İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının GUAM-a sədrliyi - Rusiyanın işğalına məruz qalan üç dövlətin olduğu platforma...

2024-cü il üçün təşkilata sədrliyin Azərbaycana keçməsi, büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub; ekspert: “GUAM-da sədrlik uğurlu ola bilər, çünki...”

Azərbaycana münasibətdə bəzi Qərb ölkələrinin və təsisatlarının qərəzli münasibəti illər keçsə də, dəyişmir. Bu sırada bəzi Avropa ölkələri ilə yanaşı Avropa Şurası, Avropa Parlamenti, “Sərhədsiz Reportyorlar” kimi qurumlar da var. 

2024-cü ildə daha bir təşkilatın - GUAM-ın sədrliyi Azərbaycana keçəcək. Xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edərkən dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini qeyd edib. Bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyi vurğulanıb. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran nazir Ceyhun Bayramov ölkəmizin sədrliyi dövründə təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Xüsusilə region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə edilməsinin, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb.

Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil edilməsinin nəzərdə tutulduğu bildirilib. Postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edən nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsinin sülh prosesi gedişatında vacib inkişaflardan biri olduğunu qeyd edib. Görüş zamanı həmçinin 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub. Hazırkı mərhələdə, dünyada və regionda gedən proseslərin fonunda GUAM-ın da əhəmiyyəti təbii olaraq artıb. Bu təşkilatın imkanları, görə biləcəyi işlər nədən ibarət ola bilər? Azərbaycan sədrliyi dövründə hansı təşəbbüslərlə çıxış etməlidir? Çünki üzv ölkələrdən üçü Rusiya ilə düşməndir, onun işğalına məruz qalıb. Faktiki olaraq, Moldovanın Dnestryanı ərazilər, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri var, Ukraynanın isə Rusiya ilə iki ilə yaxındır ki, müharibəsi davam edir. Burada yalnız Azərbaycan GUAM dövlətlərindən Rusiya ilə normal əlaqələrə malikdir. Bu prizmadan yanaşanda təşkilatın fəaliyyəti hansı imkanlar vəd edir?

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də  təhlükəlidir" » Newscenter.az

Xəyal Bəşirov

Bu mövzuda “Yeni Müsavat”a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov qeyd etdi ki, həmin üzv ölkələr GUAM-da təmsilçilik səbəbindən Rusiya ilə problem yaşamayıblar: “Onların Rusiya ilə kəskinləşən əlaqələri başqa siyasi faktorlarla bağlıdır. Azərbaycana gəldikdə, biz başqa platformalarda, nüfuzlu təşkilatlarda təmsil olunuruq. Təkcə BMT-Azərbaycan əlaqələrinə nəzər yetirsək, bunu görə bilərik. Eləcə də Qoşulmama Hərəkatındayıq və 2019-cu ildən təşkilata sədrlik edirik, orada Qadınlar Şurası yaradılmasına nail olmuşuq. Həmçinin Türk Dövlətləri Təşkilatında Azərbaycan var, İslam Əməkdaşlıq Təşkilatında yer alırıq. Yəni bu prizmadan baxanda GUAM-da sədrlik uğurlu ola bilər”. Ekspertin sözlərinə görə, o təşkilatda yalnız Azərbaycanın Rusiya ilə münasibətlərinin normal olması əlavə dividentlər qazandırır: “Belə ki, Bakı həmin dövlətlərin Rusiya ilə problemlərinin həllində vasitəçi ola bilər. Hər şey prosesə baxış tərzindən asılıdır. Azərbaycan bütün ölkələrlə normal münasibət qurmağın tərəfdarıdır, eləcə də Ermənistanla normallaşma prosesi üçün danışıqlar aparır”. 

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub. GUAM iştirakçılara Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq üçün qarşılıqlı əməkdaşlıqdan istifadə etməyə kömək etmək üçün yaradılmışdı. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR