Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Baydenin dilə gətirdiyi fikir bu gün dünya mediasında geniş şəkldə tirajlanıb.
Bayden bəşəriyyətin yeni dünya nizamına ehtiyacı olduğunu deyib və əlavə edib ki, ABŞ bu yeni düzəni qura bilər.
Bayden deyib: “Düşünürəm ki, biz dünyanı əvvəllər heç vaxt görülməmiş şəkildə bir araya gətirmək üçün kifayət qədər cəsarətli və inamlı olsaq, bunu etmək imkanımız var. Müharibədən sonrakı dövrdə dünya nizamının kifayət qədər yaxşı işlədiyi dövrdə 50 il keçirdik, lakin indi yeni, yeni dünya nizamına ehtiyacımız var”.
Bayden “müharibədən sonra 50 illik yaxşı dövr”dən danışarkən bir qədər şişirdir. O dövr 50 il olmayıb, 45 il olub – 1945-dən 1990-a qədər.
1990-da sonra isə dünya öz köhnə nizamı ilə davam edə bilmədi. SSRİ boyda sarsılmaz görünən və “xalqlar həbsxanası” olan nəhəng dövlət “milli mənzillər”ə parçalandı, üstəlik, bir zamanlar dünyanın yarısına dotasiyalar ayıran ölkənin özü dilənçi gününə düşdü. Bu da yetmədi, ərazisində milli-etnik zəmində münaqişələr başladı.
Avropanın daha bir “bala kommunist imperiyası” Yuqoslaviya da parçalandı, burada da milli zəmində müharibələr başlandı, genosid aktları törədildi, ABŞ və böyük Avropa dövlətləri qırğının qarşısını çox gec ala bildilər.
1989-2005-ci illər arasında bir sıra ölkələr despotik rejimlərdən, avtokrtatik hakimiyyətlərlərdən canlarını qurtararaq demokrarik idarəetmə və şəffaf bazar iqtisadiyyatı relsinə oturdular və bu işdə ABŞ və Avropa ölkələri onlara ciddi kömək etdi.
Ancaq 2005-ci ildən sonra ABŞ öz üzərinə götürdüyü öhdəliklərdən geri durdu, daha dünyanın “demokratiya istəyən xalqlar”ına siyasi dəstək vermədi, eləcə dissident dərnəklərinə, qeyri-hökumət təşkilatlatlarına yardım göstərməklə kifayətləndi. Bu, ümumdünya demokratikləşmə prosesinə ciddi zərbə vurdu.
Həmin illərdə ABŞ İraqda və Əfqanıstanda müharibə aparırdı və əlinin üstündə əl yox idi. Ancaq dünya hegemonu tamamilə işğal etdiyi, yeni hökumət, demokratik düzən qurduğu, azad və qanuni seçki keçirdiyi Əfqanıstanda da istədiyi qalıcı nizamı qurub başa çatdıra bilmədi, 1-2 trilyon dollar vəsait xərcləyəndən sonra ölkəni radikal “Taliban” ekstremistlərinə buraxıb çıxdı. İndi “taliblər” Əfqanıstanda bütün zamanların ən sərt teokratik rejimini, öz müstəbid nizamlarını bərqərar ediblər.
Bayden isə yeni dünya düzənindən, nizamından danışır.
ABŞ-ın quracağı bu yeni dünya nizamı nə olacaq, bəlli deyil. Sadəcə, təxmin etmək olar ki, Bayden ölkəsinin quracağı yeni dünya düzənini elə nizamlamaq istəyir ki, orada Rusiyaya yer olmasın, ya da ona elə yer vermək istəyir ki, Rusiya “mən də superdövlətəm, mənim rəyimlə hesablaşılmalıdır” deyə bilməsin.
ABŞ-ın son 2-3 ildə yeritdiyi xarici siyasətin anti-Çin təmayüllü olması göstərir ki, Baydenin dediyi yeni dünya düzənində son illərdə bütün parametrlər üzrə böyük tərəqqidə olan nəhəng Asiya ölkəsi tamamilə cilovlansın, ötən əsrin 60-cı illərində olduğu kimi, səfalətə düçar olsun, özünü qida ilə təmin etmək üçün yenidən sərçələri güllələsin (dən yeməmələri üçün).
Bəs yeni dünya nizamında Yaxın Şərq ölkələrinin yeri necə olacaq? Zatən köhnə dünya düzəni onların çoxunu xoşbəxt etməyib, hamısı böyük problemlər yaşayır, lokal ərazi və vətəndaş müharibələri aparırlar, tam əksəriyyətində “demokratiya”nın “D”-si belə yoxdur, haqsızlıq, ədalətsizlik, korrupsiya tüğyan edir. Bu ölkələrin ən yaxşı bacardıqları iş xarici ölkələrə “miqrant” ixrac etməkdir.
İndi necə olacaq? ABŞ demokratik olmayan Şərq ölkələri ilə əlaqələri kəsəcək, yoxsa onlarla daha isti münasibətlər quracaq? Yeni dünya düzəninin əsas tələbləri müəmmalıdır.
Əslində isə yeni dünya nizamının qurulması birinci BMT-dən başlanmalıdır. Bu təşkilat tam yenilənməlidir, dünyaya ən çox silah satan və ən aqressiv 5 (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin) ölkədən ibarət olan daimi üzvlər institutu ləğv olunmalıdır, bütün qitələrin ən aparıcı və öz xarici siyasətində ədalətli mövqe tutması ilə tanınan çoxsaylı ölkələrin təmsilçilərindən ibarət rotasiyalı idarəedici heyət formalaşdırılmalıdır. Bu təşkilat heç bir dövlətdən asılı olmayaraq beynəlxalq münaqişələrdə arbitraj rolunu oynamalıdır.
Yoxsa indiki halında BMT gah Fransanın təşəbbüsü ilə bir ayda iki dəfə “erməni məsələsi”nə görə növbədənkənar sessiya çağırır, gah Çin cari sessiyada “uyğur problemi”nin gündəliyə salınmasına imkan vermir, gah bu təşkilat Rusiyanın vetosu ilə üzləşir, gah da ABŞ öz maraqlarına uyğun olmayan sənədin qəbulunu əngəlləyir.
Köhnə BMT ilə yeni dünya düzəni qurmaq mümkün deyil. Elə ABŞ-ın 120 ildir davam edən aqressiv xarici siyasətilə də dünyanın yenidən nizamlanması alına bilməz. Əsas dilemma budur.
Aksiomadır ki, dünyaya yeni düzən lazımdır, amma bu ABŞ və digər hegemon dövlətlərin inhisarında olacaqsa, nə yeni bir şey əmələ gələcək, nə də qurulan o şey düzən və ya nizam olacaq. Əksinə, xaos daha da böyüyəcək.
Ötən əsrin ikinci yarısı ABŞ-SSRİ intriqası ilə davam etmişdi, bir neçə dəfə III dünya müharibəsinin başlanması təhlükəsi yaranmışdı. On ildir həmin intriqa bərpa olunub və III dünya müharibəsi təhlükəsi bu gün heç vaxt olmadığından daha ciddidir.
Yeni dünya düzəni bu iki ölkənin başqa ölkələrə və xalqlara dəyib-dolaşmaması halında qurula bilər. Bir sözlə, bu, indiki halda utopik ideyadır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ