İnsanlara hürriyət, millətlərə istiqlal!

Benqal şamını kim alışdırdı? – Dəkkə od içindədir, ölkədə anarxiya hökm sürür

Banqladeşdə siyasi hərc-mərclikdir. İslam radikalları Hindistana qaçan baş nazir Şeyx Hasinanın partiyası olan “Avami Liqası”nın tanınmış üzvlərinin evlərinə soxularaq, onları öldürür, hətta uşaqlarına da rəhm etmirlər.

Yayılan xəbərlərdə radikalların hindu məbədlərinə hücum etdikləri də vurğulanır. Sabitliyi bərpa edəcəyinə söz verən ordunun buna nail ola bilməyəcəyi açıq-aydındır.

Ona görə də Banqladeşin qonşusu və müttəfiqi Hindistan hökuməti təhlükəsizlik məsələsi ilə bağlı parlamentdə iclas keçirib. Hindistan televiziya kanalları isə etirazçılara rəğbətini ifadə edən Pakistanın, hətta ABŞ-nin hadisələrində əli ola biləcəyinə işarə edir, hesab edirlər ki, “benqal şamı”nı onlar alışdırıb. Bu iddia ələ düşən fürsətdən köhnə düşmənlərə qarşı yararlanmaq cəhdi də ola bilər.

Şübhə yoxdur ki, Banqladeşdəki xaos bir çox güclərin, ilk növbədə Hindistan, Pakistan, ABŞ, Çin və hətta Rusiyanın maraqlarına toxunub. Çərşənbə günü Hindistan parlamentində çıxış edən xarici işlər naziri Subrahmanyam Cayishankar bildirib ki, qonşu ölkədə yaranmış vəziyyətə görə Hindistan öz səlahiyyətliləri və vətəndaşları ilə əlaqə saxlayır. Şeyx Hasina isə bazar ertəsi axşam Dehliyə uçub, yalnız son anda gəlişi barədə Hindistanı xəbərdar edə bilib.

aşina.jpg (761 KB)

“The Financial Times” yazır ki, 15 il ölkəni idarə edən Şeyx Hasina minlərlə etirazçının komendant saatına məhəl qoymayaraq, onun iqamətgahına gəlməsindən sonra istefa verib və Hindistana qaçıb. Bundan əvvəl o, etirazları zorla, silahlı yolla ram etmək əmri verib, bu isə 300-ə yaxın insanın ölümünə səbəb olub. Nüfuzlu Britaniya qəzeti hadisələri işıqlandıraraq ümid edir ki, yoxsullara mikrokreditlər verilməsini təklif edən Nobel mükafatı laureatı Məhəmməd Yunusun iştirakı ilə müvəqqəti hökumət yaradılacaq və ölkədə sabitlik bərpa olunacaq. Amma nəşr Şeyx Hasinanın tərəfdarlarını öldürən etirazçıların vəhşi hərəkətləri barədə məlumat vermir.

Hindistan mediası hadisələri fərqli şərh edir. “Indian Express” qəzeti iddia edir ki, Pakistan və Çin qarışıqlıqdan Hindistanın respublikadakı nüfuzunu zəiflətmək üçün istifadə edirlər. İndiki halda Hindistan gözləmə mövqeyi tutmağa məcburdur. Hər halda, Banqladeşdə köhnə nizamın dönməz şəkildə dəyişdiyi aydındır. Hindistan buna uyğunlaşmalıdır.

Bilindiyi kimi, Şeyx Hasina ölkəyə avtoritar lider kimi rəhbərlik edirdi. İxrac üçün geyim istehsalı artsaydı və yeni iş yerləri açılsaydı, xalq onun avtoritarimi ilə, bəlkə də, barışardı. Lakin 2020-ci ildəki pandemiya ölkənin trikotaj sənayesinə zərbə vurub, müəssisələr müflis olub, işsizlər ordusu yaranıb Bunun fonunda hakimiyyətə qarşı güclü hərəkat başlayıb.

benqallar.JPG (61 KB)

Hindistan telekanalları daha qorxulu mənzərə təsvir edir. NBCTV xəbər verir ki, Hindistana qaçqınlar və onlarla birlikdə islamçı yaraqlılar axışa bilər. “India Today” portalı ABŞ-ın 2024-cü ildə ölkədə keçirilən seçkilərə faktiki müdaxilə etdiyinə və Şeyx Hasina hökumətinin repressiyalarını pislədiyinə diqqət çəkir. Portal Vaşinqtonun sabitliyin bərpasına çağırışını riyakarlıq hesab edir.

Banqladeşdə çoxlu sayda Rusiya vətəndaşı da yaşayır. Rusiya səfirliyi ruslara şəxsi təhlükəsizlik barədə düşünməyi tövsiyə edib. Bununla belə, onları dərhal ölkəni tərk etməyə çağırmayıb. TASS xəbər verir ki, səfirlik təhlükə hiss edənlərin oranı tərk etməsini tövsiyə edib. Amma indiyədək belə zənglər olmayıb. Rusiyanın köməyi ilə tikilən Rooppur AES-ə gəlincə, rusiyalı mütəxəssislər mühafizə olunan yaşayış kompleksində yerləşir.

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dosenti Sergey Veliçkin qeyd edib ki, nə Pakistan, nə də ABŞ Şeyx Hasinanın öz hakimiyyətini gücləndirməsində maraqlı deyildi. “Amerikalılar onu sevmədiklərini açıq şəkildə bildirirdilər. Bununla belə, baş verənlərdə ABŞ-ın əli olmayıb. İndi Pakistanın özündə də vəziyyət ağırdır. Onlar öz işlərini - iqtisadi tənəzzülü, siyasi böhranı, terroru həll etməlidirlər. Deməli, xaotik etiraz çox güman ki, bu iki ölkə tərəfindən təşkil olunmayıb. Ola bilsin ki, etirazlar kortəbii şəkildə başlayıb və tələbə liderləri də onların ardınca platforma qazanıblar”, - Veliçkin bildirib.

Fakt budur ki, kimin başlamasından, baş nazirin istefasına hansı qüvvənin nail olmasından asılı olmayaraq, gizli və yarıgizli islamçı təşkilatlar artıq işə qarışıblar və təşəbbüsü ələ alıblar.

benqislan.JPG (58 KB)

Bununla belə, bəzi müşahidəçilər islamçıların ölkədə hakimiyyəti ələ keçirə biləcəklərini ehtimal etmirlər. Hesab olunur ki, ilk növbədə Hindistan buna qarşı sərt mövqe sərgiləyə, Banladeşə müdaxilə edə bilər. Hindistan dövləti belə bir təşəbbüslə çıxış edib, Banladeş ordusunu vəziyyəti nəzarət altına almağa çağırıb və dəstək vəd edib.

Ancaq yenə də ekspertlər 1971-ci il epizodunun təkrarını, yəni Dehlinin Banqladeşə silahlı müdaxiləsini istisna edirlər.

Hiss olunur ki, onlar radikal islam təşkilatlarının gücünü düzgün hesablamır, qətiyyətlərini, hakimiyyət söhbəti olan yerdə necə amansız olduqlarını nəzərə almırlar. Ordu bir az boş tərpənsə və radikal islam təşkilatları bu sferada da tərəfdarlar toplasa, o zaman qısa müddət ərzində Banqladeşdə şəriət rejimi bərqərar ediləcək. Onsuz da Banqladeş dini fanatizmin tüğyan etdiyi ölkələrdən biri olması ilə tanınırdı.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR