Onlayn ictimai-siyasi qəzet
Deputat: “Dəməşq və Homs bölgələrində əhaliyə göstərilən köməkliklər ondan xəbər verir ki...”
Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir. Son olaraq 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ukraynaya 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olmaqla, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edib. Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramı həyata keçirilir. Azərbaycan Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək verir.
Qurban bayramında Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu il iyunun 7-8-də müqəddəs Qurban bayramı münasibətilə “Qardaş Suriya xalqına Azərbaycan xalqından ən səmimi təbriklər” şüarı altında əhəmiyyətli dağıntılara məruz qalmış Dəməşq şəhəri, Homs əyaləti və onun ətraf ərazilərində xeyriyyə aksiyası təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, eləcə də Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə müharibədən zərərçəkmiş 320 ailəyə qurbanlıq heyvanların əti verilib. Xeyriyyə aksiyasının təşkilində Suriya Həyat Fondu könüllü qrupları da iştirak edib.
Qurban bayramının ilk günü Dəməşq, ertəsi gün isə Homs ətrafındakı bölgələrdə ərəb, türkmən, çərkəz və ələvi ailələrinə sovqat verilib. Bu ailələrin əksəriyyəti uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar olub. İki gün ərzində 1500-ə yaxın insan göstərilən yardımdan yararlanıb. Ailələr Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlıqlarını bildirib, xoş arzularını çatdırıblar.
Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında humanitar tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Suriya xalqına 200 ton humanitar yardım göndərmişdi. Bundan əlavə, AİDA-nın dəstəyi və Suriyadakı səfirliyin təşkilatçılığı ilə bu il martın 25-27-də Dəməşqdə 1000 kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil olunub.
Qeyd edək ki, fevral ayında Azərbaycan 12 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmiş, müvəqqəti işlər üzrə vəkil Elnur Şahhüseynov Dəməşqdəki səfirlikdə fəaliyyətinə başlayıb. Azərbaycan Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə çalışır və bunu ilk günlərdən etibarən bəyan edib. Bunu həmçinin son aylarda baş tutan səfərlər və görüşlər kontekstində də sezmək mümkündür. Antalya Forumu çərçivəsində Prezident İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkan oldu. Bundan əlavə, Bakı bu istiqamətdə ciddi diplomatik fəaliyyət də göstərir. Belə ki, Bakıda İsrail-Suriya, Türkiyə-İsrail danışıqları da olub.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”da dövlətimizin hər zaman belə mövzulara xüsusi həssaslıqla yanaşdığını qeyd etdi: “Öncəliklə onu qeyd edim ki, humanitar siyasət hər zaman Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olub və ölkəmiz bu siyasətə daim sadiq qalıb. Həmin strategiyanın ən gözəl, ən bariz nümunələrindən biri isə dövlətimizin pandemiya dövründə sərgilədiyi fəaliyyətdir. Yəni məlum proses davamlı xarakter daşıyır və Azərbaycan öz xoşməramlı addımları ilə hər zaman, hər kəsə örnək olub. Ayrıca, diqqətinizi çəkmək istədiyim xüsusi bir məqam da var: Uşaqlar! Bu dünyanın ən günahsız, ən saf varlıqları. Hansı ki, humanitar siyasətin başlıca prinsipi məhz onların mühafizəsi, qorunması olmalıdır və bu istiqamətdə də dövlətimiz yetərincə böyük işlər görür. Yəqin münaqişədən əziyyət çəkən ukraynalı uşaqlar üçün Azərbaycan dövlətinin hazırladığı və qısa müddət ərzində reallaşdırdığı "tibbi və sosial-psixoloji reabilitasiya proqramları" hər kəsin xatirindədir. Bax, bu təşəbbüs dünya və bəşəriyyət adına yeni bir addım idi və ona görə də hamı tərəfindən obrazlı desək, ayaq üstdə alqışlanır. Eləcə də Suriyalı uşaqlara edilən yardımlar. Həm də minlərlə uşağa! Yaşadığımız həyatda uşaq üzü güldürməkdən gözəl, müqəddəs nəsə varmı? İnanmıram. Çünki onlar müharibənin, münaqişənin, dövlətlərarası problemin, siyasi çəkişmələrin nə olduğunu bilmirlər. Və çox təəssüf ki, həmin uşaqların müəyyən bir qismi bu mövzuları, ümumiyyətlə heç zaman da bilmədən, dərk etmədən həyatla vidalaşırlar. Mən əsasən uşaqlardan danışdım. Amma heç şübhəsiz ki, Azərbaycanın humanitar siyasəti daha geniş masştabdadır və son olaraq Suriyaya edilən yardımlar, Dəməşq və Homs bölgələrində əhaliyə göstərilən köməkliklər də ondan xəbər verir ki, bizlər üçün insan faktoru hər zaman olduğu kimi ən əsas, ən vacib faktor olaraq qalır və bundan sonra da dövlətimiz belə mövzulara daim xüsusi həssaslıqla yanaşacaq".
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli postsovet məkanında Ukraynaya ən çox dəstək verən ölkə Azərbaycan olduğunu söylədi: “2020-ci il müharibəsindən sonra Azərbaycanın dünyada nüfuzu qalxdı. Artıq Azərbaycan təkcə neft ölkəsi kimi deyil, həm də güclü ordusu olan bir dövlət kimi qəbul olunmağa başlanıb. Təkcə varlı deyil, həm də güclü olmaq lazımdır ki, sənə hörmət etsinlər. Güclü dövlətin dəstəyi də hər kəsə lazımdır. Azərbaycan əvvəllər də humanitar yardımlar edirdi, amma indiki durumumuz daha fərqlidir. Çünki yuxarıda qeyd etdiyim kimi, müharibədə qalib gəlmiş dövlət statusundayıq. İndi Azərbaycanın dəstəyi birin-ikiyə bərabərdir. Yəni daha önəmli və əhəmiyyətlidir. Postsovet məkanında Ukraynaya ən çox dəstək verən ölkə Azərbaycandır. Düzdür, Ukraynada bunun qədrini o qədər də çox bilmirlər. Görünür, həm də gördüyümüz işlərin təbliğatını yaxşı apara bilmirik. Hesab edirəm ki, Suriya ilə vəziyyət daha səmərəli olacaq. Suriya qardaş müsəlman ölkəsidir. Həm də təbii müttəfiqimiz Türkiyə ilə çox yaxındır. Ümumiyyətlə, Azərbaycanın başqa dövlətlərə yardımları həm də ölkəmizin nüfuzunun artmasına gətirib çıxarır. Üstəlik, yardım etdiyimiz yerlərə təsir rıçaqlarımızı artırır. Ona görə bu cür halları müsbət qiymətləndirirəm. Bu məsələdə zəif yerimiz gördüyümüz işin təbliğatıdır. Nümunə kimi Ukraynanı yuxarıda qeyd etdim. Səfirliklər, konsulluqlarımız bu işdə axsayırlar. Diaspora komitəmiz də bu məsələdə sorumludur. Güman edirəm ki, bu yöndə çatışmazlıqlarımız tezliklə aradan qalxacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ