İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs Kaprativ hanı

Elm və təhsil sahəsində uğurlarımız artan xətlə davam edir. Nazirlik universitetlərin reytinqini açıqlamışdır, ilk 1000 dünya ali məktəbi sırasında bizdən yüzlərlə, zarafat edirəm, 8-9 universitetin adı vardır. Nəinki bu ilin, 2026-cı ilin də reytinqi uzaqgörənliklə açıqlanmışdır.

Bütün dünya bilir ki, bizim universitetlər yüksək təmirli, zəngin kitabxanalı, demokratik mühitlidir, başı elmlə dolu alimləri, kəllə tələbələri ilə aşıb-daşır. Həmin professor-müəllim heyətinin məqalələri Eynşteyndə səhv tapmaq, Nils Boru “niprav”, Fermini malbaş, nə bilim, Nyutonu almabaş çıxartmaqla tanınır. Eynşteyndə səhv tutan elə alimlərimiz var ki, hətta onlara universitetdə dərs deməyə icazə vermirik, yutubda səy-səy danışırlar bütün günü. O qədər çoxdurlar. Maşallah. Burada şanlı akademikimiz İsa müəllimin Naxçıvan tamojnasını yeyib bitirən oğlu üçün bir dua zikr eləyək, amin. 

O cümlədən universitetlərimizin məzunları iş tapmaqda qəti əziyyət çəkmir. Keçən həftə Narxozun qabağından keçirdim, gördüm “JP Morgan” maliyyə konqlomerətinin şefi Daniel Pinto “İçərişəhər” metrosu ilə Hacıbala müəllimin keçmiş ofisi arasında, tində dayanıb qəmli-qəmli siqaret püləyir. Dedim, qardaş, nə olub, niyə qəmginsən, söylədi ki, Narxozun uşaqlarını işə götürməyə gəlibmiş, lakin 15 dəqiqə gecikib, hamısını yaponlar və şveysarlar yığışdırıb aparmışdır.

Neft və Sənaye  Univərsitəmizin dəhlizlərində hər yay məzun törəni vaxtı bir sürü ərəb şeyxi və bp, "Ekson" şirkətlərinin yetkililəri ilə rastlaşmaq mümkündür. Ən böyük rəqabət Kaprativ İnstitutunda - görkəmli ağsaqqalımız, deputat Eldar müəllimin rəhbərlik etdiyi təhsil ocağındadır. Orda təhsil elə bir nirvana vəziyyətinə çatıb ki, artıq tələbələr auditoriyaya heç çanta-manta, kitab-mitab daşımır, yalnız şalvarın kəməri altında dəftərləri olur. Bellərinə qılınc kimi taxıb elm uğrunda hücuma keçirlər.  

Yeri gəlmişkən, reytinq uğurumuzu qeydə alan təşkilatın adı “QS World University Rankings” idi, maraqlıdır ki, internetdə bunun haqqında çoxlu neqativ rəylər yazılmışdır. Dünya alimləri, professorlar bu “QS” təşkilatını saxtakarlıqda, korrupsiyada, uydurma rəy sorğularında suçlayır. Belə reytinqdə qabağa getmək bizim nəyimizə lazımdır? Yəqin kiməsə lazımdır. Allah bilir.

Hərçənd axırda bunun nəsə qoxusu çıxmasa yaxşıdır. Bizdə adətən belə olur. Kimsə medal alır, dopinq çıxır. Kimsə guya dünyada Azərbaycan həqiqətləri yaymaq adıyla hökumətdən qrantı meşokla alır, axırda məlum olur ki, boş salonda özünü videoya çəkdirib, əslində heç çıxış-zad olmayıb. Elə bugünlərdə Bakı şəhər gənclər-idman idarəsinin rəhbərliyinə cinayət işi açılıb, sən demə, idman və intellektual yarışlara ayrılan pulları oğurlayıblar. Hər 10 yarışdan, məsələn, cəmi 2-si keçirilib, lakin büdcədən pul silinib, guya 10 yarış olub. Təbii ki, bunun üstünü yeni maliyyə nazirinin açdığını güman edirəm, çünki büdcə idarələrinin razılığı, əlbirliyi olmasa belə yeyintilər çətindir. O cümlədən həmin dövrdə gənclər və idman naziri işləmiş Azad müəllimi indi haradan tapmaq olar? Nağıllarda deyilən kimidir vəziyyət: “Onlar yedi, içdi, yerə keçdi”. Bizə də, inşallah, göydən alma qurusu düşər.

Universitetlərimizin dünya reytinqində yüksəlməsi artıq qəbul planına təsirini göstərir. Məleykə xanım bəzi qruplarda keçid balının 150-dən 155-ə qalxacağını anons edibdir. Böyük müsabiqə olacaq. Kim keçə-keçə. Çəp keçi, çəpəki keçidi çəp keçir. Təpəl keçi... Nəsə, elmi yazıdır, şuluqluq eləməyək. Camaatın uşağı yenə qırılmasa yaxşıdır. Qəbul müqəddəsdir. Tələbə bileti almaq bizdə Qarabağı almaq qədər önəm daşıyır.

Ancaq mənim həmin reytinqdən əsas şübhəm yuxarıda qeyd etdiyim məsələyə - Kaprativ Universitetinə görədir. Təəssüf ki, onun adına ilk 1000 məktəb arasında rast gəlinmir. Bu da reytinqə inamı azaldır. Kaprativ Harvardın-zadın yanında olmalı idi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR