Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp özünü Rusiyaya necə loyal göstəribsə, RF-nin “süni peyki” Belarusun lideri Aleksandr Lukaşenko da iştahlanıb, ABŞ-yə yaxınlaşmaq istəyir.
A.Lukaşenko bu barədə məşhur amerikalı bloqer Mario Naufala verdiyi və dünən tirajlanan müsahibəsində danışıb.
Həmin müsahibədə Belarus rəhbəri Priqojinin qiyamından, Ukraynada sülh perspektivlərindən, Zelenski ilə şəxsi münasibətlərindən danışıb. Amma onun əsas tezisi belə olub ki, Donald Trampla həmfikirdir və mesajın ABŞ prezidentinə çatdırılmasını istəyir. Lukaşenko Belarus hakimiyyətinin ABŞ prezidentinin başlatdığı “sağlam düşüncə inqilabına” nəinki emosional dəstək, həm də konseptual dəstəyini bəyan edib.
İndi görün, dünya qısa müddətdə haradan hara gəlib. Bu ilin yanvarına qədər Lukaşenko ABŞ-nin qorxusundan Rusiyadan və bəzi postsovet ölkələrindən başqa bir yerə gedə bilmirdi, bu gün özünü Trampla həmfikir hesab edir, onun başlatdığı “inqilab”a dəstək verir.
Lukaşenko beynəlxalq sanksiya altındadır, barəsində adam oğurluğundan siyasi rəqiblərinin qətlini təşkil etməyə, ölkəsində repressiya aparmağa qədər ağır ittihamlar var, amma bu gün özünü suda balıq kimi hiss edir.
Onun Noufala verdiyi açıqlamalarda bəzi eksklüziv detallar da yer alıb. Kimin ağlına gələrdi ki, Belarus prezidentinin hərəkətləri Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yüksək qiymətləndirilib? Ancaq Lukaşenkonun dediyindən belə çıxır ki, elə bir şey olub. Bu barədə danışan Lukaşenko deyb: “Hərəkətlərim Qərb tərəfindən yüksək qiymətləndirildi və bu məni təəccübləndirdi. Hətta MKİ, MI6 və digər kəşfiyyat agentlikləri bunu çox yüksək qiymətləndirdilər. Niyə? Bu barədə açıq danışmaq adət deyil. Amma Qərb bunu hiss etdi, mən də o vaxt proses başlayanda hiss etdim. Jenya Priqojin (“Vaqner” özəl hərbi şirkətin rəhbəri - red) nüvə düyməsinə can atırdı. Qərblilər isə güman edirdilər ki, o zaman o, mövcud hökuməti devirə və nüvə silahını ələ keçirə bilər. Buna görə də onlar mənə özəl olaraq təşəkkür etdilər”, – Lukaşenko etiraf edib.
Doğrudan da Priqojinin qiyamının yatırılmasında, qiyamçının ram edilməsində Lukaşenkonun rolu olub.
O, Priqojini dilə tutaraq qiyamı başa çatdırmaqdan, Moskva üzərinə hücumdan vaz keçirib, onu Belarusa çağıraraq, təhlükəsizlik təminatı verib, Putin hakimiyyətini devrilməkdən xilas edib. İndi məlum olur ki, ortada “nüvə silahına çıxış əldə etmək” niyyəti də varmış. Bir az fantastik janrdandır, bunu təsdiq və ya təkzib edə biləcək adamlar isə müəmmalı təyyarə qəzasında həlak olublar. Bunlar Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin idi. Onların hər ikisi qiyamdan cəmi və düz 2 ay sonra həyatlarını itirdilər. Ona görə də indi Lukaşenkonun nə dərəcədə doğru söylədiyini bilmək olmur.
Amma Belarus liderinin müsahibəsindəki sensasion detallar əsas deyil, söhbətin əsas leytmotivi Donald Trampa ünvanlanan mesajdır.
Lukaşenko deyib: “ABŞ-də baş verənlərdən, Trampın açıq şəkildə dəstəklənməsindən sonra da onun qalib gələcəyini düşünmürdüm. O, qalib gələndə isə birbaşa dedim ki, Tramp buldozer kimi Amerika Birləşmiş Ştatlarından keçib və qalib gəlib. İnanılmazdır! Bu inanılmaz insandır. Və inanılmaz bir şey baş verdi. O, düz deyirdi ki, az qala vurulacaqdı – yəqin ki, Tanrı onu xilas etdi. Onu xilas edən Rəbbimiz idisə, demək, onu bir şeylərdən ötrü xilas edib”.
Əslində Lukaşenko Trampı buldozerə bənzədərkən haqlıdır. Doğrudan da Tramp ABŞ-dəki hər iki güclü partiyanın belindən keçərək, onları əzərək hakimiyyətə gəlib. Ötən il əvvəlcə öz partiyası Respublikaçılar, sonra isə Demokratlar bu adamın qarşısında susqun və müti halda qaldılar.
Ondan sonra, Lukaşenkonun da dediyi kimi, dünyada vəziyyət, o cümlədən ABŞ və Rusiya arasında münasibətlər sürətlə dəyişməyə başlayıb. “Heç kim təxmin edə bilməzdi. Ancaq bunu etmək üçün riskə gedən şəxs, Donald Tramp qısa zamanda vəziyyəti ayaq-baş etdi”, -Lukaşenko bildirib.
O, sülhməramlı səylərində ABŞ prezidentinin “yanında durmağa” hazır olduğunu vurğulayıb deyib ki, tərəflərə Minskdə danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Belarus rəhbəri zarafata salaraq şəxsi təcrübəsini Amerika lideri ilə bölüşməkdən və səhvlərinə qarşı ona xəbərdarlıq etməkdən məmnun olacağını da bildirib, deyib ki, Amerikada olsaydı, Trampa nə etməməli olduğunu birbaşa üzünə deyərdi. “O qədər bəyanatlar var ki, onlar ümumiyyətlə səslənməməli idi... Seçkilərdən sonra soyumaq lazımdır. İlk növbədə ABŞ seçicilərinin, ikincisi isə bütün dünya birliyinin maraqlarına uyğun addımlar atmaq lazımdır. Amerika cəmiyyətinə nəyəsə qadir olduğunuzu sübut etmək üçün vaxtınız azdır. Əgər bunu etməsəniz, respublikaçılar növbəti seçkilərdə ağır məğlubiyyətə düçar olacaqlar”, - Belarusun müdrik prezidenti xəbərdarlıq edib.
Burada “müdrik prezident” sözü ona görə dırnaq işarələri arasında deyil ki, Trampla müqayisədə Lukaşenkonun daha müdrik düşündüyü ortadadır. Nə də olmasa, adamın 31 illik prezidentlik təcrübəsi var, təkcə prezident seçkilərində 6 dəfə “qalib gəlib”. Ona görə də Lukaşenko hesab edir ki, Trampa Zelenski ilə münasibətlər, hətta Çinlə bağlı siyasətlə bağlı məsləhətlər verməyə qadirdir.
Trampın “inqilabçılığı” Belarus liderinin xoşuna ona görə gəlir ki, yeni administrasiyanın insan haqlarına münasibəti artıq prioritet deyil, özündə Amerika demokratiyasına xas universalist yanaşmadan imtina etmək niyyətini daşıyır. Belarus prezidenti ABŞ-nin bu xüsusda siyasətinin yeni istiiqamət götürdüyünü aydın şəkildə dərk edib və anlayır ki, Tramp iqtidarı bundan sonra onu ölkəsində repressiya aparmaqda qınamayacaq.
Lukaşenkonun rəqibləri isə hələ də ümidlidirlər ki, baş verənlər onlar üçün müsbət nəticə verəcək. Politoloq Aleksandr Klaskovski müxalifət resurslarından birində qeyd edib: “Tramp avtoritar dövlətlərdəki siyasi məhbuslar məsələsindən o qədər də narahat görünmür, ancaq həmvətənlərini xarici həbsxanalardan çıxarmaq vədini yerinə yetirmək istəyir”.
Politoloq düşünür ki, Belarusun demokratik qüvvələri Trampın təsiri ilə mümkün qədər çox siyasi məhbusu azad etdirmək olar.
Bir sözlə, bütün dünyanın azadlıq istəyən toplumlarının ümid yeri olan ABŞ artıq Trampın sayəsində Lukaşenko kimilərin ümid yeri olub.
Araz Altaylı, Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ