İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələrin vergi yığımı bu səbəbdən qanunsuzdur - məşhur vəkil açıqladı  

Məşhur vəkil Əkrəm Həsənov bələdiyyələrin əhalidən yığılan verginin hara və necə xərclənməsi ilə bağlı fikirlərini paylaşıb. Musavat.com xəbər verir ki, Əkrəm Həsənov özünün facebook divarında bələdiyyələrin bir çox hallarda qanunda nəzərdə tutulandan daha çox məbləğdə vergi yığdıqlarını vurğulayıb.

Həmin statusu təqdim edirik:

-Son zamanlar bələdiyyələr torpaq mülkiyyətçilərindən torpaq vergisinin, bina və mənzil mülkiyyətçilərindən isə əmlak vergisinin ödənilməsini tələb edirlər. Hətta bəzən qanunsuz olaraq icra məmurları vasitəsilə həmin vergiləri tuturlar da (bir çox hallarda qanunda nəzərdə tutulandan daha çox məbləğdə).

Düzdür, Vergi Məcəlləsinin 8-ci maddəsinə görə bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi aiddir. Məcəllədə həmin vergilərin dərəcələri də təsbit edilib. Amma 4.4-cü maddədə o da vurğulanıb ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir (“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 10-cu maddəsində də belə müddəa var). Başqa sözlə, hər bələdiyyə ərazisində tutulan verginin dərəcəsini müəyyən etməlidir. Bələdiyyələr bunu hansı hüquqi aktda müəyyən etməlidir?

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü və 4.1.6-cı maddələrinə əsasən bələdiyyələrin əhali üçün məcburi qərarları normativ xarakterli akt formasında rəsmiləşdirilməlidir. O cümlədən həmin akt 78-ci maddəyə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Lakin Azərbaycan bələdiyyələrinin indiyədək həmin Reyestrə daxil etdikləri bir akt var – nizamnamələri.

Beləliklə, Vergi Məcəlləsi yerli (bələdiyyə) vergilərini nəzərdə tutsa da, hətta onların yuxarı həddini də müəyyən etsə də, bələdiyyələr sırf özlərinə münasibətdə bu cür vergiləri normativ xarakterli aktlarında təsbit etməmişlər. Buna görə də vətəndaşlar həmin vergini ödəmədiyi təqdirdə bələdiyyələr qanuni alətlərlə heç nə edə bilməzlər. Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz.

Ən əsası isə əhalidən yığılan vergilərin nəyə və necə xərclənməsi naməlumdur. Bələdiyyələr heç kəsə, nə dövlətə, nə də ictimaiyyətə hesabat vermir. “Dövlət satınalmaları haqqında” Qanun da onlara aid olmadığı üçün bələdiyyələr yığılan pulu istədiyi kimi xərcləyirlər. Məlumdur ki, faktiki olaraq bələdiyyələr yerli icra hakimiyyəti başçılarına tabedir. Zatən bələdiyyəni “seçdirən” də icra başçılarıdır. Buna görə də ortada külli miqdarda məbləğlərin nəzarətsiz-filansız başına daş salınması faktı var. Prokurorluq orqanları istənilən bələdiyyədə yoxlama aparsa, böyük ehtimalla xeyli maliyyə pozuntusu üzə çıxacaq.

Üstəlik bələdiyyələrin real fəaliyyəti də yoxdur. Nə ilə məşğuldurlar? Konstitusiyanın 144-cü maddəsinə əsasən bələdiyyələr ən azı 3 yerli proqram qəbul və icra etməlidirlər:
1) sosial müdafiə və sosial inkişaf, 2) iqtisadi inkişaf, 3) ekoloji. Heç olmasa bir bələdiyyə qəbul edibmi bu proqramları? Yoxsa ancaq yerli icra hakimiyyətinin rəhbərliyi ilə əhalidən yığılan verginin başına daş salmağı bacarırlar?

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR