İnsanlara hürriyət, millətlərə istiqlal!

Beton - sərfəli, səmərəli və qənaətli

 

Beton bu gün ən çox istifadə edilən tikinti materiallarından biridir. Onun ilk nümunələrinin meydana çıxması 5000 il əvvələ - gil məhluldan piramidalar inşa edən Qədim Misirə gedib çıxır. Romalılar da su ilə birləşdikdə sərtləşən materialdan ilk istifadə edənlər kimi tarixdə öz yerlərini tutublar. Çinlilərin Böyük Çin səddinin tikintisində bağlayıcı materiallardan istifadə etdikləri də məlumdur. Həmin dövrdə türklər və farslar tərəfindən avropalılara məlum olmayan “Xorasan qarışımı” adlı çox möhkəm bağlayıcıdan istifadə edilib. Bugünkü hazır betonun ilk istifadə yeri isə Almaniyadır. Almanlar 1903-cü ildə hazır beton istehsalını reallaşdırıblar.

 

Beton yolun yükgötürmə imkanları daha çoxdur

 

Müasir dünyada beton yol və ya döşəmə örtüyü materialı kimi çox istifadə olunur. Betondan magistral yollar, hava limanlarının uçuş-eniş zolaqları və s. İnşa edilir. Hava limanlarında, demək olar ki, bütün uçuş-enmə zolaqları betondan hazırlanır. Dünyanın inkişaf etmiş ölkələrində beton yollardan geniş istifadə olunur. Məsələn, Amerikada yaşı 125 ildən çox olan küçənin örtüyü betondandır. Almanların İkinci Dünya müharibəsindən əvvəl və sonra çəkdiyi beton yolların bəziləri hələ də istifadə olunur. Rəqəmlərlə ifadə etsək, beton yolun istismar müddəti 30 il və daha çox, asfalt yolunku isə 8–12 ildir. Beton yolun yükgötürmə qabiliyyəti asfalt yol ilə müqayisədə daha çoxdur. Bundan əlavə, beton yollarda nəqliyyat vasitələrinin hərəkətə başlama və dayanması zamanı səthin aşınması daha azdır. Nəqliyyat vasitələri aşağı sürtünmə əmsalı ilə beton yollarda daha az yanacaq istifadə edirlər. Sadə dildə desək, avtomobillər beton yolda hərəkətdə olarkən yanacağa qənaət etmiş olurlar. Araşdırmalara görə, yanacağa qənaət ortalama 5-11% təşkil edir.

Beton yolların iqlim dəyişikliklərinə davamlılığını qeyd etməyi də unutmaq olmaz. Beton yol günəş istiliyinin təsirindən deformasiya olunmur, formasını və hamarlığını sabit saxlayır. Bundan əlavə, beton yollar rütubətli havalarda əyləc məsafələrini azaltmaqla yol təhlükəsizliyini artırır.

Beton yollar istifadəyə verildikdən sonra onların baxımı da asfalt yollara nisbətən daha asan və az xərc tələb edən olur.

 

Gecələr görmə məsafəsi asfalt yollara nisbətən daha yaxşıdır

 

Beton yollar asfalt yollarla müqayisədə açıq rəngdədir və buna görə də daxil olan işığı daha az udur. Belə olduqda gecələr beton yollarda görmə məsafəsi asfalt yollara nisbətən daha yaxşı olur.

Beton yol təbiətə və şəhər ekologiyasına zərər də vermir. Betondan heç bir zərərli maddə hava və ya torpaqla qarışmır. Betonun odadavamlı tikinti materialı olması da bir başqa üstünlükdür. Bu səbəbdən betonun tunellərdə yeganə alternativ olaraq istifadə edilməsi şiddətlə tövsiyə olunur. Bir üstünlük də odur ki, beton 100% təkrar emal edilə bilən materialdır.

 

Uzunömürlü və zəlzələyə dayanıqlı

Yazının əvvəlində qeyd etdiyimiz kimi, keçən əsrin əvvəllərində betondan tikilmiş bəzi yollar və digər tikintilər bugünümüzə kimi əla vəziyyətdə qalıblar. Bu onu göstərir ki, zaman və hava kimi amillər beton konstruksiyaları heç də asanlıqla dağıda bilmir. Üstəlik, dövr də dəyişib və texnoloji inkişaf bu sahədən də yan keçməyib. Son illər tikintidə yığma beton metodologiyasından geniş istifadə olunmağa başlayıb. Bu da səbəbsiz deyil. Çünki dəmir-beton elementlərdən hazırlanan yaşayış binaları asan və qısa zaman ərzində ərsəyə gələndir, uzunömürlü və zəlzələyə dayanıqlıdır.

Bu metodologiya ilə tikilən mənzilin quruluşu əvvəlcədən planlaşdırılır və uyğunlaşdırılır. Üstünlüyə gəlincə, bu, ucuz mənzil axtaran ailələr üçün geniş seçim imkanı yaradır. Eyni zamanda, yığma beton metodologiyası kvadrat metr üzrə 20% vəsaitə qənaət etməyə imkan verir. Yığma beton evin tikilməsi zamanı 50% daha az tullantı yaranır.

Beton konstruksiyalarla tikilən evlərin üstünlükləri bununla da bitmir. Hazır beton qarışığı tikintidə vaxta, əmək və material xərclərinə qənaət etməyə imkan verir. Belə ki, əlçatan, ekoloji cəhətdən təmiz qarışığı hazırlamaq üçün bahalı materiallardan istifadə etməyə ehtiyac yoxdur. Bunun üçün markadan asılı olaraq yalnız qum, sement, su və plastifikatorlar tələb olunur. Ənənəvi üsulla müqayisədə yığma betonla evlərin inşa edilmə müddəti də daha azdır. Bu da tikinti işlərində zamana qəmaət etməyə imkan verir.  

 

Nigar HƏSƏNLİ, “Yeni Müsavat” qəzeti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR