaşırı qurbanlar verir, böyük itkilərə məruz qalır, axırda dərin məyusluğa qapılır, hamını onlara xəyanətdə suçlayırlar.

Bir var bunu kənar müşahidəçilər deyə, bir də var, Asatryan kimi öz xalqının taleyini düşünən, problemlərini bilən adamlar. Fərqli şeylərdir.

Əslində təkbətək savaşa qalsa, Ermənistan nəinki bizimlə, heç Gürcüstanla da bacarmazdı. Ancaq işə baxın ki, bu kiçik dövlət özündən 40 dəfə böyük Türkiyəyə diş qıcaya-qıcaya durub və onunla intriqasını sürdürür.

Belə edərkən ermənilər nə düşünür? Düşünürlər ki, Türkiyə axırda bu münasibətdən bezəcək və bir gün “alın, götürün, Qars, Ərdahan, İqdır, Van sizin olsun, 100 milyard dollar kompensasiya da veririk, amma bizimlə düşmənçilik etməyin” deyəcək?

Görünür ki, aşağı-yuxarı belə düşünürlər. Yalnız Asatryan kimi çox az adam var ki, onlar həqiqəti deyir, acı gerçəkləri dilə gətirir, millətə düzgün yol göstərirlər. Və onlar “biz böyük xalqıq, haqqımız olanı almalıyıq, tarixi ədaləti bərpa etməliyik” deyən populistlərə uduzurlar.

Erməni populistlər isə öz xalqlarını yaşatdıqları faciələrə görə heç bir peşmançılıq çəkmədən öz lüks həyatlarına davam edirlər. Xalqın məsuliyyəti ondadır ki, o, Asatryan kimi ayıq düşünənləri qoyub bəlaqətli nitqlər söyləyən, qonşulara nifrət püskürən populistlərin dalınca, daha dəqiqi, qabağınca uçuruma gedir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR