İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin son qərarı - Şeyxə etimad azalıb, yoxsa...

QMI-nin dini təhsil sahəsindən tam uzaqlaşdırılması nə ilə bağlıdır ?

İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılması barədə xəbər vermişdik. Baş nazir Əli Əsədov müvafiq qərarı ilə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə  publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, əvvəl QMİ nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcəyi gündəmdə idi.  Bildirilirdi ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq. QMI respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılmasını nəzərdə tuturdu. Daha sonra Dini Komitə bəyan etdi ki, bölgələrdə dini kolleclər yaradılacaq və İlahiyyat İnstitutunun bazasında fəaliyyət göstərəcək. 

Yada salaq ki, QMİ-nin təsisçisi olduğu Bakı İslam Universiteti fəaliyyətini dayandırdıqdan sonra dini təhsil məsələsi Dini Komitənin nəzarəti altındadır. Məsələ ondadır ki, daha əvvəl dini təhsil müəssisələrini yaratmaq funksiyası QMİ-yə məxsus olub. QMİ illərlə özü kadr yetişdirmirdi, xaricdə dini təhsil almağa adamlar göndərirdi ki, bunun da bəzi ciddi fəsadları meydana çıxdı, hətta hökumət bu təhlükələri önləmək üçün Azərbaycandan kənarda dini təhsil alanlara qadağa tətbiq etməyə məcbur oldu. 

Aydın oldu ki, QMİ yeni dini kadrlar yetişdirmək gücündə deyil. İndi Bakı İlahiyyat Kollecinin yaradılması da QMİ-nin dini təhsil sahəsində heç bir səlahiyyəti qalmadığını göstərir.    

Şeyxülislam Allahşükür Paşazadəyə gəlincə, onun Azərbaycan hakimiyyəti yanında həmişə xüsusi çəkisi olub. Şeyxülislamın dövlət ərkanında səlahiyyətləri qalmaqdadır və ona xüsusi status tanınıb. Bundan başqa, Şeyxülislamın postsovet məkanında dini çevrələrə kifayət qədər təsir imkanları var. 

QMI-nin dini təhsil sahəsindən tam uzaqlaşdırılması nə ilə bağlıdır ?

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, kollec, yəni mədrəsə tipli təhsil müəssisələri daha əvvəl də mövcud olub, hazırda da mövcuddur: “Azərbaycan müsəlman ölkəsidir, rəsmi olaraq ölkəmizdə 2200-dən çox məscid var, eyni zamanda dinlə əlaqədar elmi və tədris mərkəzləri var, bunları kadrla təmin etmək üçün yalnız İlahiyyat İnstitutu kifayət deyil, kolleclərin olması da lazımdır. Bu mənada zərurət var idi. Müəllim yoxdur fikri əsassızdır, Azərbaycanda həm ölkə daxilində, həm də xaricdə ali dini təhsil almış mütəxəssislər kifayət qədər var. BDU nəzdində İlahiyyat fakültəsi 1992-ci ildən fəaliyyət göstərir, dediyim kimi, həm yerli, həm də xaricdə təhsil almış kadrlar kifayət qədər var.

O ki qaldı QMİ ilə bağlı məsələyə, artıq çoxdandır ki, dövlət dini sahədə fəaliyyətləri öz üzərinə götürüb və komitə vasitəsilə bu fəaliyyətləri həyata keçirir. Bu da daxili və yerləşdiyimiz regionun xarakteri ilə bağlıdır. Bizim müsəlman ölkəsi olaraq dini fəaliyyətlərə daha çox diqqət ayırmağımız qaçılmaz idi. Dövlət gec də olsa bunu anladı və dini fəaliyyətlərə dövlət dəstəyi xəttini həyata keçirməyə başladı. İndi baxaq görək bu nə qədər peşəkarcasına və effektiv olacaq?" 

Dini məsələlər üzrə ekspert, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, bu məsələ QMİ-nin nüfuzunu itirməsinə dəlalət etmir: “Bu, sadəcə, dini sahə üzrə əsas səlahiyyətlərin qeyri-dövlət qurumundan alınıb dövlət qurumuna verilməsidir. "Dini etiqad azadlığı haqqında" Qanuna müvafiq olaraq dini təhsil müəssisələri yaratmaq yalnız QMİ-nin səlahiyyətində idi. QMİ nəzdində Bakı İslam Universiteti kimi ali dini təhsil müəssisəsi və bir neçə mədrəsə var idi. Ölkə başçısının sərəncamı ilə QMİ-yə 10 mədrəsə-kollec yaratmaq imkanı verilmişdi.  Bunlardan yalnız bir neçəsi fəaliyyət göstərir, qalanları hələ maliyyə məsələlərinə görə yaradılmamışdı. Belə ki, kollecləri QMİ özü maliyyələşdirməli idi. Daha sonra bildiyiniz kimi, Dini Komitə nəzdində İlahiyyat İnstitutu yaradıldı və BİU ləğv olundu. Ümumən dini təhsilin Dini Komitəyə  verilməsi başladı. BİU-nun problemlərindən biri həm də o idi ki, Elm və  Təhsil Nazirliyi tərəfindən lisenziya almadığı üçün diplomlar da tanınmırdı. Yüzlərlə məzun son illər diplom ala bilməmişdi. Dövlət müəssisələrinin bir çoxu əvvəllər verilmiş BİU diplomlarını tanımırdı. İlahiyyat İnstitutunun yaradılması  ilə bu problemlər də həll olundu". 

Elçin Əskərov: “İƏT Xarici İşlər Nazirləri Şurası təcavüzü pisləyən 3  qətnamə qəbul etdi”

Elçin Əskərov

Elçin Əskərov  həll olmayan bir başqa məsələyə də toxundu: “O da odur ki, İlahiyyat İnstitutu akademik dinşünas və ilahiyyatçılar yetişdirir. O institutun bir çox məzunları sonradan gedib din xadimi kimi, dini ayin icraçısı kimi, adi molla kimi, aşağı kvalifikasiyalı dini işlər məsulu kimi işləmək istəmirlər, vəfat etmiş şəxslərə düzgün qüsl kəfən vermək, dəfn etmək və s. kimi işlərə getmirlər. Halbuki belə kadrlara ehtiyac daha çoxdur. Bu kadrları yetişdirmək üçün isə mədrəsə və kolleclərə ehtiyac var. İlahiyyat İnstitutu nəzdində kolleclərin yaradılması bu kadr boşluğunu da dolduracaq. Həmin kollec və kolleclərdə dərs deməyə isə kifayət qədər kadr var”.

Mübariz Qurbanlının İSTEFASI dövlətə ən böyük xidməti olar | KONKRET

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki,  Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub: “Ümumiyyətlə, Azərbaycanda din sahəsində çalışan kadrların perspektivi nəzərə alınmalıdır. Yəni dini sahədə çoxlu kadr hazırlığı keçirsək, onların çalışdığı yerlər də mütləq olmalıdır. Bu mənada planlaşdırma olmalıdır”, - o bildirib. Komitə sədri kollecin İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcəyini xatırladıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə (Modern.az) bildirib ki, İlahiyyat Kollecinin yaradılması dövlətin keyfiyyətli dini təhsilə verdiyi əhəmiyyətin göstəricisidir: “Kollec ilk növbədə İlahiyyat İnstitutu üçün baza olacaq. Kolleci bitirənlər dünyəvi fənlərlə yanaşı, dini biliklərə də yiyələnəcək və beləcə İlahiyyat İnstitutuna din elmləri sahəsində daha savadlı tələbələrin qəbulu baş verəcək. Gələcəkdə kollecdə təhsil alanların qida və yataqxana ehtiyaclarının da qarşılanması nəzərdə tutulur. Bu, din sahəsində təhsil almaq istəyənlərin başqa ölkələrə yönəlməsinin də qarşısını alacaq. Artıq öz ölkəmizdə din təhsili almaq üçün hər şərait mövcuddur. 

Azərbaycan İlahiyyat İnstitutunda elmi əsaslarla ali din təhsili həyata keçirilir. Kollecin yaranması ilə belə tədris orta ixtisas səviyyəsində gerçəkləşəcək. Nəticədə dini tədrisdə ardıcıllıq təmin olunacaq. Kollecdə verilən təhsil institut təhsili ilə tamamlanacaq və bununla da ölkəmiz üçün din sahəsində daha savadlı kadrların hazırlanması təmin ediləcək. Kolleci bitirənlər məscidlərdə də çalışa biləcəklər".

 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR