Onlayn ictimai-siyasi qəzet
Yeri özünüidarəetmə qurumlarının maliyyə imkanları güclənəcək; qrantla ancaq sosial layihələr həyata keçirilə bilər
Bələdiyyələr qrant ala biləcək. Milli Məclisin iclasında “Qrant haqqında” Qanuna təklif edilən bu dəyişiklik birinci oxunuşda qəbul edilib.
Sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycanda bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək. Bu, “Nağdsız hesablaşmalar haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Xatırladaq ki, qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunacaq.
Bundan başqa, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Büdcə sistemi haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.
Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov qeyd edib ki, bələdiyyələr indiyədək dotasiya və subvensiya ilə bir çox layihələr həyata keçirib: "Həmin dotasiya və subvensiyalarda ünvanlılıq göstərilməyib. “Qrant haqqında” qanun layihəsində isə bələdiyyələrə sosial layihənin icrası ilə bağlı ünvanlılıq göstərilib. Qanuna dəyişikliyə əsasən bələdiyyələr alacağı qrantla ancaq sosial layihələr həyata keçirə bilər. Daha doğrusu, uşaq meydançaları düzəldə, yaşıllıqlar və ya nümunəvi məhəllələr sala bilərlər. Lakin bu, bələdiyyələrə ziyandan başqa xeyir verməyəcək. Bu layihələr icra olunduqdan sonra həmin uşaq meydançalarını, stadionları, yaşıllığı və nümunəvi həyəti saxlamaq üçün vəsait lazımdır. Amma bələdiyyənin həmin icra olunan layihələri saxlamaq üçün imkanı və gücü yoxdur. Təklif edirəm ki, qanunda sosial layihələrlə yanaşı, iqtisadi layihələrin icrası da nəzərdə tutulmalıdır. Bələdiyyələr iqtisadi layihələrdən əldə etdiyi gəlirləri həmin sosial layihələrin saxlanmasına yönəltməlidir".
Vüqar Bayramov
Deputat Vüqar Bayramov mövzu ilə bağlı "Trend"ə açıqlamasında bildirib ki, son dəyişikliklərdə əsas məqsəd bələdiyyələrin maliyyə imkanlarını gücləndirməkdir: “Bələdiyyələrin daha effektiv fəaliyyət göstərməsi planlaşdırılıb. Bələdiyyələrin birləşdirilməsi həm idarəetmə baxımından, həm də cəlb olunan maliyyə baxımından vacib idi. Bu birləşmədən sonra maliyyə dayanıqlılığı formalaşacaq. İmkan yaranacaq ki, büdcədənkənar maliyyə cəlb edilsin. Şəffaf fəaliyyət də çox önəmlidir. Ödənişlərin nağdsız qaydada həyata keçirilməsi şəffaflıq üçün düşünülən addımdır. Bələdiyyələrin maliyyə vəziyyəti güclənəcək, daha hesabatlı olacaq. Yerli idarəetmədə rolu daha da artacaq. Xüsusilə iqtisadi və sosial məsələlərdə bələdiyyələrin fəaliyyəti daha aktiv olacaq”.
Aydın Hüseynov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə “Yeni Müsavat”a bildirib ki, “Qrant haqqında” Qanuna dəyişikliklər bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb: “Dəyişikliyə əsasən, artıq bu qanun Azərbaycanda qrantların (o cümlədən subqrantlar, qranta əlavə, habelə qanunun 1-ci maddəsində göstərilmiş yardımlaq (ianələr istisna olmaqla) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyəcək. Digər dəyişikliyə görə, Azərbaycanın hüquqi və fiziki şəxsləri, habelə Azərbaycanın hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün donorlar tərəfindən təqdim olunacaq. Bütün bunların məqsədi bələdiyyələrin maliyyə fəaliyyətini yaxşılaşdırmaq, onların maliyyə-təsərrüfat imkanlarını artırmaqdır. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın Azərbaycanın adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada aparılacaq. Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq nəzərdə tutulub”.
A.Hüseynov qeyd edib ki, qanuna edilən əlavəyə görə, qrant müqaviləsinin (qərarlarının) qeydiyyatı ilə bağlı göstərilmiş tələblər müqavilə üzrə əlavə müqavilələrin, habelə müqavilələrin müddəti, məqsədi, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur: “Dəyişikliklərdən biri isə qeydə alınmayan qrantların verilməsi və ya alınması haqqında müqavilələr üzrə bank və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, KİV-də ümumiləşdirilmiş məlumat verməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ