Onlayn ictimai-siyasi qəzet
Ekspertlər də dəyişiklik tərəfdarıdır; deputat: “İşğal məsələsi ilə bağlı müddəalar oradan çıxarılmalıdır”
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da bəzi ölkələr hərbi doktrinalarına yenidən baxmalı oldular. Əksəriyyəti isə bu sənəddə əsasən yeni təhdidlər ətrafında yeni yanaşma ortaya qoymağa başladı.
Məlumdur ki, 2010-cu ilin iyun ayının 8-də Milli Məclis Azərbaycanın Hərbi Doktrinasını qəbul edib.
Hərbi doktrina 8 bölmə və 75 maddədən ibarətdir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
“Hərbi doktrinanın məğzində duran birinci məsələ Qarabağın işğaldan azad olunması idi. Şükürlər olsun ki, biz bu məsələni həll etdik, Qarabağ işğaldan azad olunub və hesab edirəm ki, artıq həmin doktrinaların dəyişməsinin zamanı gəlib”.
Bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Modern.az saytına müsahibəsində deyib.
“Konstitusiyamıza və hərbi doktrinamıza müvafiq olaraq biz müdafiə xarakterli siyasət aparmışıq. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, Silahlı Qüvvələrimiz yalnız Azərbaycanın müdafiəsi ilə məşğuldur. Bizim heç vaxt kiməsə hücum etmək niyyətimiz olmayıb, olmayacaq da. Çünki bizim siyasətimiz sülh siyasətidir. Amma dediyiniz məsələdə həqiqət var ki, həmin sənədlərə bir çox korrektələr olunmalıdır və zaman-zaman da olunacaq”, - deyə o əlavə edib.
Bəzi ekspertlərə görə, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin də hərbi doktrinada əks olunmasının zamanı çatıb. Hərbi doktrinaya əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bununla belə, hərbi-siyasi vəziyyətdə köklü dəyişiklik baş verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə vermək hüququnu özündə saxlayır. Regionda artan təhdidlər, ümumiyyətlə, dünyadakı mövcud hərbi-siyasi qarşıdurmaların artdığı zamanda Şuşa Bəyannaməsinin hərbi doktrinada əks olunmasının vacibliyi vurğulanır.
Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualını cavablandırmışdı. Dövlət başçısı buna ehtiyac olmadığını demişdi. “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə Azərbaycan lideri vurğulayıb.
Aydın Mirzəzadə
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Aydın Mirzəzadə “Yeni Müsavat”a deyib ki, hər bir doktrina istənilən ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi üçün əsas sənəddir: “2010-cu ildə Azərbaycan həmin dövrün situasiyasına uyğun olaraq çox ciddi və hərtərəfli hazırlanmış bir dövlət sənədi qəbul etdi. Həmin sənədin əsas məqsədi Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi idi. 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Yəni bu gün suveren Azərbaycan üçün işğal faktoru yoxdur. Ona görə də, əlbəttə ki, hərbi doktrinaya yenidən baxmaq zərurəti yaranır. Düzdür, onun əsas funksiyaları, əsas istiqamətləri dəyişməyəcək. Amma situasiya dəyişib. Artıq işğal məsələsi ilə bağlı müddəalar oradan çıxarılmalıdır. Eyni zamanda ötən 15 il ərzində hərbi quruculuq sahəsində yeni məsələlər də ortaya çıxır. İnformasiya və kommunikasiya texnologiyaları bu gün həyatın bütün sahələrinə, o cümlədən hərbi quruculuq sahəsinə də daxil olur. Hibrid müharibələri bu gün hərb səhnəsində əsas faktorlardan birinə çevrilir. Eyni zamanda hərbi doktrinamıza edilən dəyişikliklərdə biz suverenliyimizə mümkün ola bilən təhlükənin aradan qaldırılması üçün əvvəlcədən hazırlıq məsələlərini də əks etdirməliyik. Hesab edirəm ki, bu məsələlər nəzərdən keçiriləcək və müəyyən bir müddətdən sonra bununla bağlı artıq mövqe ortaya qoyulacaq. Ən önəmlisi isə Cənab Prezidentimizin, Ali Baş Komandanın rəhbərliyi altında vaxtilə hazırlanmış hərbi doktrinanın əsas istiqamətləri yerinə yetirildi. Tarixi bir missiya həyata keçirildi və bundan sonra edilən dəyişikliklər də Azərbaycan dövlətini daha güclü və qüdrətli edəcək”.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, hərbi doktinamızı yeni dövrə uyğunlaşdırmağa ehtiyac var: “2010-cu ildə qəbul olunmuş hərbi doktrina həmin dövrün şəraitinə, yaratdığı şərtlərə və eyni zamanda perspektivə hesablanmışdı. Düşünürəm ki, mövcud hərbi doktrina həmin dövr üçün kifayət qədər əhatəli və milli təhlükəsizliyimizə cavab verən sənəd idi. Amma bu gün dünyada baş verən proseslər, davam edən müharibələr və silahlı toqquşmalar, situasiyaya uyğun yaranmış yeni şərtlər sənədə yenidən baxmağı tələb edir. İşğal olunmuş torpaqlarımız azad olunsa da, Ermənistanla hələ də sülh müqaviləsi bağlanmayıb, hətta gələcəkdə bu müqavilə bağlanılsa da, sonradan Azərbaycana qarşı yenidən ərazi iddialarının baş qaldıracağı təhlükəsi qala bilər. Digər tərəfdən, əvvəllər Azərbaycana təhlükə kimi əsas Ermənistan göstərilirdisə, bu dövrlər digər sərhəd qonşularımızla zaman-zaman yaranan gərginliklər yeni təhlükə ocaqlarının ola biləcəyindən xəbər verir. Hazırda Rusiya və İran böyük dünya dövlətlərinin hədəfindədir və proseslərin hansı istiqamətdə gedəcəyi sual altındadır. Ukrayna müharibəsinin necə yekunlaşacağı və davam edəcəyi halda konfliktə kimlərin qoşulacağı hələ məlum deyil. İstənilən halda regionda qaynayan qazanın buxarının bizə də dəyəcəyi şübhəsizdir. Bunu önləmək və milli təhlükəsizliyimizi təmin etmək üçün hesab edirəm ki, hərbi doktinamızı yeni dövrə uyğunlaşdırmağa ehtiyac var. Bu doktirinada Azərbaycanın müttəfiqləri ilə bağlı xüsusi yanaşma öz əksini tapmalıdır. Biz görürük ki, tez-tez istər İrandan, istərsə də son zamanlar Rusiyadan ölkəmizə yönəlik təhdidlər olur. Bu təhdidləri neytrallaşdırmaq və real təhlükəyə çevirilməsinin qarşısını almaq üçün ilk növbədə hərbi sahədə əməkdaşlıq etdiyimiz ölkələrlə işləri daha da inkişaf etdirməliyik. Bu sahənin hərbi doktrinada əks olunması isə təhdidləri arxa plana ata bilər. Bunun üçün Azərbaycanda müttəfiqlərimizn hərbi bazalarının olması hələ o qədər vacib deyil. Vacib olan ikitərəfli hərbi ittifaqların və öhdəliklərin olması və hər hansı təhlükə zamanında dərhal birgə müdaxilə olunması imkanlarıdır. Belə bir müqavilə Şuşa Bəyannaməsi adı altında Türkiyə ilə mövcuddur. Bunu Pakistanla və bizə yaxın olan digər dövlətlərlə də həyata keçirmək mümkündür. Bundan sonra isə ən əsası çoxsaylı hərbiçilərin iştirakı ilə müttəfiqlərimizlə birgə mütəmadi hərbi təlimlər keçirilməlidir. Yəni hərbi doktrinamıza bu günün tələblərinə uyğun əlavə və dəyişikliklərin olunması indiki dövr üçün ölkəmizin təhlükəsizliyinə xidmət edər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ