İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəzən ölümdən qaçmaq olmur” - Ağsaqqal ola bilməyən “Ağsaqqal” haqqında...

“Ağsaqqal”ı oynadı, amma özü ağsaqqal ola bilmədi

Ötən gün vəfat edən aktyor Azər Baxşəliyev haqqında sosial mediada ən çox yazılan ifadə idi. 3 gün möcüzə olacağı gözlənilsə də, süni tənəffüs aparatına qoşulan Azər Baxşəliyev ayılmadı.

Təbii ki, yalnız bu sözlər deyil, gözəl və kövrək xatirələr, üzdə təbəssüm, gözdə yaş yaradan kəlmələrlə vidalaşdı sevənləri Azərlə.

40 yaşında dünyaya göz yuman “Ağsaqqal”…

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.

Aktyor “Bozbash Pictures”in Ağsaqqal və Əzəmət obrazları ilə tanındı, sevildi.

AZER EN SON.jpeg (43 KB)

Azər “Ay brilliant”, “Axırıncı yol”, “Stalinin başı”, “Palata 106”, “Bir xalanın sirri” filmlərində rol aldı. O, ATV, “Xəzər” kimi bir çox televiziyada çalışıb.

Azər Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Bir dəfə anası donor olsa da, yenidən xəstəliyi üzə çıxmışdı. Uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün yenidən donor axtarırdı.

Son olaraq "Xəzər" telekanalında Nicat Rəhimovla "Zarafat bir yana" verilişinin aparıcılığını edən Azərin xəstə olduğu bəlli olurdu. Halsız da olsa, rəngi solsa da, üzü gülürdü. Hər kəs də onu gülərüz xatırlayır. Nə qədər dərdi olsa da, üzü gülürdü Azər Baxşəliyevin.

Hər kəs onun gülərüzlüyündən, insansevərliyindən danışdı. Azərin vaxtız gedişi isə bizə ölümü bir daha xatırlatdı.

“Anamın verdiyi böyrək də xarab oldu. Kaş…”

Böyrək çatışmazlığından əziyyət çəkən Azər ölümün gözünə dik baxırdı artıq. Son müsahibələrindən bu çox bəlli idi. Çünki bir dəfə anasının donor olması ilə əməliyyat olunan aktyorun bu dəfə də bəxti gətirməmişdi.

“Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi. Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə anam ikinci dəfə... Bunun üstündən 4 il keçib. Amma bu gün də eyni xəstəliklə üzləşdim. Yaxın zamanlarda əməliyyata gedəcəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək. Bacardığım qədər büruzə vermirəm, amma istənilən halda bu bəlli olur. Bəzən düşünürəm ki, ananın verdiyi böyrək də xarab oldu. Heç nədən anamdan böyrək götürdüm. Amma qismət budur” demişdi “Qapqara” verilişində. Həm ümidli, həm ümidsiz olduğu aşkar idi.

Ölümü qəbullanmaq…

"Ölüm elə ola bilər ki, sənə qorxu imkanı yaratmasın. Ölüm sən gözləmədiyin bir vaxtda gələ bilər. Bu, hamının başına gələcək. Bunu olduğu kimi qəbul etmək lazımdır" - digər müsahibəsində isə sanki ölümü qəbullanmışdı. Düşünürdü ki, ölümü böyrək çatışmazlığlından olacaq.

Amma elə olmadı, beyninə qan sızmasından tərk etdi dünyanı. Yaxınları deyir ki, Azər ailəsinin yanına qonaq gedib. Qəfil atasına deyib ki, sizi 5 dənə görürəm. Dincəlmək üçün gedən zaman yıxılıb, təcili yardım çağırsalar da, gecikib və özləri xəstəxanaya aparıb. Lakin o zaman artıq gec idi. “Bəzən ölümdən qaçmaq olmur” dedikləri bu olsa, gərək.

“Qorxurdum, qızım atasız qala. İki yaşında atasız qaldı. Mənim kimi…”

XANİİ.jpg (161 KB)

Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyevanın sözləri isə ürəkdağlayan idi. O, övladının atasız qalmasından çox qorxurdu. Bunu isə dönə-dönə yas çadırında deyir, sanki Azərin ölümündə özünü də günahkar çıxarmağa çalışırdı. Çünki o, həyat yoldaşının ölümü ilə barışa bilmirdi:

“Yenidən əməliyyat olacaqdı. əməliyyata hazırlaşırdıq. Heç vaxt xətrimə dəymədi. Can deyib can eşidirdik. Atam iki yaşımda vəfat etdi. Qorxurdum, qızım atasız qala. Özümə çəkirmişəm. Kaş o fikirləri özümdən uzaqlaşdırardım".

Bütün bunlar xatirədir artıq. Azər göz yaşları, alqışlarla son mənzilə yola salındı. Geriyə isə iki yaşlı qızı qaldı.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR