Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin 46-cı prezidenti Cozef Bayden vəzifəsinin son günlərində ailəsinin 5 üzvünü əfv etməsi ilə bağlı sərəncam imzaladı.
Bu qərar cəmiyyətdə və siyasi dairələrdə geniş tənqidlərə səbəb oldu. Baydenin bu addımı, xüsusilə oğlu Hanter Baydenin əfv edilməsi etik və hüquqi baxımdan suallar doğurur.
Hanter Bayden daha əvvəl narkotik maddənin təsiri altında odlu silah alması və vergidən yayınma kimi ittihamlarla üzləşmişdi. Prezidentin oğlunu əfv etməsi bəzi siyasi opponentlər tərəfindən hakimiyyətdən sui-istifadə və ədalət prinsiplərinin pozulması kimi qiymətləndirilir.
Baydenin ailə üzvlərini əfv etməsi, xüsusilə yeni prezident Donald Trampın vəzifəyə başlamasından əvvəl həyata keçirilməsi siyasi motivli addım kimi dəyərləndirilir. Bu qərar ABŞ-də prezidentin əfv səlahiyyətlərindən sui-istifadə etməsi və ailə üzvlərinə xüsusi imtiyazlar verməsi kimi qəbul edilir.
Bu hadisə prezidentin əfv səlahiyyətlərindən necə və nə zaman istifadə etməli olduğu barədə yeni müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Tofiq Abbasov deyib ki, Co Baydenin ailəsi Ukraynadakı inqilabi proseslərdə, ölkənin daxili işlərinə müdaxilə etməkdə və bu ölkədə biznes maraqlarını güdməkdə günahlandırılır:
“Enerji sahəsində, qaz təminatında strateji əhəmiyyətə malik nazirliklərin hamısına Bayden müdaxilələr edirdi. Oğlu Hanterin də orada çox böyük izləri var. Həmin izləri araşdırdıqda cinayət tərkibli məqamlar ortaya çıxır. Tramp ötən seçkilərdə səs çoxluğunu əldə etmişdi, lakin onu qələbədən məhrum etdilər. Buna görə də o, hiddət nümayiş etdirdi və bildirdi ki, əgər hakimiyyətə gəlsə, bütün işləri araşdıracaq. O, bu məsələdə Bayden və onun ailəsini məsuliyyətə cəlb etmək niyyətində idi. Buna görə də Bayden təcili əfv sərəncamı imzaladı. Co Bayden anlayırdı ki, vəziyyət onun və komandasının xeyrinə deyil. Onun tələsik əfv imzalanması demokratiyadan xəbər verən yanaşma deyil. Doğrudur, prezidentin belə səlahiyyəti var, ancaq bu, obyektiv qərar deyil, cinayət işlərini ört-basdır etmək cəhdidir. Bayden və ailəsi xeyli vəsaiti mənimsəsə də, ABŞ-nin dövlət büdcəsinə vergi ödəməyiblər. Tramp isə bütün bu halları araşdırıb, ortalığa tökmək niyyətindədir. İstənilən araşdırma, tədqiqat işi qanundan yan keçən məqamları ifşa edəcək.
Baydenin oğlu ümumiyyətlə, çox biabırçı vəziyyətdə tutulmuşdu. Narkotik maddələrin təsiri altında heç özünü tanımırdı və elə bir tərzdə onun fotoları mətbuatda yayılmışdı. İstənilən halda Bayden ailəsi bu proseslərin məsuliyyətini üzərlərindən ata bilməyəcəkdi. Buna görə də Bayden ailəsi, Demokratlar Partiyası çox güclü həyəcan keçirirdilər. Əfv sərəncamı da bu fonda verilmiş qərar idi. Öz ölkəsində demokratiyanı təmin edə bilməyən prezident başqa dövlətlərdə tələblərin, azadlığın pozulması ilə bağlı hesabatlar dərc etdirir”.
Politoloq ABŞ-nin dövlət katibi Entoni Blinkenin siyasi fəaliyyətini də şərh edib. O, Blinkeni zəif və “boz siyasətçi” adlandırıb:
“Mən onu ABŞ siyasətinin baş poçtalyonu hesab edirəm. Dünyanın qaynar bölgələrinə, Yaxın və Orta Şərqə tələsik göndərilirdi ki, rəsmi Vaşinqtonun mesajlarını çatdırsın. İsrail-HƏMAS gərginliyi zamanı poçtalyon kimi oradan buraya-buradan oraya gedirdi.
Baxın, Donald Tramp hakimiyyətə gələn kimi onun bir neçə istiqamətdə xüsusi nümayəndələri təyin olundu. Hətta Hollivudda xüsusi nümayəndəsi var. Bu, yeni yanaşmadır. Tramp göstərir ki, problemli məqamlar çoxdur və onlarla bağlı ədalətli qərarlar vermək üçün obyektiv yanaşmaya böyük ehtiyac var. Demokratlarda isə belə bir yanaşma yox idi. Blinken get-gəl diplomatiyasının icraçısı idi.
ABŞ diplomatiyasının son 4 il ərzində hansısa uğuru olubsa, bunu Baydenin adına bağlamaq düzgün deyil. Orada bu işlərlə məşğul olan xüsusi qapalı institutlar, kəşfiyyat, araşdırma orqanları var. Beyin mərkəzləri hər hansısa bir yanaşmanı götür-qoy etdikdən sonra üzə çıxarırlar. ABŞ-də dərin dövlət deyil, dərin hakimiyyət anlayışı var. Bu da həmin institutlar və mərkəzlərin sayəsində formalaşır. Onlar ən ağrılı, çətin dilemmaları araşdırırlar. Sonda rəsmi dəhlizlərdə bir neçə variant nəzərdən keçirilir və qərar qəbul olunur. Ən son məqamda Blinkenin rəyi nəzərə alınır.
Blinken Henri Kissincer səviyyəsində siyasətçi deyil. O, Cənubi Qafqaz siyasətində xüsusi zəiflik göstərdi, ağa qara, qaraya ağ dedi”.
Şahanə Rəhimli
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ