Onlayn ictimai-siyasi qəzet
Banqladeşdə ötən həftədən başlayan kütləvi etirazlar nəticəsində ölkənin baş naziri Şeyx Hasina istefa verib. Onun Hindistana getdiyi bildirilir. Bundan əvvəl etirazçılar baş nazirin iqamətgahı olan Qanabhabanı tutmuşdular.
Baş nazirin ölkəni tərk etməzdən əvvəl verdiyi əmrlə polislərin etirazçılara qarşı zorakılığı 100-dən yuxarı insanın öldürülməsi ilə nəticələnib. Şeyx Hasina ölkəni tərk edəndən sonra ordu rəhbərliyi xalqa müraciət edərək, tam demokratik seçkilər keçiriləcəyini vəd edib. Bundan sonra bütün siyasi qüvvələrlə ölkə prezidenti Şahabuddin Çuppu arasında görüş keçirilib. Görüşdə əldə olunan razılaşmaya əsasən Banqladeş parlamenti müvəqqəti hökumət qurmaq üçün buraxılacaq. Tərəflər həmçinin ordunun ölkədəki mövcud vəziyyəti normallaşdırmaq üçün tədbirlər görəcəyinə dair razılığa gəliblər.
Bundan əlavə, Banqladeş prezidenti keçmiş baş nazir və müxalifət lideri Xalidə Ziyanın ev dustaqlığından, eləcə də tələbə etirazçıların həbsdən azad edilməsi barədə göstəriş verib. Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
AFP xəbər verir ki, prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BNP) sədri Xaleda Zia və tələbə nümayişləri zamanı həbs olunanların hamısının dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.
Xalidə Zia bundan əvvəl iki dəfə Banqladeşin baş naziri olub. 2008-ci ildə məhkəmə onu rüşvətxorluq ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edib. Ziya iki il həbsdə yatdıqdan sonra əvvəlcə şərti azadlığa, daha sonra ev dustaqlığına buraxılıb. BNP tərəfdarları onun həbsinin siyasi motivli olduğunu bildirirlər.
Avropa İttifaqının xarici əlaqələr komissarı Josep Borrel Brüsselin Banqladeşdəki hakimiyyət dəyişikliyini qəbul etdiyini göstərən açıqlama ilə çıxış edib. O, ölkədə formalaşmaqda olan müvəqqəti hökumətlə əlaqələrin qurulmasının vacib olduğunu deyib.
Qeyd edək ki, Şeyx Hasina hakimiyyəti Rusiya ilə isti münasibətlərdə idi. Buna görə də onun hakimiyyətdən uzaqlaşdırılması Rusiyada böyük təşvişə səbəb olub. Belə ki, yeni gələn qüvvələr Qərbin mövqeyinə yaxın olarsa, Banqladeşin Rooppur atom elektrik stansiyasının tikintisi üçün Rosatom-la bağladığı dəyəri 12,65 milyard dollar olduğu deyilən müqavilə ləğv edilə, Rusiyadan buğda idxalı dayandırıla(2023-cü ildə idxal həcmi 2,7 milyon tona çatıb), “Qazprom”un Banqladeş şelfində işlərinin qarşısı alına bilər.
Bundan əlavə, Avropa bazarlarını itirən Rusiya üçün Banqladeş mühüm ticarət tərəfdaşına çevrilməkdəydi. 2023-cü ilin sonunda Rusiya ilə Banqladeş arasında ticarət dövriyyəsi 16,5 faiz artaraq 2,7 milyard dollara çatmışdı.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ