Onlayn ictimai-siyasi qəzet
Həkim: “Süni şəraitdə, müəyyən gübrələrin və zərərverici maddələrin sayəsində yetişən meyvələr insan orqanizmi üçün təhlükəlidir”
Artıq iki həftədir ki, paytaxt Bakıda çiyələk satışa çıxarılıb. İstənilən böyük supermarketlərdə, bazarlarda piştaxtaların üstündə açıq şəkildə və yaxud plastik qablarda çiyələk görmək olar. Müşahidələrimizdən deyə bilərik ki, ötən həftə mövsümü olmayan bu meyvənin 1 kiloqramının qiyməti 9-10 manata idisə, artıq qiymət 6-8 manata düşüb.
“8-ci kilometr” bazarında müşahidə apararkən çiyələyin kilosunu 4 manata satan satıcılara da rast gəldik. Satıcılar bildirir ki, qiymət aşağı düşdükcə, müştərilərin sayı artır və alıcılıq qabiliyyəti hazırkı dövr üçün qənaətbəxşdir.
Məlum olduğu kimi, hazırda ölkəmizə müxtəlif ölkələrdən də çiyələk idxal olunur. Lakin bazardakı satıcılarla söhbətləşəndə bildirdilər ki, hazırda satışa çıxarılan çiyələklər əsasən ölkəmizdəki istixanalarda yetişdirilən məhsullardır.
Azər adlı satıcı ilə söhbətləşərkən bizə bildirdi ki, artıq 3 gündür ki, çiyələyi də satışa çıxarır: “2-3 həftə əvvəl alıcılar əsasən bazarda alma, armud, mandarin və portağal almağa üstünlük verirdilərsə, indi çiyələk almağa çalışırlar. Tələb olduğu üçün 3 gündür ki, bazara çiyələk də çıxarıram və deyim ki, satışı pis deyil. Hazırda satışa 2 cür çiyələk çıxarmışam, birinin kiloqramı 7 manata, digəri isə 8 manatadır.
Bəziləri deyir ki, indiki çiyələklər zəhərlənmə yaradır, amma nə ötən illərdə, nə indi bununla bağlı şikayətə rast gəlməmişik".
Alıcı Natella Qasımova isə bildirir ki, bu il ilk dəfədir ki, çiyələk alır: “Yarım kiloqram almağı düşünürəm. Evdə uşaq istəyir, məcburən almalıyam. Hamı bilir ki, indi bazara çıxan istər çiyələk, istərsə də alça istixanalarda gübrə ilə yetişir. Yəni istər-istəməz müəyyən təsirləri ola bilər. Amma uşaq başqasında görür, istəyir, buna görə də az miqdarda da olsa almağa çalışırıq.
Alanda xüsusi diqqət edirəm ki, çiyələyin ölçüsü böyük olmasın. Çünki deyirlər ki, ölçüsü böyük olan çiyələklər təhlükəlidir".
Məlumdur ki, aprel ayının heç birinci ongünlüyü tamam olmayıb və çiyələyin əsl mövsümü ən azı bir aydan sonra başlayacaq. Bu baxımdan hazırda bazara çıxarılan bütün çiyələklər istixanalarda, xüsusi gübrə ilə yetişdirilir. Bəs mövsümü olmayan çiyələyin insan orqanizminə hansı zərəri və yaxud faydası var?
Mütəxəssislər hər zaman qeyd edir ki, istənilən hər meyvə öz mövsümündə yeyilməlidir. Çünki məlum məsələdir ki, mövsümündə yeyilən meyvə daha faydalıdır. Vaxtından tez satışa çıxardılan çiyələk istixana şəraitində yetişdirilir. Bu şəraitdə məhsulların daha tez yetişdirilməsi üçün əksər hallarda torpağa təyinatdan artıq gübrə verilir. Bu isə məhsulda normadan artıq nitratın toplanmasına səbəb ola bilər. Bu zaman isə zəhərlənmənin baş verməsi qaçılmazdır. Bu baxımdan tez satışa çıxarılan çiyələyi alıb yemək yaşlı insanlar, uşaqlar və hamilə qadınlar üçün daha təhlükəli olduğu bildirilir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, hazırda bazarlarda peyda olan meyvə-tərəvəzin əksəriyyəti istixanalarda, xüsusi şəraitdə yetişdirilir. Ona görə də bu cür meyvə-tərəvəzlər demək olar ki, tam yetişmir. Tövsiyəm budur ki, insanlar mümkün qədər nəfsini qorumalı, hər meyvəni öz mövsümündə qəbul etməyi bacarmalıdır. Heç olmasa ən azı yetişən dövründə, normal halda olarkən qəbul etsinlər.
Mövsümü olmayan meyvələrin insan orqanizminə vurduğu zərərlərinə gəldikdə, əlbəttə ki, süni şəraitdə, müəyyən gübrələrin və zərərverici maddələrin sayəsində yetişən meyvələr insan orqanizmi üçün təhlükəlidir. Lakin meyvəni öz mövsümündə qəbul edəndə bəzən qida ritminə müsbət təsir edir.
Bu baxımdan nəfsə nəzarət etmək, xarici görünüşü, dadı adekvat olmayan meyvələrdən mümkün qədər uzaq qaçmaq lazımdır və bu çox vacibdir".
Vaqif Qarayev
Tanınmış pediatr Vaqif Qarayev isə qeyd edir ki, hazırda satışda olan, mövsümü olmayan meyvələr xüsusən uşaqlara mənfi təsir göstərir: “Hazırda satışda olan pomidor-xiyar, gilas, alça, çiyələk meyvələrini uşaqlara vermək məsləhət deyil. Bu uşaqlarda mədə-bağırsaq problemi yaradır”.
Həmçinin mütəxəssislər bildirir ki, hazırda satışa çıxarılan çiyələyin ölçüsünün həddindən artıq böyük olması ona azot gübrəsinin çox qatılmasının göstəricisidir. Əgər çiyələk istixanada azot gübrəsi ilə yetişdirilirsə, bu zaman məhsula toplanan nitratlar allergiyanın kəskin artmasına səbəb olur.
Çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Həmçinin təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir. Belə ki, alimlər düşünür ki, çiyələyin rəngi onun tərkibində olan zülalların zənginliyindən asılıdır. Çiyələk nə qədər parlaq olsa, bu onun tərkibində bir o qədər bol və faydalı zülalların mövcudluğundan xəbər verir. Çiyələk isti sevən bitkidir, lakin o məhsulu istehlaka təqdim edərkən soyuq temperatur rejiminə mütləq şəkildə əməl olunmalıdır. Xüsusən də antisanitar, gün şüalarına məruz qalan şəraitdə çiyələk məhsullarının satışı və istehlakı tövsiyə olunmur. Asanlıqla xarab ola biləcək yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir.
Xalidə GƏRAY
Fotolar müəllifindir
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ