İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqanlığa namizədi qətlə yetirənə AĞIR CƏZA verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, Elsevər İslamov Müsavat Partiyasının fəalı, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunu qətlə yetirməkdə ittiham olunur.

Prosesdə hökm elan edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin may ayında Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Xətai Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə iş başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat Partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Məhkəmənin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR