İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı bitməyən qərəz - “France 2"nin cəzalanmamasının səbəbi

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istədi, Fransa dövləti isə...

Xəbər verildiyi kimi, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanla bağlı təxribat baş verib. Fransanın rəsmi “France 2" telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançıları və ölkəmizlə bağlı hədyan söyləyiblər. 

“Xatırladaq ki, erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz rəğbətini gizlədə bilməyərək, ”Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə" deyib. Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib. Daha sonra Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib.  

Olimpiya Oyunları isə həmişə sülhə və müharibəyə son qoymağa çağırıb. Lakin Fransa televiziya kanalı siyasi qərəz nümayiş etdirərək bu prinsipləri pozub. Beləcə, Azərbaycan, üstəlik, dünya idman ictimaiyyəti qarşısında həm də “təcavüzkar” kimi qələmə verilib, ərazi bütövlüyümüz şübhə altına alınıb, haqqımızda yenə ağ yalanlar deyilib, neqativ imic yaradılmasına cəhdlər edilib. 

Hadisədən bir gün sonra Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (AMOK) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət ünvanlamışdı. Bəs nəticə necə oldu? BOK həmin dövlət kanalını hansısa şəkildə cəzalandırdımı, məsələn, yayımdan uzaqlaşdırdımı, yoxsa bunu da söz azadlığının adına yazıb başdan etdi? BOK Bakıya hər hansı cavab göndəribmi? Suallarla bağlı AMOK-un mətbuat xidmətinə sorğu ilə müraciət etdik, cavablandırılacağı təqdirdə yayımlayacağıq. 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov isə mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, Azərbaycan 44 günlük müharibədən sonra geosiyasi baxımından kifayət qədər yeni imkanlar əldə edib: “Bu imkanların əldə edilməsi istiqamətində işlər müharibədən hələ xeyli öncə başlamışdı. Azərbaycanın və Türkiyənin bölgədə koordinasiyalı fəaliyyəti, silahlı qüvvələrin yenidən qurulması və iqtisadi imkanların artması bunda əsas rol oynamışdı. Eyni zamanda, müharibədən sonra Qafqazda da geosiyasi reallıqlar dəyişdi. Rusiyanın 200 illik təsir inhisarına son qoyuldu. Azərbaycan Türkiyə ilə Şuşa müqaviləsini imzaladı. Həmçinin də Rusiya ilə müttəfiqlik müqaviləsi imzalamaqla balanslaşdırmanı təmin etdi. Bir çoxları, Ukrayna eyforiyasına qapılaraq bu addımın səhv olduğunu iddia edirdi. Lakin gedişat sübut etdi ki, Azərbaycan nəhənglərin arasında öz mövcudluğunu qorumaq üçün manevr imkanlarını genişləndirməlidir. Belə bir məqamda Ermənistan onunla tarixi müttəfiqlik və mədəni bağları olan ölkələrə üz tutdu. Artıq Rusiya Ermənistana əvvəlki kimi əvəz edilməz tərəfdaş kimi baxmırdı. Çünki Rusiya böyük dövlətdir, onun dövlət ağlı bilirdi ki, Ermənistanın götür-gətirindən indi çoxdur. Rusiya da Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsini daha münasib hesab etdi. Ermənistan Fransanın və Qərbin imkanlarına müraciət etmək qərarına gəldi. Ümumiyyətlə, əgər bölgə ilə sərhəd təmasın yoxdursa sənin burada imkanların məhduddur. Bunu xüsusi ilə qeyd edirəm. Fransanın bölgə ilə geotəması yoxdur. Qafqaz heç vaxt Fransanın oyun alanı olmayıb. Sadəcə olaraq Fransa yaranmış durumdan istifadə edərək müxtəlif cəbhələrdə Rusiya və Türkiyənin, həm də Azərbaycanın üzərinə getmək istəyir. Ermənilər fransızların türk-müsəlman aləminə qarşı qədim müttəfiqləridir. Səlcuqlulara qarşı fransızlarla birgə xaçlı ordularında vuruşmuş erməni Kilikiya çarları Parisdə Fransa kralları ilə birlikdə dəfn edilib. Ermənilər Osmanlıya qarşı müharibədə də Maraşda Fransa ilə birlikdə cinayətlə törədiblər. Fransa üçün ermənilər bir elementdir. Xarici siyasətində istifadə edir. Makron isə son zamanlar daha çox islamofob siyasət aparır. Təbii ki, Azərbaycanın uğurları Fransanın xoşuna gəlmir. Azərbaycan öz xarici siyasətində prioritet istiqamət olaraq Türk dünyası ilə inteqrasiyanı bəyan edib. Belə bir ortamda, regionda yaranan yeni konfiqurasiya Fransanın və digər neoimperial dairələrin maraqlarına uyğun deyil. Biz nə etməliyik? Bizim üstümüzə Fransa gəlir, zaman-zaman digər dövlətlər də bizə təzyiq edirlər. Qərb bizə sanksiyalar haqqında danışır. Bizə bölgə ilə təmas edən müttəfiq və tərəfdaş lazımdır. Heç kim min kilometr uzaqdan gəlib bizə dəstək göstərməyəcək. Ona görə də, belə bir ortamda Azərbaycan və Türkiyənin birgə fəaliyyətini qoruması, koordinasiyalı fəaliyyətini davam etdirməsi zəruridir. Qərb və digər imperial dairələrin maraqlarındadır ki, Azərbaycan və Türkiyənin birlikdə qurduğu bu sistem dağılsın. Bu Fransaya da, digər dövlətlərə də imkan verər ki, daha çox Azərbaycanın üstünə gəlsinlər. Sizə Qurandan bir ayə ilə cavab vermək istəyirəm. Ali İmran surəsi 118-ci ayə : ”Ey iman gətirənlər! Siz-lərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik". 

Ekspert əlavə edib ki, Fransa olimpiadasında söylənənlər hələ onların dilləri ilə ifadə etdikləridir:  “Bir də ola bilər Fransanı həm də Türkiyə Prezidenti Ərdoğanın açılışla bağlı sözləri də narahat edib. Azərbaycan isə Fransa üçün təbii ki, dost ola bilməz. Müəyyən hallarda tərəfdaş ola bilər. Halbuki Azərbaycan hər zaman Fransa ilə normal münasibətlərin qurulmasına can atıb. Çünki Fransa nüvə beşliyindən biridir. Fransanın oyun alanı Afrika, qismən Yaxın Şərqdə Livandır. Fransadan qorunmaq lazımdır. Fransa beynəlxalq təşkilatlarda bizə qarşı çıxa bilər və onun hərəkətləri bizə ziyan edə bilər. Amma meydanda Fransanın hərəkətləri, sahədəki fəaliyyəti Azərbaycana ciddi problem yaranmasına səbəb ola bilməz. Bir də biz bir daha onu görürük ki, demokratik Qərb lazım olanda idmanı da siyasiləşdirə bilir. Azərbaycan ona görə diqqətli olmalı, qurduğu konfiqurasiyaları qorumalı, Türkiyə ilə və türk dünyası ilə münasibətləri daha da dərinləşdirməlidir. Eyni zamanda, daxili siyasi ideoloji vəziyyət nəzarətdə saxlanılmalı, mühafizəkar siyasətin yeridilməsi əsas alınmalıdır”.

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziyası olan “France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib.

Musavat.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyindən bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı “France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.

Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.

“Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan France 2 telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik”, - nazirlikdən bildirilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR