İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəlucistan alov içində: Terrorçuların liman və qatar planı nədir?

“Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanın Bolan rayonunda ələ keçirilən “Jaffar Express” sərnişin qatarındakı girovların bir qismini xilas edib və bu zaman 27 terrorçunu öldürüb. Terrorçular sərnişinlərdən canlı qalxan kimi istifadə ediblər. 9 vaqondan və 450 sərnişindən ibarət olan qatar Hayber-Paxtunxva əyalətində Kvettadan Peşavərə hərəkət edirdi”.

Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, qatarı ələ keçirən terrorçular Bəlucistan Azadlıq Ordusu qruplaşmasının üzvləridir:

“Pakistanın təhlükəsizlik mənbələri daha əvvəl hücumun arxasında olan terrorçuların Əfqanıstandakı təşkilatçıları ilə əlaqə saxladıqlarını bildiriblər.

Bölgənin “müstəqilliyi” uğrunda mübarizə aparan Bəlucistan Azadlıq Ordusu ötən il də bir neçə terrorçu hücum həyata keçirmişdi. Terrorçuların Bəlucistan əyalətində avtomobil yollarına və polis məntəqələrinə hücumları nəticəsində 51 nəfər həlak olmuşdu. Silahlı şəxslər magistral yolu bağlayaraq sərnişinləri avtobus və yük maşınlarından düşürmüşdülər. Silahlılar 10-a yaxın avtomobili yandırmışdılar. Terrorçular bir il əvvəl Çinin idarə etdiyi limanın yerləşdiyi Qvadar şəhərinin cənub-qərbində hökumət binasına basqın edərək təhlükəsizlik işçilərini qətlə yetirmişdilər. Terrorçular eyni zamanda Qvadar Liman İdarəsi kompleksinə də hücum etmişdilər.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin limanındakı dərin sulu Qvadar limanı Ərəb dənizində əsas neftdaşıma marşrutu olan Hörmüz boğazının yaxınlığında yerləşir. Çin limanı inşa edib və birbaşa idarə edir. Bu, Çin-Pakistan İqtisadi Dəhlizi və ya CPEC kimi tanınan çoxmilyardlarla dollarlıq ikitərəfli əməkdaşlığın mərkəzi, Pekinin qlobal bir Kəmər və Yol Təşəbbüsü infrastruktur layihəsinin davamıdır.

İkitərəfli öhdəlik son on il ərzində yol şəbəkələrinin, elektrik stansiyalarının və Qvadar da daxil olmaqla, digər infrastruktur layihələrinin tikintisinə 25 milyard dollardan çox Çin investisiyası gətirib. Çin sahil şəhərində beynəlxalq hava limanı tikir”.

Politoloqun fikrincə, terrorçular limanın Çin tərəfindən idarə olunmasının əleyhinədir, toqquşmalar nəticəsində Çin vətəndaşları da həlak olduğundan Pekin mövcud vəziyyətdən narahatdır.

“Bölgədəki böyük layihələri reallaşdırmaq üçün sabitliyə ehtiyac var. Bunun üçün isə terrorçular neytrallaşdırılmalıdır”, - deyə Elxan Şahinoğlu qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR