İnsanlara hürriyət, millətlərə istiqlal!

Biabırçı STATİSTİKA: bu kəndlərdə cəmi bir nəfər yaşayır

Azərbaycanda ən az əhalisi olan kəndlərin sayı açıqlanıb.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalisi 5 nəfər və daha az olan 7 kənd var.

Belə ki, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kənlərində 1, Dahar və Keşxurd kəndlərinin hər birində 4, Neftçala rayonunun Kürdili kəndində 1, Qızqayıtlı kəndində 2, Ağsu rayonu Kövlüc kəndində 4, Xızı rayonunun Güneyqışlaq kəndində isə 5 nəfər yaşayır.

Əhali sayı az olan digər kəndlər isə bunlardır: Xızı rayonunun Vərgah kəndi – 6 nəfər, Təzəkənd kəndi – 12 nəfər, Qızılqanza, Əmbizlər kəndləri – 13 nəfər; Yardımlı rayonunun Şələ kəndi – 8 nəfər; Daşkəsən rayonunun Çaykənd kəndi – 10 nəfər;

Siyəzən rayonunun Kolanı, Köhnə Quşçu kəndləri – 10 nəfər, Qərəh kəndi – 11 nəfər; Yardımlı rayonunun Musa kəndi – 11 nəfər; Ağsu rayonunun Kəndaxan kəndi – 13 nəfər; Şabran rayonunun Qaraçaylı kəndi – 13 nəfər, Hacıisgəndərli kəndi – 14 nəfər, Nohurlar kəndi – 15 nəfər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı illərdir ki, müxtəlif dövlət proqramları həyata keçirilib. Amma onların real təsiri yetərincə hiss olunmur. Regionlarda sənaye müəssisələrinin az olması iş imkanlarını məhdudlaşdırır və əhalinin kəndlərdən şəhərlərə köçməsinə səbəb olur.

Ekspertlər məsələnin kökündə bir sıra iqtisadi problemlərin olduğunu qeyd edir. Belə ki, kənd yerlərində iş imkanları məhduddur. Əsasən kənd təsərrüfatına söykənən iqtisadiyyat qeyri-sabitdir və yüksək gəlir gətirmir. Bakı və Abşeron iqtisadi inkişafın əsas mərkəzi olduğu üçün burada daha yaxşı maaşlı iş tapmaq, keyfiyyətli təhsil almaq və yaxşı tibbi xidmətlərdən yararlanmaq daha asandır.

Şəhərlərlə müqayisədə kəndlərdə yollar, internet, qaz, su, elektrik və digər infrastruktur problemləri daha çoxdur. Bu da kəndlərdə yaşamağı çətinləşdirir. Eləcə də gənclər daha keyfiyyətli təhsil almaq üçün şəhərlərə köçür və əksəriyyəti geri qayıtmır. Kəndlərdə mədəni və sosial imkanların məhdud olması da əhalinin şəhərlərə axınını sürətləndirir. Əksər kənd təsərrüfatı məhsulları bazara çıxarılanda ciddi rəqabətlə üzləşir. Kiçik fermerlər böyük şirkətlərlə rəqabət aparmaqda çətinlik çəkir və nəticədə kənd təsərrüfatından imtina edirlər.

Bəzi kəndlərdə quraqlıq, su qıtlığı və ya torpağın məhsuldarlığının azalması kimi problemlər kənd təsərrüfatının zəifləməsinə səbəb olur, nəticədə insanlar daha yaxşı şərait olan şəhərlərə üz tuturlar.

NATİQ CEFERLİ.jpg (27 KB)

İqtisadçı Natiq Cəfərli mövzunu Musavat.com-a şərh edərkən deyib ki, Azərbaycanda kənd əhalisinin azalmasının bir çox səbəbi var:

"Təbii ki, əsas məsələlərdən biri urbanizasiyanın Azərbaycanda hələ başa çatmaması, regionlardakı həyat səviyyəsi ilə paytaxtdakı həyat səviyyəsi arasında ciddi fərqin olması, mədəni və iqtisadi fürsətlərin Bakıya və Abşerona toplanması, infrastrukturun daha çox Bakıda və Abşeronda daha yaxşı işləməsidir. Bütün bunlar təbii ki, təsir göstərir və nəticə etibarilə Azərbaycanda kəndlərdən şəhərlərə axın dayanmır. Bakı da bununla bağlı yaşanılmaz bir şəhərə çevrilir. Tıxaclar, əhalinin sayının həddən artıq çoxalması, infrastruktur bu yükü qaldıra bilmir.

Bu günə qədər regionların iqtisadi inkişafı ilə bağlı 4 proqram qəbul olunub. Təəssüflə qeyd etmək lazımdır ki, bunların ciddi bir effekti olmayıb. Nə əhali artıb, nə iqtisadi artımda regionların payı yüksəlib, nə ÜDM-in formalaşmasında, nə də xarici ticarətdə regionların payında ciddi bir artım müşahidə olunub. Azərbaycanda iqtisadi aktivliyin 90%-dən yuxarısı Bakı-Abşeronun payına düşür. Belə bir vəziyyət olduqca təbii ki, kəndlərdən şəhərə axın təəssüf ki, davam edəcək".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR