İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklarla bağlı YENİ XƏBƏR - İnsanların borcu ARTDI

Azərbaycan iqtisadiyyatının kredit tutumu geri qalır; professor deyir ki, bankların fəaliyyəti lombard prinsipinə bənzəyir

Bu ilin I rübündə də Azərbaycan əhalisinin borclanma səviyyəsində artım dinamikası davam edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir. Sənədə əsasən, yanvar-mart aylarında respondent bankların 85%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15%-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 8% təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.

3 ayda cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin və komissiya məbləğinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmənin davam edəcəyini proqnozlaşdırırlar. Sorğunun nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələbdə dəyişiklik olmayıb. Banklar növbəti rübdə ümumi istehlak kreditləri üzrə tələbdə artım olacağını, bununla belə, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

İstehlak kreditləri üzrə maliyyələşmə dəyəri, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.

Bəs bu artımın başlıca səbəbləri nədir? Bankların kredit standartlarını sərtləşdirməsi nə ilə izah olunur? Bu, risklərin artması ilə bağlıdırmı? Kreditlərin maya dəyərinin və komissiya haqlarının artması vətəndaşlar üçün hansı çətinlikləri yarada bilər?

fikret.jpeg (167 KB)

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Azərbaycanda bank sektorunun fəaliyyətində ən ciddi problemi bütün səviyyələrdən verilən kreditlə fiziki və hüquqi şəxslərin real əlçatanlığının olmamasıdır. Banklarımız bu gün iqtisadiyyatdan üz çevirib desək, yanılmarıq. Ümumi kredit partfelində biznes kreditlərinin çox az bir paya sahib olması dediklərimizin sübutudur. Təəssüflər olsun ki, bizim banklar hələ ki, iqtisadiyyata üz tutmaq istəyində deyillər. Dünya təcrübəsində bir böyük həqiqət ondan ibarətdir ki, biznesin ən öncül maliyyə mənbəyi bank krediti olmalıdır. Mən dəfələrlə bu barədə demişəm - bu gün Azərbaycan iqtisadiyyatının kredit tutumu inkişaf etmiş ölkələrdəki eyni göstəricidən 5-6 dəfə və bəzən daha çox geridə qalır. Hətta iqtisadiyyatın elə sahələri var ki, orada kredit tutumu 2-3% təşkil edir. Bu sıraya ilk növbədə aqrar sektor aiddir. Bir gerçəyi də etiraf etməliyik ki, bir çox hallarda bankların verdiyi biznes kreditlərinin də bir böyük payı nəticə etibarilə biznesin inkişafı üçün deyil, sadəcə, istehlak krediti kimi istifadə olunur. Əgər bu reallıqları da nəzərə alsaq, onda bizim iqtisadiyyatın kredit tutumu bank statistikasında təqdim olunan kimi 15-18% deyil, bundan bir xeyli aşağıdır”.

Professor əlavə edib ki, biznesin kredit əlçatanlığının olmaması onun nəfəsliyinin kəsliməsi deməkdir və banklarda bunu anlamalıdılar: "Dövlət bank sektorunun inkişafı üçün çox işlər görüb və bu işləri görməkdə davam edir. Buna dair onlarla misal göstərmək olar. Məsələn, Beynəlxalq Bankın keçmiş rəhbərliyinin səriştəsiz idarəçiliyi nəticəsində bankın zərərini kim ödədi? Təbii ki, dövlət! Yəni 18 milyard manata qədər zərər dövlətin büdcəsindən ödənildi. Digər nümunələr də gətirmək mümkündür. Bu səbəbdən banklar öz fəaliyyəti ilə dövlətin yürütdüyü iqtisadi siyasəti dəstəkləməli və bu məsələdə pozitiv mövqe sərgiləməlidir.

Təəssüflər olsun ki, bütün bu dediklərimizin əvəzində banklarımız fəaliyyətini yüksək gəlir gətirən və “samballı zəmanəti” olan istehlak kreditləri vermək istiqamətində qurublar. Bir qədər də obrazlı desək, bu cür fəaliyyət prinsipcə lombard fəaliyyətinə daha yaxındır.

Banklar nədən verilən istehlak kreditlərinin şərtlərini getdikcə sərtləşdirirlər? Bunun ən doğru izahı belədir - bəzi fiziki şəxslər kreditləri götürərkən onu geri qaytarmaq imkanlarını düzgün hesablaya bilmirlər. Nəticədə bu kreditlərin geri qaytarılmasında problemlər yaranır. Bu da öz növbəsində bankları məcbur edir ki, kredit şərtlərini daha da sərtləşdirsinlər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR