Onlayn ictimai-siyasi qəzet
Parlamentdə təmsil olunan VHP-nin 12, AMİP-in 8, MCP-nin 7, REAL-ın isə 5 namizədi lider namizəd statusu qazanıb
“Yanvarın 29-da ölkəmizdə sayca 6-cı bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə 685 bələdiyyəni əhatə edən seçkilərdə respublika üzrə 1 874 810 nəfər seçici məntəqələrə gəldi və fəallıq 31.45 faiz oldu. Bununla da seçkilər baş tutmuş sayıldı.
Seçkilərin nəticələri olaraq tam formalaşmış bələdiyyələrin sayı 413-dür". Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, tam formalaşmış bələdiyyələr üzrə namizədlərin sayı isə 4801 nəfərdir. MSK sədri qeyd edib ki, seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib. Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına heç bir müraciət daxil olmayıb. M.Pənahov bildirib ki, bütün dairə seçki komissiyaları hesabat verib, lider namizədlərin sayı isə 7791 nəfərdir.
Məlumat üçün bildirək ki, lider namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
O barədə də məlumat verməyi vacib bilirik ki, lider namizədlər dedikdə, seçkilərdə üzv kimi seçilən hər bir iddiaçı nəzərdə tutulur. Növbəti mərhələ həmin üzvlərin öz aralarından sədr və müavinləri seçmə mərhələsi olacaq. Bu proses də qarşıdakı bir ayda baş tutacaq.
Onu da bildirək ki, bu seçkilərdə ölkədə qeydiyyatda olan 26 siyasi partiyadan 23-ü iştirak edib. Artıq bir sıra siyasi partiyaların lider namizədləri məlumdur. Hakim Yeni Azərbaycan Partiyasının bütün seçki dairələri üzrə bir deyil, bir neçə lider namizədi var. AĞ Partiya bu seçkilərə 15 namizədlə qatılmışdı və onlardan 6-sı liderlər sırasındadır. Azad Vətən Partiyasının 5, Vəhdət və Müasir Müsavat partiyalarının 7 namizədi liderlərə qoşula bilib. Parlamentdə təmsil olunan VHP-nin 12, AMİP-in 8, MCP-nin 7, REAL-ın isə 5 namizədi lider namizəd statusu qazanıb.
Modern.az-ın məlumatına görə, bələdiyyə üzvlüyünə seçilənlər arasında tanınmış şəxslər də var.
Onlardan biri də mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur. O, Sabunçu bələdiyyəsinin üzvü seçilib. Oqtay Qasımov bundan əvvəlki seçkilərdə də həmin bələdiyyənin üzvü seçilib.
“Seçkilərə kifayət qədər böyük diqqət və maraq idi”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, bələdiyyə seçkiləri çox əhəmiyyətlidir: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən il 7 fevralda prezident seçkisi, 1 sentyabrda isə parlament seçkiləri keçirdik. Həmin seçkilər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra keçirildi. Budəfəki bələdiyyə seçkiləri də suverenliyimiz təmin olunduqdan sonra keçirilən ilk seçkilər kimi dəyərləndirilməlidir”.
Partiya sədri qeyd edib ki, lider namizədlər sırasında AMİP-in namizədləri də var: “Bələdiyyələrin funksionallığının arzuolunan səviyyədə olmaması səbəbilə Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri tərəfindən seçkilərdə iştiraka əvvəlki dönəmlərdəki kimi həvəs göstərmirdilər. Lakin istənilən halda biz partiya olaraq seçkilərdə iştirak etdik, 30 nəfərə yaxın namizədimiz qeydə alındı. Eyni zamanda təxminən 600 nəfərdən artıq müşahidəçi ilə seçkiləri izləyirdik. Nəticələr açıqlanır, təbrik edə biləcəyimiz namizədlərimiz də var”.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə vurğulayıb ki, seçki zamanı qayda pozuntusu olmayıb: “Müşahidəçilərimizin verdiyi məlumatlara əsasən, seçkilərə hər hansısa kənar müdaxilə olmayıb. Yəni seçkilər uğurlu və şəffaf keçdi. Hansı partiyanın üzvü və ya bitərəf olmasından asılı olmayaraq, bələdiyyə üzvü seçilən şəxsləri təbrik edirik. Ümid edirəm və əminəm ki, yeni formalaşacaq bələdiyyələr dövlət və xalqa faydalı xidmət edəcək. Onların insanlarımızın problemlərini və istəklərini uğurlu səviyyədə həll edəcəklərinə inanırıq”.
Tahir Kərimli
Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a deyib ki, builki bələdiyyə seçkilərini əvvəlkilərdən fərqləndirən cəhətlərdən biri namizədlərin 31%-inin qadınlar, yarısının isə yaşı 30-dan aşağı gənclər olmasıdır: “Əvvəllər isə namizədlər arasında yaşlılar, xüsusilə kişilər mütləq əksəriyyət təşkil edirdi. Vəhdət Partiyasından namizədliyi irəli sürülənlər də belə tərkibdə olurdu. Gələcək üçün yaxşıdır ki, yerli özünüidarəetmə orqanlarında qadınların və gənclərin sayı artacaq. Bu cür tərkiblə namizədlik irəli sürülübsə, yəqin ki, seçilənlər arasında da gənclərin və xanımların əhəmiyyətli sırada çəkisi olacaq. Seçki ərəfəsində aparılan təşviqat kampaniyasında ciddi qanun pozuntusuna rast gəlmədik. Digər partiyalar da müşahidəçilər veriblər. Bizim partiyamız respublika üzrə 800-ə yaxın müşahidəçi verib ki, səsvermə prosesinə nəzarət etsinlər. Seçki prosesində də ciddi qarşıdurma yaranmayıb. Gözləyək görək, hansı nəticələr olacaq. Dövlət orqanları da bu cür şəraiti sonuna kimi davam etdirsələr, yaxşı olar. İndiyə qədər ciddi narazılıq olmadısa, seçki nəticələrində də narazılıq olmamasını arzu edirəm”.
Abutalıb Səmədov
Siyasi şərhçi Abutalıb Səmədov isə bildirib ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri 2023-cü ildə “Siyasi partiyalar haqqında” Qanun qəbul olunduqdan sonra keçirilən ilk bələdiyyə seçkiləridir: “Məlumdur ki, qanunun qəbulundan sonra partiyaların yenidən qeydiyyatı prosesi keçirildi, Azərbaycanda 26 siyasi partiya fəaliyyət göstərmək hüququ qazandı. Bu gün isə bələdiyyə seçkilərində 23 siyasi partiya iştirak edir. Bütövlükdə, 16 mindən artıq şəxsin namizədliyi verilib, onların yarıdan çoxu siyasi partiyaların təmsilçiləridir. Bitərəflər də seçkidə çox fəal şəkildə iştirak edirlər. 7588 bitərəf namizəd bələdiyyə sədri seçilmək uğrunda mübarizə aparır. Sevindirici məqamlardan biri də gənclərin bu prosesdə aktiv şəkildə iştirak etmələridir. Bu isə hazırda bələdiyyə seçkilərini əvvəlki illərdən fərqləndirən əsas məqamlardan biridir. Ölkədə 5846 məntəqə yaranıb və onun 1000-də vebkamera qurulub. Bu isə təbiidir ki, seçkilərin gedişinə nəzarət etmək imkanını artırır. Bundan başqa, 70 mindən artıq müşahidəçi qeydə alınıb. Onlar məntəqələrdə səsvermənin gedişinə nəzarət edəcəklər. Məlumdur ki, seçkilər majoritar sistem əsasında keçirilir. Daha çox səs alan namizədlər bələdiyyə üzvü seçilmiş hesab olunurlar. Gözləntimiz budur ki, bu gün keçirilən bələdiyyə seçkiləri Azərbaycanda yerli idarəetmənin təkmilləşdirilməsində, keyfiyyətinin artmasında mühüm rol oynayacaq, bələdiyyələrə savadlı, enerjili gənclər və təcrübəli insanlar seciləcəklər. Həm bitərəflərin, həm də siyasi partiyaların təmsil olunduqları bələdiyyələr ötən illərin təcrübəsini nəzərə alaraq öz fəaliyyətlərini daha yaxşı qurmağa cəhd göstərəcəklər. Əhalinin müraciətlərini, tələblərini qısa müddətdə reallaşdırmağa, imkanları daxilində mövcud problemləri aradan qaldırmağa, bələdiyyə institutunun əhali arasında nüfuzunun daha da artmasına cəhd göstərəcəklər”.
Samir Vəliyev
Deputat Samir Vəliyev seçkiləri canlı izləyib və təəssüratlarını bölüşüb: “Seçki məntəqələrində deputat həmkarım Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Elçin Quliyevlə birlikdə seçki prosesinin gedişatını müşahidə etdik. Müşahidə zamanı seçkilərin demokratik, şəffaf şəraitdə keçirilməsi üçün hazırlıq işləri üzrə əsas hərəkət və tədbirlər Təqvim Planına əsasən aparıldığını, MSK-nın tapşırıq və tövsiyələri yüksək səviyyədə yerinə yetirildiyini, Nərimanov rayonunda yerləşən 18 saylı Nərimanov-Nizami-Binəqədi, 19 saylı Nərimanov I, 20 saylı Nərimanov II seçki dairələri üzrə bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edildiyinə şahid olduq. Qarabağ Zəfərindən sonra azad Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkiləri müstəqil dövlətimizin yeni tarixinin şanlı səhifəsinə yazılır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ