Onlayn ictimai-siyasi qəzet
Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin əsgərləri isə jurnalistlərdir.
Söhbət Qriqor Atanesyanın Böyük Britaniyaya məxsus “unherd.com” saytında işıq üzü görən “The Armenian catastrophe. The small nation chose war, not compromise” (Erməni fəlakəti. Kiçik xalq kompromisi yox, müharibəni seçdi) adlı yazısından gedir.
BBC-nin aparıcı jurnalistlərindən olan müəllif yazır ki, son min ildə ilk dəfədir ki, Qarabağda erməni qalmayıb:
“Onlar monqol və ərəb istilalarından, çarlar, şahlar və sultanların Qara və Xəzər dənizləri arasında ticarət yollarının və hərbi yolların bu strateji kəsişməsi uğrunda mübarizə apardıqları imperiyalar dövründən sağ çıxdılar. Lakin bir il əvvəl Azərbaycanın həyata keçirdiyi ildırımsürətli hücumdan sonra XXI əsrin qəddar geosiyasi oyunlarına qurban getdilər”.
Qriqor Atanesyanın böyüklüyü ondadır ki, o, ermənilərin səhvləri haqqında açıq danışır.
Ermənistan dövlətinin və dünya erməni düşüncəsinin yanlışlarını etiraf edir. Onu da deyim ki, Qərb mətbuatında bir erməni yazarın ermənilərin səhvlərini dilə gətirməsi son dərəcə nadir hadisədir. Bu mənada Qriqor Atanesyan ehtirama layiqdir.
O yazır ki, 1994-cü ildə I Qarabağ savaşından qalib çıxan ermənilər eyforiyaya qapılmışdı:
“Onlar elə düşünürdülər ki, II Qarabağ müharibəsini də asanlıqla qazanacaqlar. Romantik millətçilik xəyallarına qapılan ermənilər əmin idi ki, Qərb onları müdafiə edəcək. Ən pis halda isə bütün umu-küsülərə baxmayaraq, Rusiya yenə onlara dəstək verəcək.
I Qarabağ müharibəsində ermənilər qalib gələrək bölgəyə nəzarəti ələ keçirdilər və Qarabağa bitişik, işğal olunmuş 7 rayondan yarım milyona yaxın azərbaycanlını zorla köçürdülər.
Bu, hər iki istiqamətdə baş verən bir neçə köçün ən böyüyü idi. 1994-cü ildə atəşkəs əldə edildikdən sonra daha kiçik, daha kasıb, dənizə çıxışı olmayan Ermənistan qalib gəldi. Ermənistanın 7 rayonu işğal etməsi beynəlxalq hüququn pozulması olsa da, bütün barışıq cəhdləri uğursuzluqla nəticələndi. Hər iki tərəfdə illərlə davam edən qarşılıqlı düşmənçilik, qırğınlar və vəhşiliklərdən sonra tərəflər arasında bir-birinə etimad qalmadı.
Müstəqil Ermənistanın ilk prezidenti, Qarabağ hərəkatının lideri Levon Ter-Petrosyan işğal etdiyi torpaqları geri vermək istəyirdi. Lakin o, 1998-ci ildə kompromisdən imtina edən sərt nazirlər tərəfindən devrildi. Onilliklər boyu formalaşan millətçi ideyalar üzə çıxdı və yeni barışmaz rəhbərlər əvvəllər qadağan olunmuş Erməni İnqilabi Federasiyası ilə ittifaqa girdilər. Onlar deyirdilər ki, Qarabağ ətrafındakı 7 rayon tarixi erməni torpaqlarıdır, onlar işğal yox, azad edilib.
Tarixçi Ronald Qriqor Suni yazırdı ki, ermənilərin “ən böyük səhvi” “orada yaşayan insanlardan boşaldılmış ərazidə “Böyük Ermənistan” yarada biləcəklərinin ölümcül qüruruna boyun əymələri oldu”.
90-cı illərdə qanuniləşdirilən irredentist ideologiya (bu və ya digər xalqın tarixin hansısa bir mərhələsində yaşadığı və ya yaşadığı iddia olunan əraziyə yenidən sahib olmaq düşüncəsi) Ermənistanı süquta sürüklədi.
Azərbaycanda da tarixin təhrif olunmasına start verildi və I Qarabağ müharibəsindən dolayı travma yaşayan xalq arasında ermənilərə nifrət hissi normaya çevrildi. Ermənistan və Azərbaycanda yalnız kiçik intellektual qruplar sülh və anlaşmaya çağırış edirdi.
“Müxtəlif administrasiyaların diplomatik səylərinə baxmayaraq, erməni tərəfi heç vaxt beynəlxalq ictimaiyyətə öz mövqeyini qəbul etdirməyə nail ola bilmədi”, - tarixçi və diplomat Jirayr Liparityan 2020-ci ildə mənə belə demişdi”.
Qriqor Atanesyan belə yazır və qeyd edir ki, Ter-Petrosyanı sıxışdıran siyasi sərt xətt tərəfdarları tezliklə başa düşdülər ki, kompromisdən başqa seçim yoxdur:
“Keçmiş Qarabağ komandiri Serj Sarkisyan da onlardan biri idi. 2008-ci ildə prezident olduqdan sonra o, ciddi danışıqlar apardı və işğal edilmiş yeddi rayondan beşinin dərhal geri qaytarılmasını nəzərdə tutan plan irəli sürdü. Qərb və Rusiya bu planı dəstəklədi, lakin Azərbaycan maraq göstərmədi. Və hələ sövdələşmə masaya qoyulmazdan əvvəl Sarkisyanın vaxtı bitdi. Müxalifətin kütləvi aksiyaları paytaxtı iflic etdi və Sarkisyan istefaya getməli oldu.
Etirazların lideri Nikol Paşinyan adlı az tanınan deputat növbəti seçkidə qalib gəldi. Və o, Ermənistanın müstəqil tarixində ən populyar liderə çevrildi - təvazökar mənzildə yaşadığına və köhnə maşın sürdüyünə görə o, xalqın adamı kimi göründü. Onun anti-korrupsiyaya qarşı mübarizə çağırışı yeni bir dövrün müjdəçisi kimi görünürdü”.
Müəllifin məqaləsindəki bu fikirlər xüsusi əhəmiyyət daşıyır. Yazır ki, Nikol Paşinyan həm Rusiyaya qarşı çıxdı, həm də köhnə Qarabağ millətçiliyini dəstəklədi:
“Daha da pisi olan odur ki, Paşinyanın münaqişəyə baxışı köhnə rejimin millətçi təbliğatı ilə formalaşmışdı. O, Qarabağın özündə millətçi şüarlar altında mitinq keçirirdi. Onun kabineti işğal olunmuş rayonlarda tikintiyə sponsorluq edirdi və Azərbaycanı daha çox torpaq işğalı ilə hədələyirdi.
Ermənistan üçün tamamilə gözlənilməz olan o oldu ki, 44 günlük müharibə zamanı Rusiya prosesə müdaxilə etməkdən imtina etdi, Qərb isə baş verənlərə elə bir maraq göstərmədi.
2023-cü ilin aprelində Paşinyan etiraf etdi ki, “torpaqların təhvil verilməsində günahkardır”. Onun yanlış qərarı “minlərlə insanın qurban getməsi ilə nəticələndi”. Məğlubiyyətdən sonra o, millətçi şüarlardan əl çəkdi və “sülh gündəmi”nə sadiq qalacağını söylədi.
Lakin Qarabağın süqutundan bir il keçməsinə baxmayaraq, iki qonşu arasında sülh hələ də baş tutmayıb. Azərbaycan Ermənistana güzəştə getməyə həvəs göstərmir. O, həm Rusiya, həm də Avropa İttifaqı ilə neft və qaz sövdələşmələrinə nail olub. Eləcə də İsraillə sıx əməkdaşlığı ilə həm hərbi baxımdan daha güclü, həm də qlobal miqyasda daha əhəmiyyətli mövqe qazanıb.
Türkiyənin şəxsində Azərbaycanın qüdrətli və etibarlı müttəfiqi var. Ancaq Ermənistanın belə bir müttəfiqi yoxdur. Qarabağın süqutu Rusiyaya olan ümidləri birdəfəlik dəfn etdi. Lakin Ermənistanın Qərbə dramatik dönüşü cəsarətli və təhlükəli qumar oyunudur: Rusiyanın pulundan, turist axınından və təbii qazından həddindən artıq asılı olan Ermənistan riskli oyuna girişib.
Bu arada erməni düşüncəsində hələ də millətçi doqmalar üstünlük təşkil edir. Bir çoxları üçün işğalın və səhv siyasətin Ermənistanın problemlərində oynadığı rol hələ də tabu olaraq qalır. Əvəzində hökumət Qərbdə rəğbətli auditoriya tapacağına ümid edərək məğlubiyyətin bütün günahını Rusiyanın üzərinə yükləyir. Bəziləri Bayden administrasiyasının ermənilərin Qarabağdan qovulmasının qarşısını almaq üçün ciddi iş görmədiyini vurğulayır, bəziləri isə Avropa İttifaqını Bakıdan qaz ixracına razılıq verməkdə günahkar bilir. Nəhayət, çoxları İsrailə qarşı çıxır, çünki İsrail son illərdə Azərbaycanın aparıcı silah təchizatçısı olub. Amma çox az adam Ermənistanın özündənrazı davranışından danışır.
Son 30 ildə Qarabağda erməni varlığını qoruya biləcək müxtəlif variantlar müzakirə olunub.
“Azadlıq və ya ölüm, biz fərqli bir seçim görmədik. Ona görə də biz ölümü seçdik”, - jurnalist Tatul Akopyan bir dəfə belə yazmışdı. Və şanlı keçmişin xəyallarına düçar olmuş kiçik xalqlar üçün bizim başımıza gələnlər bir xəbərdarlıq olmalıdır...”
Diqqətinizi bir daha bəhs etdiyim məqalənin başlığına cəlb etmək istərdim: “Erməni fəlakəti. Kiçik xalq kompromisi yox, müharibəni seçdi”.
Ümid edək ki, bundan sonra ermənilər danışıqlar zamanı qarşılıqlı güzəştə daha çox meyl edəcəklər. Belə bir yanaşma Cənubi Qafqazda sülh və əmin-amanlığın davamlı olmasını təmin edərdi. Eyni zamanda yaşadığımız coğrafiyanı iqtisadi baxımdan çiçəklənən bir məkana çevirərdi.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ