Onlayn ictimai-siyasi qəzet
Mütəxəssis: “İnsanlar onun nə olduğunu biləndə ondan qorxmayacaq, əksinə, düzgün istifadə edəcəklər”
Amerikalı sahibkar-milyarder İlon Mask bildirib ki, 2025-ci ilin sonuna qədər süni intellektin insan qabiliyyətlərini üstələməsi ehtimalı artacaq.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna kimi süni intellektin istənilən insanı, 2027/2028-ci ilə qədər isə ola bilsin, bütün insanları üstələməsi ehtimalı yuxarıdır. 2030-cu ilə qədər bu üstələmə artıq 100% baş verəcək.
Süni intellektin müxtəlif peşə sahələrində yaratdığı misilsiz imkanlar və fürsətlərlə yanaşı, fəsadları barədə də son vaxtlar tez-tez danışılmağa başlanıb. Bu fəsadlar gerçəkdənmi geridönməz xarakterli və böyük ola bilər?
İlon Mask nə dərəcədə haqlıdı?
İT Mütəxəssisi Mehman Xəlilov Musavat.com-a açıqlamasında deyir ki, süni intellekt proqram təminatıdır, alətdir. Hər hansısa bir alətdən qorxmaq üçün onun nə etdiyini və nə edəcəyini bilmək lazımdır. Və bu imkanlardan düzgün istifadə etmək lazımdır: “Nümunə olaraq avtomobili göstərə bilərəm. Ondan düzgün təyinatı üzrə istifadə ediriksə, faydalı nəqliyyat vasitəsidir. Düzgün istifadə etməyəndə isə qəza törədir və insan həyatına son qoyur.
Süni intellekt yaradıcılarının da daim məşğul olub təkmilləşdirdiyi alqoritmlər ona yönəlib ki, sadə istifadəçi bilərəkdən və ya bilməyərəkdən xətalar törətməsin. Bunu avtomobillərdə mühəndislərin yaratdıqları avtomobil tənzimləmə sistemləri ilə müqayisə edə bilərik.
Hazırda mövcud olan süni intellektin daha inkişaf etmiş səviyyəsinə baxsaq, hansısa fəsadlar yaşana bilər. Məsələn, insanlar süni intellektdən həkim məsləhəti ala bilər. Və inkişaf etmiş süni intellekt tövsiyələr verə bilər. Beləliklə, adam özü-özünü müalicə edər. Lakin sonradan məlum olar ki, müalicə yanlış istiqamətdə gedib, şəxsin vəziyyəti ağırlaşıb. Bu sadə nümunədir.
İnsan ümumiyyətlə, bir varlıq olaraq bilmədiyi, tanımadığı, baş çıxarmadığı şeydən qorxur. Hər hansısa bir tanımadığı heyvanı görsə, ondan da qorxacaq. Tanıyıb, imkanlarını dəyərləndirəndə qorxu azalacaq. Qorxu və iş bir-birinə tərs mütənasibdir. Bilik aza olanda qorxu hissi çox olur. Bilik çox olanda isə qorxu hissi miniumuma düşür.
Süni intellekt haqqında heç kimin elmi biliyi yoxdursa, filmlərdən, əsərlərdən əmələ gələn siqmalar əsasında formalaşıbsa, o, təbii ki, süni intellektdən çəkinəcək. Lakin süni intellektin nə olduğunu biləndə ondan qorxmayacaq, əksinə düzgün istifadə edəcək. Kimisi süni intellektlə ev tapşırığı edir, kimisi proqram təminatını həyata keçirir. Süni intellektin cari inkişaf səviyyəsi imkan verir ki, proqram kodları avtomatlaşsın və insan vaxtına qənaət etsin. Hazırda süni intellekt kiçik proqramçıları əvəz etmək səviyyəsinə yaxınlaşıb.
Azərbaycanda süni intelektlə təmas istifadəçi səviyyəsindədir. Biz hələki ondan ABŞ-dəki kimi yaradıcı səviyyəd istismar etmirik. Onun üçün böyük resurslar lazımdır, təhsil, biznes sistemi buna uyğunlaşmalıdır".
Şahanə RƏHİMLİ,
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ