Onlayn ictimai-siyasi qəzet
ABŞ lideri sülh müqaviləsinin Azərbaycanın və Cənubi Qafqazın dünya miqyasında oynadığı rolu dəyişəcəyini anons etdi, Bakını Avropanın enerji təhlükəsizliyində sütunlardan biri adlandırdı - reaksiyalar
“Regionda sabitliyin olması ABŞ-ın marağındadır. İmzalanacaq sülh razılaşması uzun illərdir davam edən münaqişəyə tamamilə son qoyacaq, eyni zamanda Azərbaycanın və Cənubi Qafqazın dünya miqyasında oynadığı rolu dəyişəcək”.
“Yeni Müsavat” bildirir ki, bu, ABŞ prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində oxunan məktubunda əksini tapıb. Bayden bildirib ki, ABŞ bu istiqamətdəki səy və ambisiyaları dəstəkləyir, müxtəlif prinsiplər üzrə əldə olunan razılaşmalarla həmfikir olduğunu ifadə edir. “Mən növbəti aylarda da əlaqələrin daha da dərinləşməsi istiqamətində atılacaq bütün addımlara dəstəyimi ifadə etmək istəyirəm. Uğurla keçəcək Bakı Enerji Həftəsinin iştirakçılarına xoş arzularımı çatdırıram!” - ABŞ prezidenti qeyd edib. Ağ Ev rəhbərinin çıxışında ikinci mühüm məqam enerji təhlükəsizliyi ilə əlaqədardır. Bayden qeyd edib ki, Bakı noyabrda COP29-a ev sahibliyinə hazırlaşır: “Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.
Göründüyü kimi, ABŞ lideri iki mühüm bəyanatla regiona və Azərbaycana mesajlar ötürüb. Onlardan biri sülh sənədinin imzalanması fonunda Azərbaycanın dünya miqyasında oynadığı rolu dəyişəcəyi anonsudursa, digəri Bakının Qərbin enerji təhlükəsizliyində sütunlardan biri kimi qiymətləndirilməsidir. Elə dövlət başçısı İlham Əliyev də qeyd edib ki, təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək: “Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.
Baydenin bəyanatlarına gəlincə, bu, sülh sənədinin COP29-dək imzalanacağı ilə bağlı gözləntiləri daha da gücləndirir. Son zamanlar Bakıdan, İrəvandan, ayrı-ayrı mərkəzlərdən və analitiklərdən oxşar proqnozlar səslənir. Hətta erməni baş nazir Paşinyanın Bakıda keçiriləcək tədbirdə iştirakı istisna edilmir. Ən azından buna qədər çərçivə sazişi imzalana bilər. ABŞ prezidentinin açıqlamaları isə bu ehtimalları həm artırır, həm də ikitərəfli danışıqlar modelinə kənardan motivasiya və stimul verir. O ki qaldı ABŞ liderinin enerji təhlükəsizliyi haqda dedikləri, bu da Avropanın ayrı-ayrı təsisatlarından səslənən çağırışlara, qəbul edilən qətnamələrə baxmayaraq, Bakı ilə Qərb arasında əməkdaşlığın daha da güclənəcəyini düşünməyə əsas verir.
Xüsusən də Ukrayna müharibəsinin Rusiya üçün yaratdığı sanksiyalar Azərbaycanın enerji məhsullarına Avropada tələbatı birə beş artırıb. Hərçənd Azərbaycan Rusiya ilə müttəfiqlik sənədi imzalayıb, koalisiyada iştirak etmir, sanksiyalara qoşulmayıb, bununla belə, Azərbaycanın Kiyevə humanitar yardımı, eləcə də Avropa üçün enerji təhlükəsizliyində oynadığı mühüm rol Bayden tərəfindən yüksək qiymətləndirilir.
Asim Mollazadə
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, sülh sənədi ilə bağlı məsələlər Azərbaycanla Ermənistan arasında həll olunur. Deputat vurğuladı ki, İrəvan sülh istiqamətində addımlar atmağa məcburdur, onun başqa seçimi yoxdur: “Buna görə kənar motivasiyaya ehtiyac yoxdur, Ermənistan normal dövlətə çevrilməli, kimlərinsə əlində maşa kimi istifadə edilməməlidir. Çünki sülh müqaviləsi Ermənistan və bölgə üçün yeni perspektivlər, əməkdaşlıq imkanları açır”. A.Mollazadə ikitərəfli danışıqların Vaşinqton tərəfindən dəstəklənməsi və Rusiyanın vasitəçi kimi kənarda qalması fikirlərinə belə cavab verdi: “Mənə elə gəlir ki, Ermənistan-Rusiya münasibətlərinin yaxın müddətdə düzəlməsini gözləməyək. Hərçənd bəzi açıqlamalar və yumşaq bəyanatlar verirlər, lakin Moskva və İrəvan öz problemlərini dialoqla həll etməlidirlər. Azərbaycan isə ikitərəfli danışıqlarda maraqlıdır”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Baydenin Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə bu il göndərdiyi təbrik məktubunun mətni ilə ötənilki məktubun mətnini müqayisə edib: “Bayden ötənilki sərgi ilə bağlı İlham Əliyevə göndərdiyi məktubda diqqəti daha çox enerji əməkdaşlığına və enerjinin dünya bazarlarına çatdırılması imkanlarına yönətlmişdi. Ağ Ev sahibi builki məktubunda yenə enerji əməkdaşlığa barədə cümlələr yazsa da, diqqəti bölgədə sülhün əldə olunmasına yönəldib. Görünür, Bayden üçün təbrik məktubunu hazırlayan müşavirlər özləri üçün Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığını müəyyənləşdiriblər. "Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək" yazan Bayden ABŞ-ın bu cəhdi dəstəkləməyə hazır olduğunu bildirib". Analitikin fikrincə, məktubdan da göründüyü kimi, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasında maraqlıdır və bu zaman vasitəçilik təklifi ilə çıxış etmir: “Vaşinqtonun mövqeyi təxminən belədir: "Bakı və İrəvan sülh sazişini imzaladığı, regional əməkdaşlığa başladığı andan Azərbaycanın bölgədə liderliyini qəbul edəcəyik".
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Bayden enerji təhlükəsizliyi ilə bağlı məlum elanı verib: “Avropa Birliyinin enerji komissarı, İtaliya, Almaniya və digər Qərb ölkələrin energetika nazirləri buna bənzər bəyanatlar veriblər. Bakı-Tiflis-Ceyhan, sonra TAP və TANAP layihələrinin işə düşməsi ilə Azərbaycanın enerji məhsulları Avropada önəmli rol oynadı. Xüsusən logistik və asılılıq səviyyəsini götürsək, Şərqi Avropa dövlətləri, Balkan ölkələri rus qazından həddən artıq asılı idi. İndi Azərbaycanın Şərqi və Cənubi Avropa ölkələri üçün böyük əhəmiyyəti var. Misal üçün, Bolqarıstana 1 milyard kub qaz satılması müqaviləsi var, o cümədən Macarıstan, İtaliyanın qazla təmin edən ölkəyə çevrilmişik. İtaliyaya 7 milyard kub qaz satırıq. Bu mənada Azərbaycan güvənilən ölkəyə çevrilib və Bakı götürülən bütün öhdəlikləri yerinə yetirib. "Şahdəniz", “Ümid” yataqlarının işə düşməsi ilə daha böyük qaz nəqli imkanları yaradır". N.Cəfərlinin sözlərinə görə, Azərbaycan ətraf ölkələrdən də Avropaya qaz nəqlində mühüm rola malikdir: “İraqdan Türkiyəyə boru kəmərləri ilə çəkiləcək qazın Avropa bazarına çatdırılması mümkündür. Yəni tək öz qazımız deyil, ətraf ölkələrin imkanlarından da istifadə etməklə Avropaya qaz veririk. Bu mənada Azərbaycanla danışıqlar uğurlu gedir. O baxımdan, Baydenin və digərlərinin açıqlamaları göstərir ki, Azərbaycan hər tərəfə sərf edəcək enerji siyasəti yürüdür, eyni zamanda ölkəyə valyuta gəlirlərinin axın etməsinə səbəb olur”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ